Məhkəmə qərarları › İş №e-2(059)-141/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-141/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-141/2024 22.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1700 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 06 aprel 2020ci il tarixində, saat 19:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Volkswagen Touareg” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" MMC-yə məxsus, X3 idarə etdiyi “FORD CARGO 1826” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomaşına maddi ziyan dəymişdir. “Volkswagen Touareg” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfində 11 may 2019-cu il tarixindən 11 may 2020-ci il tarixədək icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. X2 tərəfindən təqdim olunan aktdan görünür ki, “FORD CARGO 1826” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat zərər dəymişdir. 10 iyun 2021-ci il tarixli ödəniş sənədinə əsasən zərər məbləği iddiaçı tərəfindən Süleyman Qəribovun bank hesabına ödənilmişdir. Yasamal rayon DYPŞ-nin 22 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1 (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, cavabdeh yolnəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Bununla da, sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh 09 avqust 2019-cu il tarixdə sürücülük vəsiqəsi verilmiş və o, 09 avqust 2029-cu il tarixədək “B, D, CE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan 07 may 2019-cu il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Volkswagen Touareg” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də 11 may 2019-cu il tarixdən 11 may 2020-ci il tarixədək sığorta olunmuşdur. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, həmçinin Bakı şəhər Yasamal rayon DYPŞ-nin əməkdaşı tərəfindən 22 aprel 2021-ci il tarixdə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 06 aprel 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu etibarnamə olmadan idarə etdiyi X1 mülkiyyətində olan “Volkswagen Touareg” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətməklə, "xxxx" MMC-yə məxsus, X3 idarə etdiyi "Ford Cargo 1826" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. İşdə olan 07 iyun 2021-ci il tarixdə verilmiş PXA65654 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus "Ford Cargo 1826" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1700 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən X4 ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan 12 aprel 2022-ci il tarixli cari hesabdan çıxarışın, eləcə də 04 iyun 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, sığorta ödənişini alması üçün balansına 1700 manat köçürülmüş İBAN nömrəsi AZ32HAJC******************** olan plastik kart X4 təhvil verilmişdir. İşdə olan 27 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Sözügedən Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Bu Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Adı qeyd edilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinin İ cümləsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, X1 mülkiyyətində olan “Volkswagen Touareg” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 07 may 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən 1 il müddətinə sığorta edilmişdir. Sığorta müddətində, yəni 06 aprel 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri Yasamal rayonunun Kənar Dairəvi yol adlanan ərazisində Cavabdeh etibarnamə olmadan həmin avtomobili idarə edərkən, Süleyman Qəribovun idarə etdiyi "xxxx" MMC-yə məxsus "Ford Cargo 1826" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən zərər məbləğinə müvafiq olaraq zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Bundan əlavə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər Yasamal rayon Polis İdarəsinin DYPŞ-də aparılmış araşdırmanın nəticəsi olaraq Cavabdeh 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. Həmçinin, iddiaçı "xxxx" ASC “Volkswagen Touareg” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə edilməsini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Bununla belə, məhkəmə qeyd edir ki, Cavabdeh yüksək təhlükə mənbəyi olan avtomobili idarə etməyə hüququ olmayan şəxs kimi qiymətləndirilməsi, habelə bunu əsas gətirərək ondan subroqasiya qaydasında pulun tələb edilməsi istisna edilir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmayan şəxs hesab edilir. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Lakin, işin faktiki hallarından da göründüyü kimi yol-nəqliyyat hadisəsi zamanı cavabdehin sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Həmçinin, Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi hesab olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Bu zaman, yalnız etibarnamə və ya digər yazılı sənəd deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırkı halda Cavabdeh sözügedən avtomobili bu nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X1 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halına çevrilmişdir, o cümlədən bunun əksini, yəni cavabdehin məlum avtomobili Nəriman Cəfərzadənin iradəsinə zidd olaraq idarə etməsini təsdiq edən sənəd və ya sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda cavabdeh avtomobili idarə etməyə hüququ olmayan şəxs statusunda qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir ki, bu halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Bu səbəbdən də, iddianın əsaslı hesab edilməklə, təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 37 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" ASCnin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar