Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-738/2025 09.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 1700 (bir min yeddi yüz) manat məbləğində pulun, həmçinin ödənilmiş 37 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır, aralarında yaxşı münasibət olmuşdur. Cavabdehə 2023-cü ilin iyul ayında 2000 (iki min) manat borc pul vermiş və cavabdeh sözügedən borcu bir ay müddətində qaytaracağını bildirmişdir. Lakin cavabdeh sözügedən borcdan cəmi 300 manat qaytarmışdır. Cavabdehlə aralarında “Whatsapp” proqramı vasitəsi aparılmış yazışmalar və audio səs yazıları mövcuddur. Bundan əlavə cavabdehə pul verən zaman qohumu X1 da pulun verilməsinə şahid olmuşdur. Dəfələrlə o cavabdehdən pulunu tələb etməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Ona görə də o, məcbur olub pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək maddi imkansızlık səbəbindən borcunu ödəyə bilmədiyini və tələbin təmin olunmasına etirat etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş audio-video yazıdan görünür ki, Cavabdeh İddiaçı olan borcunu yaxın zamanda qayataracağına dair vəd verir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və onlar arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdeh öhdəliyini tam icra etməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini etiraf edərək iddia tələbinin əsaslı olmasını təsdiqləmişdir. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehdən öhdəliyinin tam şəkildə icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1700 (bir min yeddi yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-738/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-738/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver