Məhkəmə qərarları › İş №e-2(058)-654/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-654/2025

19.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-654/2025 19.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı «X4 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «X4 Azərbaycan» QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 45388.83 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 7544.91 manat pulun və 95.44 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" QSC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 aprel 2016-cı il tarixində «X4 Azərbaycan» QSC (Bank) ilə Cavabdeh2 (Borcalan) arasında 106554/2 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 avtomobil almaq məqsədi ilə 41900 AZN (qırx bir min doqquz yüz manat) məbləğində pul ayrılmışdır və o, 36 (otuz altı ay) ay müddətində kreditin əsas məbləği və ona illik 18% faiz (on səkkiz faiz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh1 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşdülər. Borcalanın 106554/2 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 12 aprel 2016-cı il tarixində «X4 Azərbaycan» QSC ilə "İpoteka qoyan" "Borcalan" Cavabdeh2 arasında 106554/2 №-li İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 2013-cü il buraxılış tarixli, mühərrik 8512357, ban JTEBX3FJX0K126226 olan, **-EZ-*** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli "Toyota Prado" minik markalı nəqliyyat vasitəsi ”X4 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. “X4Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, lakin Cavabdeh2 və zamin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdir. Lakin, öhdəliklər cavabdehlər tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-619/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 Cavabdeh1 cəmi 45388,83 manat pul vəsaiti iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 "X3-Prado" minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Gəncə Şəhəri üzrə İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak X1 nəticələri barədə xx.xx.2021-ci il tarixli 51/02 saylı yekun Protokola əsasən 32512,50 manata "xxxx" QSC tərəfindən əldə edilmişdir. Cavabdeh(lər)in xx.xx.2019-cu il tarixə əsas borc üzrə 45388,83 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlər xx.xx.2019-cu ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən dəymiş maddi ziyan olaraq 7544.91 manat hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyinin üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla xx.xx.2019 tarixindən xx.xx.2021 tarixinə qədər – 5282.70 manat (gecikmə gün sayı - 838 ) xx.xx.2021 tarixindən xx.xx.2025 tarixinə qədər - 2262.21 manat (gecikmə gün sayı - 1265) olmaqla ümumilikdə cəmi 7544.91 manat təşkil edir. İddiaçı «X4 Azərbaycan» QSC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh1 göndərilən məhkəmə bildirişi onlara çatmadığından məhkəmə tərəfindən məhkəmə bildirişi cavabdehlərin axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin surətindən görünür ki, apellyasıya şikayəti qismən təmin edilmiş. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1355/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 41198.87 manat əsas borc, 4092.96 manat faiz məbləği, 50 manat cərimə məbləği, 16.5 manat poşt xərci və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45388.83 manat pul tutularaq “X4 Azərbaycan” QSC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus “Toyota Prado” markalı,**-EZ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin və avtomobil açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına təmin edilsin. İpoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 51000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “X1 X2 № 51/02” görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti 5100 manat olmuş , ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti 43350 manat, daha sonra ipoteka predmetinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən %25 aşağı olan qiyməti 32512.5 manat olmuşdur. Nəticədə ipoteka predmeti “YapıKredi Bank Azərbaycan QSC” tərəfindən əldə edilmişdir. İş materiallarına əlavə edilmiş maliyə arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2016-cı il tarixli 106554/2 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-cı il tarixə illik 5 faiz hesablanmış ümumilikdə cəmi 7544.91 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qətnaməsi icra olunmadığından tələbkara dəymiş ziyana görə ümumilikdə 7544.91 manat pulun 3 iş günü müddətində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki,...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit borcunu vaxtında ödəməyərək, icranı gecikdirməklə banka faktiki olaraq zərər vurmuşlar. Ona görə ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etməklə fəaliyyət göstərir. Cavabdehlər kreditora ödəməli olduqları pul vəsaitini vaxtında ödəmiş olsaydılar, kreditor həmin pul vəsaitinin digər şəxslərə faizlə verilməsi nəticəsində mənfəət əldə etmiş olacaqdı. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilmişdir. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Həmçinin qeyd olunmalıdır ki, sözügedən normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin öhdəliklərinin icrasını gecikdirməsi, eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsinin cavabdehlər tərəfindən uzun müddət icra olunmaması iddiaçını hazırki iddia tələbini irəli sürməkdə haqlı edir. Belə olan halda iddia əsaslı hesab olunmaqla təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların müştərək qaydada banka ödəməli olduqları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində banka dəymiş zərərin əvəzi kimi 7544.91 manat pul alınaraq iddiaçı "xxxx" QSC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7544.91 manat pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95.44 manat pul tutularaq iddiaçı «X4 Azərbaycan» QSC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar