Məhkəmə qərarları › İş №e-2(058)-88/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-88/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-88/2025 05.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi və psixi iztirablara görə 20000 manat mənəvi təzminatın Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə onu Samux Rayon Təhsil Şöbəsinə çağırmış, və o təhsil şöbəsində olarkən Cavabdeh tərəfindən təhqirlərə məruz qalaraq, döyülmüşdür. Bunun nəticəsində huşunu itirmiş və ona iki dəfə təcili tibbi yardım briqadası Samux rayon təhsil şöbəsinə gəlsə də, vəziyyətini düzəldə bilməmişlər və onu Gəncə Şəhər Kardioloji xəstəxanasına təxliyyə etmişlər. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə şəhər Kardioloji xəstəxanasında stasionar şəraitdə müalicə almış, ona hipertonik kriz diaqnozu qoyulmuşdur. Xəstəxanadan çıxandan sonra hüquq-mühafizə orqanlarına, bütün dövlət və idarə təşkilatlarına müraciətlər etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2021-ci il tarixli, 44(01)-01-349/24 və 44(01)-01-391/2024 saylı məktubları ilə Samux Rayon Təhsil Şöbəsinin müdiri Cavabdeh tərəfindən ona və Samux rayon Qarağaclı qəsəbə tam orta məktəbinə qərəzli mövqe tutması, sağlam mühitin yaradılmaması üzrə iş aparmaması müəyyən edilmişdir. Baş vermiş hadisədən nəticə çıxarmayan Cavabdeh yenə də, ona qarşı təzyiqlər etmiş və o, xx.xx.2021-ci il tarixdə yenidən xəstələnmişdir. Xəstə olduğu müddətdə 2022-ci ilin yanvar ayında həmkarların qanunsuz yığıncağını keçirmiş, təhsil Nazirliyinə yalan məlumat verərək bildirmişlər ki, üzrsüz səbəbdən işə çıxmır. Əslində isə o, Cavabdeh xəstəliyi ilə əlaqədar olaraq teleqram ünvanlamışdır. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılması barədə əmrdə göstərilmişdir ki, İddiaçı direktor vəzifəsindən azad edilsin, Nurlana Rəhimova isə qərəzli şəkildə onu müəllim vəzifəsindəndə, azad etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2601/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilmiş, onun Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməyi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Apellyasiya və Ali Məhkəmə tərəfindən işdən çıxarılmağının qanunsuz olması bir daha təsdiq edilmişdir. Cavabdeh qərəzi nəticəsində hipertonik kriz xəstəliyinə düçar olmuş, keçirdiyi maddi və mənəvi iztirablarla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalımışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X3 iddiaçı məhkəmə iclasında iştirak etməməsinə baxamayaraq işə mahiyyəti üzrə baxılmasını tələb edərək həmçinin bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Tələbin əsaslı olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim oluna bilməmişdir, ona görə də tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, tələbinin əsaslı olduğunu bildirərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda məhkəmə iclasının yeri vaxtı barədə məlumatlı olmasına baxmayaraq iddiaçı məhhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək və hazırki münasibətləri nizama salan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırda iddianın qanuni əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını təsdiq etmək üçün sübut olaraq məhkəməyə video görüntülər təqdim etmişdir. Halbuki həmin video görüntülərdə iddiaçının iddia tələbində göstərdiyi halları, yəni ona cavabdeh tərəfindən hər hansı bir mənəvi zərərin vurulmasını təsdiq edəcək hal və fakt öz əksini tapmamışdır. Hansı ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırda isə iddiaçıya cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulması müəyyən deyil və məhkəmə araşdırması zamanı belə bir hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar