Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-104/2024 18.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 359,71 manat məbləğində borcun və 30,45 manat dövlət rüsumu üzrə xərclərin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən abonent kodu **********000 olan Cavabdeh su təchizatı sistemindən suyun buraxılması xidməti göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla, ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 17 noyabr 2023-cü il tarixə 359,71 manat borcu yaranmışdır. Beləliklə, iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 05 dekabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu borcun ödənilməsini təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı sayğac göstəricisinə əsasən hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə sonuncunun borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc ödənilməmiş, habelə bu borc 2016-cı ildən ödənilməmiş, eyni zamanda bununla bağlı cavabdehə bildiriş verilmişdir. Bundan əlavə, hazırkı tələb üzrə iddia müddəti də ötürülməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eləcə də, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etməklə izahatında göstərdi ki, İddiaçı ASC-nin hüquqlarını təmsil etdiyi atası, Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiasını qəbul etmirlər. Belə ki, qeyd olunan borclar 30 sentyabr 2016-cı il tarixdən hesablanmaqla, köhnə dövrü əhatə edir. Bu səbəbdən də, hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddiaçı vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətini ötürdükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 01 yanvar 2010-cu il tarixli, 33543023 nömrəli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin surətindən görünür ki, bu müqavilə xidməti təqdim edənlə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 24 saylı fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədardır. İşdə olan İddiaçı ASC tərəfindən 12 dekabr 2023-cü il tarixdə tərtib edilmiş abonent kartının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcu 374,71 manat olmuş, habelə Cavabdeh 31 oktyabr 2019-cu və 03 mart 2020-ci il tarixlərdə borcundan cəmi 15 manat ödəməsi nəticəsində 17 noyabr 2023-cü il tarixə qalıq borcun məbləği 359,71 manat (2016-cı il üzrə 51,53 manat, 2017-ci il üzrə 56,10 manat, 2018-ci il üzrə 55,50 manat, 2019-cu il üzrə 43 manat, 2020-ci il üzrə 36,20 manat, 2021-ci il üzrə 48,38 manat, 2022ci il üzrə 36 manat və 2023-cü il üzrə 33 manat) təşkil etmişdir. İddia ərizəsində qeyd edilmiş 08 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Yenə bu Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü maddəsinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrindəndir. “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə” dair tərəflər arasında bağlanmış 01 yanvar 2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən istehlakçı müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını 1 ay müddətində bank, poçt, internet və ya POS-terminallar vasitəsilə ödəyir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə, qeyd edilməlidir ki, cavabdehin sahibliyində və istifadəsində olan Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 24 saylı fərdi yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc mövcuddur və realdır, o cümlədən suölçən cihazın göstəriciləri əsasında hesablanmışdır. Bununla belə, məhkəmə cavabdehin nümayəndəsi Nümayəndə hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Cavabdeh münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, tərəflər arasında 01 yanvar 2010-cu il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə müqavilə münasibətləri yaranmış, habelə cavabdehin 30 sentyabr 2016-cı il tarixdən etibarən sözügedən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi səbəbindən iddiaçı ASC-nin qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Lakin, sonradan cavabdeh tərəfin borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni iddiaçıya olan qalıq borcun ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətini axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, 31 oktyabr 2019-cu və 03 mart 2020-ci il tarixlərdə cavabdeh tərəfdən həyata keçirilən ödənişlər həmin tarixlərdən sonra təkrarən dayandırılmış və ödənişlərdən sonra iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlandığı halda, iddiaçı həmin tarixlərdən də 3 ildən artıq müddət keçdikdən sonra, yəni 09 yanvar 2024-cü il tarixdə cavabdehə qarşı "30 sentyabr 2016-cı il tarixdən 17 noyabr 2023-cü il tarixə kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yığılmış borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni tərəflər arasında olan mülki mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.3-cü maddəsi) nəzərdə tutulmuş iddia müddətinin qismən tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu əsasla, məhkəmə iddia tələbinin “Cavabdeh iddiaçı ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 359,71 manat məbləğində borcun” tutulması hissəsinə münasibətdə belə qənaətə gəlir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi bu hissədə qismən nəzərə alınmalı, habelə tələb 30 sentyabr 2016-cı il tarixdən 22 dekabr 2020-ci il tarixə kimi hesablanmış 242,33 manat məbləğdə borca aid hissədə iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə təmin edilməməli, 2021-ci, 2022-ci və 2023-cü illər üzrə isə iddia müddəti keçmədiyinə görə qalıq 117,38 manat məbləğində borc cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 117,38 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 33%-i, yəni 9,90 manatı tutularaq ödənilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “0,45 manat dövlət rüsumu üzrə xərcin cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi mötəbər sənəd və ya sübutlarla təsdiq edilmədiyindən təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 117,38 (bir yüz on yeddi manat 38 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 33%-i, yəni 9,90 (doqquz manat 90 qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-104/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-104/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver