Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-124/2025 03.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 897,42 manat əsas, 7,33 manat faiz olmaqla, cəmi 904,75 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış 05 mart 2021-ci il tarixli, 2407 saylı kredit borcunun restrukturizasiya müqaviləsinə əsasən sonuncunun əsas borcuna illik 1% hesablanmaqla, 1553,72 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 ilə bağlanmış restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh1 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda, o, müqavilənin şərtlərinə əməl etməmiş, bununla da, restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Həmin restrukturizasiya müqaviləsi üzrə Cavabdeh2 897,42 manat əsas, 7,33 manat faiz olmaqla, cəmi 904,75 manat borcu vardır. Sözügedən müqavilənin 2.4-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna illik 1%-lə hesablanır və ödəniş cədvəlinə uyğun olaraq, cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 2%-lə hesablanır. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamışdır. Beləliklə, cavabdehlərə verilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh2 ilə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı arasında bağlanmış 05 mart 2021-ci il tarixli, 2407 nömrəli "fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi"nə əsasən tərəflər 21 noyabr 2013-cü il tarixli, 2249/13 saylı kredit borcu üzrə qalan 1553,72 manat vaxtı keçmiş əsas kredit borcunun sonuncu müqavilə imzalandığı vaxtdan 5 il müddətinədək uzadılması, habelə restrukturizasiya olunan kredit borcuna illik 1%, borc gecikdirildiyi halda isə 2% hesablanması barədə razılaşmışlar. Eyni zamanda, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı arasında müvafiq olaraq bağlanmış eyni tarixli, 1683 nömrəli zaminlik müqaviləsinə əsasən borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. İşdə olan “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialının 19 iyul 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh2 həmin tarixə sözügedən müqavilə üzrə BOKT İddiaçı QSC -yə 897,42 manat əsas, 4,96 manat faiz olmaqla, cəmi 902,38 manat borcu vardır. Həmçinin, yaranmış borcla əlaqədar iddiaçı BOKT tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 03 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərkən 30,40 manat xərc (30 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 05 mart 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin əsas müqavilə üzrə iddiaçıya olan əsas borc, faizlər və sairə üçün məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminliyin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh1 əsas borclu Cavabdeh2 sözügedən müqavilə üzrə öhdəliyini icra etməməsinə görə iddiaçı bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 19 iyul 2024-cü il tarixdə borcluya pretenziya göndərərək cavabdehlərdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu səbəblə məhkəmə, bildirişin (pretenziyanın) göndərildiyi tarixə, yəni 19 iyul 2024cü il tarixə hesablanmış 897,42 manat əsas, 4,96 manat faiz olmaqla, cəmi 902,38 manat borcunun tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05 mart 2021-ci il tarixli kredit borcunun restrukturizasiya müqaviləsinə əsasən iddiaçı kredit təşkilatı tərəfindən Cavabdeh2 digər kredit borcunun bağlanması məqsədi ilə illik 1% olmaqla, 5 il müddətinə 1553,72 manat kredit verilmişdir. Eyni zamanda, həmin müqavilənin təminatı olaraq iddiaçı kredit təşkilatı ilə zamin Cavabdeh1 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin əsas borclunun kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərin lazımınca icra edilməsinə görə sonuncu ilə birgə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı həmin məbləğdə pulu Cavabdeh2 verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər borclu kimi üzərilərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Beləliklə, 05 mart 2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə cavabdehlərin banka cəmi 902,38 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə müştərək qaydada 897,42 manat əsas, 4,96 manat faiz olmaqla, cəmi 902,38 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə müştərək qaydada 897,42 manat əsas, 4,96 manat faiz olmaqla, cəmi 902,38 (doqquz yüz iki manat 38 qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-124/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-124/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver