Məhkəmə qərarları › İş №e-2(058)-726/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-726/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-726/2024 15.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə M Ü ƏYYƏ N ETDİ: İddiaçı MMC-ti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 270 manat, cərimə 30 manat, cəmi 300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "İnternet-2007” MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "İnternet-2007” MMC-nin təsisçisi, Nümayəndə Cavabdeh ilə 31 avqust 2023-cü il tarixində 51 nömrəli kredit-satış müqaviləsi bağlamışlar. 31 avqust 2023-cü il tarixində 51 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh "XİYOMİ NOT 12” markalı telefonu 5 ay kreditlə 550 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 280 manat ödənilmiş, lakin hazırda qalan 270 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, Nümayəndə telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. O buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin onu da qeyd edir ki, Quliyev X2 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 31 avqust 2023-cü il tarixində 51 nömrəli müqavilələrdən yaranan 270 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 30 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş cavabdehin sənədlərdə göstərilən ünvanına qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, № 51 müqavilənin və həmin müqavilənin tərkib hissəsi olan Əlavə №1-in surətindən görünür ki, İddiaçı MMC "XİYOMİ NOT 12” markalı telefon Cavabdeh (müştəri) ilkin ödəniş 80 manat olmaqla, qalan borcu 470 manat hissəsini, 5 ay müddətinə hər ay 100 manat, sonuncu ay isə 70 manat olmaqla hissə-hissə ödəniş etmək şərtilə 550 manat dəyərində "XİYOMİ NOT 12” markalı telefon satmışdır. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, № 51 müqavilənin tərkib hissəsi olan Əlavə №2-nin surətindən görünür ki, Cavabdeh 51 nömrəli müqaviləyə əsasən "XİYOMİ NOT 12” markalı telefon təhvil almışdır. İş materiallarında olan "İnternet-2007” MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş arayışın surətindən görünür ki, 31 avqust 2023-cü il tarixli müqavilə üzrə cavabdehin 270 manat məbləğində ödənilməmiş əsas borc, 30 manat cərimə olmaqla, cəmi 300 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2023-cü il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqısatqı müqaviləsidir. Ona görə də, hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567- ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında 31 avqust 2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulun dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sübutlardan aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Cavabdehin əşyanı əldə etməsi iş materialları ilə sübut edilir, lakin cavabdeh müqavilə şərtlərini pozmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Hazırda cavabdehin alqı-satqı müqaviləsi üzrə 270 manat məbləğində qalıq borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən, müqavilə üzrə ödəmələr mal təhvil verilməmişdən əvvəl alıcı tərəfindən Əlavə-2 də göstərilən qaydada ödəmələr gecikdirilərsə alıcı hər ay üçün gecikdirilmiş məbləğdən Müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi satıcıya ödəməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cərimənin müəyyən edilmiş məbləği 30 manat əsas borca nisbətdə münasib olmadığından azaldılmalı və 5 manat müəyyən edilməlidir. Məhkəmə iddianın tələbini dövlət rüsumunun tutulması hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31 avqust 2023-cü il tarixli müqavilə əsasən əsas borc üzrə 270 manat, cərimə 5 manat, cəmi 275 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar