Məhkəmə qərarları › İş №e-2(058)-884/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-884/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-884/2024 28.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 nəğd kredit üzrə 1480.77 manat əsas borc, 0.01 faiz olmaqla, ümumilikdə 1480.78 manat borc, kart limiti ürə 499.89 manat əsas borc, 22.43 manat faiz olmaqla, ümumilikdə 522.32 manat borcun, ödənilmiş 41.46 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********32 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22 faizlə, 36 ay müddətinə 2000 manat nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla, 500 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Samux rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli 513 nömrəli cavab məktubundan görünür ki, X1 qalmış mirası cavabdehlər qəbul etmişlər. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyə arayışına əsasən, X2 banka ödənilməmiş nəğd kredit üzrə 1480.77 manat əsas borcu, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 banka ödənilməmiş kart limiti üzrə 499.89 manat əsas borcu, vəfat etdiyi tarixə 22.43 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq, cavabdehlərə çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini hazırki günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, mərhum X5 onun anasıdır. Anası vəfat etdikdən sonra 2022-ci il tarixdə ödəniş etmiş və qızılları bankdan götürmüşdür. Həmin ərəfədə qızıllar satılmış və həmin pulları anasının yas mərasimi üçün istifadə etmişdir. Hazırda maddi imkanı zəifdir, borcu ödəyə bilməyəcək. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş materiallarında olan: xx.xx.2020-ci il tarixli BPM**********32 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X2 arasında kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli “Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan” görünür ki, X4 36 ay müddətinə illik 24 faizlə 500 manat məbləğində kart limiti verilmişdir. xx.xx.2020-ci il tarixli BPM**********32 nömrəli “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”-dən görünür ki, X4 36 ay müddətinə illik 22 faizlə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixdə Samux rayon İHB-nın Sərkar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 adına vərəsəlik işi açılmış, xx.xx.1983cü il tarixdə anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Cavabdeh2 və xx.xx.1984-cü il tarixdə anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Cavabdeh1 mərhum X2 üzrə vərəsələridir. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X2 banka 1480.77 manat əsas borcu, vəfat etdiyi tarixə 0.01 manat faiz, cəmi 1480.78 manat borcu mövcuddur. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X2 banka 499.89 manat əsas borcu, (vəfat etdiyi tarixə) 22.43 manat faiz, cəmi 522.32 manat borcu mövcuddur. xx.xx.2022-ci il tarixli 2V-257 nömrəli vərəsəlik işindən görünür ki, X2 adına vərəsəlik işi açılmış, Cavabdeh2 və Cavabdeh1 X3 vərəsələri hesab edilmişlər. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan oğlu Cavabdeh2 və Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan qızı Cavabdeh1 miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Gəncə filialı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5ZİNAS102928702 nömrəli girov müqaviləsinə əsasən X4 məxsus 1 ədəd sep, 1 ədəd qolbağ, 1 ədəd üzük olan qızıl və zinət əşyalarından ibarətdir. xx.xx.2022-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin Başçısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüş və ölən günədək Samux rayonu, Sərkar kəndində qeydiyyatda olaraq yaşamış, vəfat edən günədək Sərkar kəndində yaşamış, öləndən sonra onun qızı - Cavabdeh1 və oğlu - Cavabdeh2 adlı ailə üzvləri qalmışdır. Mərhum ölən günədək həmin ailə üzvləri ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, "xxxx" ASC-ti ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5110***-*******01 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna müştəri vəfat etdiyi tarixdən 683 manat məbləğində ödəniş edilmiş, kredit borcu yoxdur və ödənişlər terminallardan ödənildiyi üçün kim tərəfindən ödənildiyi bilinmir. Təminat qismində girov qoyulmuş qızıl və zinət əşyalarının dəyəri xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 2086.41 manat təyin edilmişdir. Qızıl və zinət əşyaları vərəsələr tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərdən sözügedən kredit müqaviləsi üzrə borcun 3 (üç) gün müddətində ödəmələri xahiş olunmuş, öhdəlik yerinə yetirilmədiyi təqdirdə kreditor tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə mərhum borcalan X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 2000 manat məbləğində nəğd kredit və 500 manat məbləğində kart limiti verilmişdir. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunsa da, borcalan əsas borc ödəmələrini gecikdirmişdir. Nəticədə borcalanın kreditora nəğd kredit üzrə 1480.78 manat və kart limiti üzrə 522.32 manat borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, borcalan X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür və qızı Cavabdeh1 və oğlu Cavabdeh2 onun birinci növbə vərəsələri kimi tanınmışlar. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə kredit borcunun ödənilməsi üzrə əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin borcla bağlı, habelə borcalan öldüyü üçün vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilələrin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, mərhum X5 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materialları ilə müəyyən edilir ki, kreditor müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, lakin mərhum borcalan X5 müqavilənin şərtlərini pozaraq öhdəliklərin lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır. Hazırda isə borcalan vəfat etmişdir. Lakin bu iddianın təmin edilməməsini şərtləndirmir. Belə ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Məhkəmə göstərir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 503-cü maddəsində göstərilmişdir ki, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəğd kredit üzrə 1480.77 manat əsas borc, 0.01 manat faiz, cəmi 1480.78 manat, kart limiti üzrə 499.89 manat əsas borc, 22.43 manat faiz, cəmi 522.32 manat tutularaq, "xxxx" ASC-nin xeyrinə verilməlidir. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 41.46 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəğd kredit üzrə 1480.77 manat əsas borc, 0.01 manat faiz, cəmi 1480.78 manat, kart limiti üzrə 499.89 manat əsas borc, 22.43 manat faiz, cəmi 522.32 manat, ödənilmiş 41.46 manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar