Məhkəmə qərarları › İş №e-2(058)-970/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-970/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-970/2023 14.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "AtaBank’’ Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli NFPK 256 №-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh 3884,13 manat əsas, 117,49 manat faiz borcu, 0,06 manat cərimə borcu və ödənilmiş 61 manat dövlət rüsumunun əvəzinin tutularaq, ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “AtaBank'' Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli NFPK 256 №-li kredit müqaviləsinə əsasən cavabdehə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 3886 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********757 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 09 mart 2023-cü il tarixə kredit üzrə cəmi borcu 4001,68 manat təşkil edir. Bundan 3884,13 manat əsas, 117,49 manat faiz və 0,06 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Ərizəyə əlavə edilmiş iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 256NFPK nömrəli güzəştli şərtlərlə kreditin verilməsinə dair kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 5 il müddətinə illik 1% ödəmək şərti ilə 4001,68 manat məbləğində kredit verilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka olan əsas borc üzrə 3884,13 manat, faiz üzrə 117,49 manat, cəmi 4001,68 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh öhdəliyi icra etmək barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh öhdəliyini icra etmədiyindən iddiaçının birtərəfli qaydada müqaviləni ləğv etmək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Buna görə də iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 256 NFPK nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 3884,13 manat əsas borc, 117,49 manat faiz borcu, 0,06 manat cərimə olmaqla cəmi 4001,68 (dörd min bir manat altmış səkkiz qəpik) manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 (altmış bir) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar