Məhkəmə qərarları › İş №e-2(059)-107/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-107/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-107/2023 10.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3890,52 manat əsas, 1949,66 manat faiz olmaqla, cəmi 5840,18 manat borcun və ödənilmiş 78,81 manat məbləğində dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 100802-115742/4 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 10000 manat kredit vermişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdeh dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmiş, nəticədə kredit müqaviləsi üzrə cavabdehin banka, cəmi 5840,18 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, habelə borcalan ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmadığını qeyd edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qsimən təmin olunmalıdır. Belə ki, 09 avqust 2019-cu il tarixli, 100802-115742/4 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir. İşdə olan eyni tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 10000 manat ödəmişdir. İşdə olan 06 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 09 yanvar 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 78,81 (yetmiş səkkiz manat 81 qəpik) manat xərc (78,41 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. İşdə olan maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh 09 avqust 2019cu il tarixli, 100802-115742/4 nömrəli kredit müqaviləsinə əsasən 09 avqust 2022-ci il tarixə İddiaçı ASC-yə 3890,52 manat əsas, 1381,68 manat faiz olmaqla, cəmi 5272,20 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. Bununla belə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin hesablanması və borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cümlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 09 avqust 2022-ci il tarixində bitmişdir. İddiaçı isə müqavilə müddətinin bitməsindən 05 ay müddət keçdikdən sonra borcluya qarşı pul tələbi (faiz borcu) irəli sürmüşdür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətlərin bitməsindən sonrakı dövr üçün həmin müqavilələr üzrə faizlərin davamlı olaraq hesablanması və borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən Cavabdeh qarşı iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz borcu hissəsində təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, borclunun müqavilə müddətinin bitdiyi günə qalıq faiz borcu 1381,68 manat təşkil etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə yuxarıda şərh olunanlara əsasən izah edir ki, iddianın qismən təmin olunması borclunun icranı gecikdirməsinə görə kreditora dəymiş zərərin mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tələb olunması hüququnu istisna etmir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 18% dərəcəsi ilə 10000 manat kredit vermiş, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, 09 avqust 2019-cu il kredit müqaviləsi üzrə cavabdehin banka 3890,52 manat əsas, 1381,68 manat faiz olmaqla, cəmi 5272,20 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 09 avqust 2019-cu il tarixli, 100802-115742/4 nömrəli kredit müqaviləsi üzrə 3890,52 manat əsas, 1381,68 manat faiz olmaqla, cəmi 5272,20 manat məbləğində borc və ödənilmiş 78,81 manat məbləğində dövlət rüsumunun 90%-i, yəni 70,93 manatı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 09 avqust 2019-cu il tarixli, 100802-115742/4 nömrəli kredit müqaviləsi üzrə 3890,52 manat əsas, 1381,68 manat faiz olmaqla, cəmi 5272,20 manat məbləğində borc və ödənilmiş 78,81 manat məbləğində dövlət rüsumunun 90%-i, yəni 70,93 manatı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar