Məhkəmə qərarları › İş №e-2(058)-755/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-755/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-755/2025 22.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh BPM**********24 nömrəli xx.xx.2024cü il tarixli istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 3597.81 manat kredit borcunun, BPM**********57 nömrəli xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 140.65 manat əsas, 1.81 manat faiz borcu olmaqla, cəmi 142.46 manat kredit borcunun, ödənilmiş 57.41 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1nun "Azərbaycan Beynəlxalq Bankı” ASC-ti ilə bağladığı BPM**********57 nömrəli 04. 05.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən 300 manat məbləğində kart krediti limiti və BPM**********24 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinə əsasən 4700 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Samux rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 47 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Samux rayon Notariat Ofisi tərəfindən X2 mıras əmlakına dair ünvan 1i ünvanında qeydiyyatda olan atası-Cavabdeh ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcaları həmin müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən X2 vəfat etdiyi tarixə banka ödənilməmiş qalan 140.65 manat əsas, 1.81 manat faiz borcu qalmışdır. xx.xx.2025-ci iİ tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X2 vəfat etdiyi tarixə banka ödənilməmiş qalan 3597.81 manat əsas borcu qalmışdır. Cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC-ti qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini hazırki günədək tam şəkildə yerinə yetirməmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(058)-755/2025 nömrəli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli BPM**********57 nömrəli tam kart müqaviləsindən görünür ki, "xxxx" ASC-ti tərəfindən X3 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kart kredit limiti verilmişdir. xx.xx.2024-cü il tarixli BPM**********24 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-ti tərəfindən X3 30 ay müddətinə illik 19.9 faiz dərəcəsi ilə 4700 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Samux rayon notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 adına vərəsəlik işi açılmışdır, xx.xx.1966-cı il tarixdə anadan olmuş, ünvan 1ində qeydiyyatda olan Cavabdeh X2 vərəsəsidir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixədək X2 banka ödənilməmiş əsas borcu 3597.81 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixədək X2 banka ödənilməmiş əsas borcu 140.65 manat, ödənilməmiş faiz borcu 1.81 manat, cəmi kredit üzrə borcu 142.46 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-ti tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehdən sözügedən kredit müqavilələri üzrə yaranmış öhdəliyin tam şəkildə yerinə yetirilməsi xahiş olunmuş, öhdəliyin yerinə yetirilməyəcəyi təqdirdə iddiaçı tərəfindən 3 gün müddətində məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC-ti ilə mərhum borcalan X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 300 manat məbləğində kart kredit limiti və xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinə əsasən 4700 manat məbləğində nağd kredit verilmişdir. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunsa da, borcalan əsas borc ödəmələrini gecikdirmişdir. Nəticədə borcalanın kreditora nağd kredit üzrə 3597.81 manat və kart kredit limiti üzrə 140.65 manat əsas, 1.81 manat faiz borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, borcalan X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür və atası Cavabdeh onun vərəsəsi tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə kredit borcunun ödənilməsi üzrə əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin borcla bağlı, habelə borcalan öldüyü üçün vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan xx.xx.2022-ci il tarixli tam kart müqaviləsindən və xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni Mülki Məcəllənin 390cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilələrin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilələr nəticəsində iddiaçı "xxxx" ASC-ti kreditor, mərhum X4 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materialları ilə müəyyən edilir ki, kreditor müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmiş, lakin mərhum borcalan X4 müqavilələrin şərtlərini pozaraq öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır. Hazırda isə borcalan vəfat etmişdir. Lakin bu iddianın təmin edilməməsini şərtləndirmir. Belə ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Məhkəmə göstərir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 503-cü maddəsində göstərilmişdir ki, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh nağd kredit üzrə 3597.81 manat, kart kredit limiti üzrə 140.65 manat əsas borc, 1.81 manat faiz borcu, cəmi 142.46 manat tutularaq, "xxxx" ASC-nin xeyrinə verilməlidir. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 57.41 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh nağd kredit üzrə 3597.81 manat, kart kredit limiti üzrə 140.65 manat əsas borc, 1.81 manat faiz borcu, cəmi 142.46 manat, ödənilmiş 57.41 manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar