Məhkəmə qərarları › İş №e-2(058)-599/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-599/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-599/2024 29.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məhkəmə iclas katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 4054.15 manat əsas, 0.02 faiz olmaqla ümumilikdə 4054.17 manat borcun, kart limiti üzrə 1281.12 manat əsas borcun və ödənilmiş 73.36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM**********98 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 21%-lə, 48 ay müddətinə 6700 manat nəğd kredit verilmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM**********38 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 36 ay müddətinə illik 24 faiz olmaqla 1900 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş nəğd kredit üzrə 4054.15 manat əsas borcu, vəfat etdiyi tarixə 0.02 manat faiz borcu, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 banka ödənilməmiş kart limiti üzrə 1281.12 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf sey göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, atasından ona qalmış miras 2638 manat puldan ibarətdir, yəni onun qəbul etdiyi miras əmlakın kütləsi atasının kreditora olan borcundan azdır. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2020-ci il tarixli, BPM **********98 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən borcalana 48 ay müddətinə illik 21 faiz hesabı ilə 6700 manat borc verilmişdir. Maliyyə arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixli, BPM **********98 nömrəli kredit müqavilə üzrə xx.xx.2024-cü il tarixədək borcundan 2645.85 manat əsas borc, 2235.62 manat faiz borcu olmaqla ödəniş etmişdir, onun 4054.15 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2020-ci il tarixli, BPM **********38 nömrəli tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış həmin müqaviləyə əsasən X5 illik 24 faiz olmaq şərtilə 15000 manatadək kredit limiti ayrılmışdır. Maliyyə arayışından görünür ki, X6 xx.xx.2020-ci il tarixli, BPM **********38 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ayrılmış limitdən 3391.64 manat istifadə etmiş, onun xx.xx.2024-cü il tarixədək həmin borcdan 2110.52 manat əsas borcdan ödəniş etmiş, 1281.12 manat ödənilməmiş borcu qalmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə irs almalı olduğu, miras əmlakın X4 adına "xxxx" QSC-də qalan 1952.74 manat və Dövlət Sosial Müdafiə Fondundan alınacaq 686.40 manat pul vəsaitindən ibarət olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM**********98 nömrəli kredit müqaviləsi, həmçinin xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli BPM**********98 nömrəli kredit müqaviləsinə əsasən X5 illik 21 faizlə 48 ay müddətinə 6700 manat borc verilmiş, xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı tam kart çərçivə müqaviləsinə əsasən isə illik 24 faiz ödəmək şərtilə 15 000 manatadək kredit limiti ayrılmışdır. X1 xx.xx.2021-ci il tarixdə ölmüş və onun xx.xx.2020ci il tarixli BPM**********98 nömrəli kredit müqaviləsi üzrə 4054.17 manat, xx.xx.2020-ci il tarixli, BPM**********38 saylı tam kart çərçivə müqaviləsi üzrə 1281.12 manat borcu qalmışdır. Hazırda isə iddiaçı həmin borcu mərhum X4 vərəsəsi, yəni oğlu Cavabdeh tələb edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia borcun ölmüş şəxsin vərəsəsindən tutulması ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin həm borc münasibətlərini tənzimləyən normaları, həm də vərəsəlik hüquq münasibətlərini tənzimləyən müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, X4 "xxxx" ASC-nə xx.xx.2020-ci il tarixli BPM**********98 nömrəli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, BPM **********38 nömrəli kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, sözügedən kredit müqaviləsi üzrə X1 vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış əmlakı cavabdeh (mərhumun oğlu) qəbul etdiyindən və hazırda vərəsə miras qoyanın əmlak vəzifələrinə (miras passivinə) dair qəbul etdiyi miras həcmində öhdəlik daşıdığından mülki qanunvericiliyin tələbləri baxımından borc cavabdehdən qəbul etdiyi miras həcmində tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 73.36 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin olunduğundan məhkəmə ödənilmiş 73.36 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, BPM **********98 nömrəli kredit müqaviləsi üzrə 4054.15 manat əsas, 0.02 manat faiz olmaqla ümumilikdə 4054.17 (dörd min əlli dörd manat on yeddi qəpik) manat borc, xx.xx.2020-ci il tarixli, BPM **********38 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 1281.12 (bir min iki yüz səksən bir manat on iki qəpik) manat əsas borc Cavabdeh qəbul etdiyi miras həcmində tutularaq "xxxx" ASC-nə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 73.36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar