Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-136/2024 18.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi Cavabdeh2 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 15972,67 manat əsas, 305,12 manat faiz, 48,39 manat cərimə olmaqla, cəmi 16326,18 manat borcun və 138,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12745 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq digər Cavabdeh3 ilə sözügedən bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, iddiaçı ASC ilə Cavabdeh2 arasında 15 mart 2021-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmış və həmin müqaviləyə görə tərəflər arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 16487,37 manat məbləğində pul vəsaiti restrukturizasiya olunmuş, habelə borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi illik 1%-lə, 60 ay müddətinə bağlanılmış və borcun ödənilməli olduğu son tarix 15 mart 2026-cı il müəyyən edilmişdir. Daha sonra, yenidən digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 15 mart 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Eyni zamanda, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Nəticədə, sözügedən müqavilə üzrə cavabdehlərin banka 15972,67 manat əsas, 305,12 manat faiz, 48,39 manat cərimə olmaqla, cəmi 16326,18 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə proseslərinin çoxluğu, mürəkkəbliyi, və.s kimi halların nəzərə alınaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, 30 sentyabr 2014-cü il tarixdə ABŞ dollarının həmin vaxta manata olan məzənnəsi, yəni dəyəri 0,78 manat olan vaxt İddiaçı ASC-dən 12745 ABŞ dolları məbləğində kredit götürmüşdür. Sonradan ABŞ dollarının dəyəri 1,70 manatadək yüksəldiyinə görə iddiaçı bankdan ona köməklik edilməsini xahiş etmiş, nəticədə onunla bank arasında 15 mart 2021-ci il tarixdə restrukturizasiya müqaviləsi bağlanmışdır. Beləliklə ona bildirişin göndərildiyi tarixə yaranmış 15972,67 manat əsas, 278,13 manat faiz, 40,58 manat cərimə olmaqla, cəmi 16291,38 manat borcu qəbul edir. Bundan başqa, o, ötən müddət ərzində işsiz olduğu üçün borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq, hazırda "X1" MMC-də operator işləməklə, aylıq 345 manat əmək haqqı aldığı üçün borcunu hissə-hissə, yəni hər ay 100 manat olmaqla ödəyəcəkdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 30 sentyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh2 36 ay müddətinə, illik 28% ödəmək şərti ilə 12745 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında həmin tarixdə 240006197/ZM nömrəli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin və ya zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 15 mart 2021-ci il tarixli, LM032100464 nömrəli restruktruzasiya müqaviləsinin surətindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 16487,37 manat məbləğində pul vəsaiti restrukturizasiya olunmuşdur. Eyni zamanda, restrukturizasiya müqaviləsi illik 1%lə, 60 ay müddətinə bağlanılmış və borcun ödənilməli olduğu son tarix 15 mart 2026-cı il müəyyən edilmişdir. Həmçinin, restruktruzasiya müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi ləğv prosesində olan İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında həmin tarixdə zaminlik müqavilələri bağlanmış və bu müqavilələrə görə zamin ləğv prosesində olan bank qarşısında borclunun öhdəliklərinə görə tam həcimdə borcun əsas məbləğinin qaytarılması, faizlərin və cərimənin ödənilməsi, borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və borclunun ləğv prosesində olan bank qarşısında öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən ləğv prosesində olan banka dəymiş digər zərərin ödənilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 30 sentyabr 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh2 12745 ABŞ dolları ödəmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin 24 iyun 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 restrukturizasiya müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 15972,67 manat əsas, 305,12 manat faiz, 48,39 manat cərimə olmaqla, cəmi 16326,18 manat borcu vardır. İşdə olan 18 aprel 2023-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, 10 aprel 2023-cü il tarixə yaranmış 15972,67 manat əsas, 278,13 manat faiz, 40,58 manat cərimə olmaqla, cəmi 16291,38 manat borcla əlaqədar ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 18 yanvar 2024-cü il tarixli qəbzin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət edərkən 138,98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq mübahisələri 15 mart 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh2 restruktruzasiya müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqavilələrinin 4.3-cü bəndinə əsasən, zamin şəxs ləğv prosesində olan bank qarşısında borclunun öhdəliklərinə görə tam həcimdə borcun əsas məbləğinin qaytarılması, faizlərin və cərimənin ödənilməsi, borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və borclunun ləğv prosesində olan bank qarşısında öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən ləğv prosesində olan banka dəymiş digər zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminliyin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zaminlər Cavabdeh3 və Cavabdeh1 əsas borclu Cavabdeh2 restruktizasiya müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə iddiaçı bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 18 aprel 2023-cü il tarixdə borclulara bildiriş göndərərək cavabdehlərdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmişdir. Belə olan halda, kreditorun borclulara bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borclulara bildiriş göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehlərdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu səbəblə məhkəmə, bildirişin göndərildiyi tarixə, yəni 18 aprel 2023-cü il tarixə hesablanmış 15972,67 manat əsas, 278,13 manat faiz, 40,58 manat cərimə olmaqla, cəmi 16291,38 manat borcun tutulmasını ədalətli və mütənasib hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Restruktruzasiya müqaviləsinin 5.3-cü bəndinə görə borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, restruktruzasiya müddətinə 0,1 faizdən çox olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 28% ödəmək şərti ilə 12745 ABŞ dolları məbləğində kredit vermişdir. Bundan sonra, 15 mart 2021-ci il tarixli restruktruzasiya müqaviləsinə əsasən borclunun 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 16487,37 manat məbləğində pul vəsaiti restrukturizasiya olunmuş, həmçinin bu müqavilədən irəli gələn öhdəliklərin təmini olaraq, eyni tarixdə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə də zaminlik müqavilələri bağlanılmış və sonuncular borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Eyni zamanda, restrukturizasiya müqaviləsi illik 1%-lə, 60 ay müddətinə bağlanılmış və borcun ödənilməli olduğu son tarix 15 mart 2026-cı il müəyyən edilmişdir. İddiaçı bank həmin məbləğdə pulu Cavabdeh2 verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər borclu kimi üzərilərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə, müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Beləliklə, cavabdehlərin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə sözügedən müqavilə üzrə15972,67 manat əsas, 278,13 manat faiz, 40,58 manat cərimə olmaqla, cəmi 16291,38 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 15972,67 manat əsas, 278,13 manat faiz, 40,58 manat cərimə olmaqla, cəmi 16291,38 manat borc və ödənilmiş 138,98 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 15972,67 manat əsas, 278,13 manat faiz, 40,58 manat cərimə olmaqla, cəmi 16291,38 (on altı min iki yüz doxsan bir manat 38 qəpik) manat borc və ödənilmiş 138,98 (bir yüz otuz səkkiz manat 98 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-136/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-136/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver