Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-148/2023 03.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakları ilə iddiaçı "xxxx" X1 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" X3 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəssisəyə vurulmuş 1023,40 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 07 yanvar 2019-cu il tarixdə Cavabdeh “Vaz 21014 minik” markalı, M254KS05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, Bibiheybət məscidi istiqamətində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Sink” örtüklü işıq dirəyini sıradan çıxararaq, müəssisəyə 1023,40 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Səbail RPİ-nin Təhqiqat şöbəsində 07 fevral 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, habelə bu qərara, Bakı şəhər Səbail DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və 18 iyun 2019cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs M254KS05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Hadisə baş verən zaman “Vaz 21014 minik” markalı, M254KS05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Bu səbəbdən də, 07 yanvar 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 1023,40 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq, iddiaçı müəssisəyə ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün dəfələrlə iddiaçı müəssisəyə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" X1 nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 07 yanvar 2019-cu il tarixdə onun tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi törədilməmişdir. Belə ki, o, inzibati araşdırma ilə əlaqədar 2019-cu ilin iyun ayında aidiyyəti üzrə dəvət edilmiş, habelə ona “Priora” markalı, M254KQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə bildirilmişdir. Halbuki, onun idarəçiliyində olan nəqliyyat vasitəsi “Vaz 21014 minik” markalı, M254KS05 dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomaşını ilə bağlı yanlışlıqlar onun məlumatı əsasında düzəldilmişdir. Eyni zamanda, 07 yanvar 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən onun məlumatı olmamış, hadisəni görməmiş, sözügedən avtomaşın hadisə yerində idarə olunmamış, avtomaşınında zədə izləri olmamış, polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Bundan əlavə, barəsində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilsə də, həmin cərimə əvvəllər idarə etdiyi “Mercedes Benz C class” markalı nəqliyyat vasitəsinə görə ola bilər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti” ilə "xxxx" X3 arasında 01 iyun 2004-cü il tarixdə, eləcə də 08 yanvar 2019-cu il tarixdə tərtib edilmiş aktların surətlərindən görünür ki, “Vaz 21014 minik” markalı, M254KS05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 07 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, Bibiheybət məscidi yolunda törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X1 balansında olmaqla, 2004-cü ildə istismara buraxılmış sink örtüklü dirək və “Pelsan” markalı çıraq yararsız vəziyyətə düşmüş, bununla da, iddiaçı müəssisəyə ümumilikdə 1023,40 manat məbləğində zərər dəymişdir. İşdə olan mötəbər sübutlardan, o cümlədən 07 fevral 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın, Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 20 dekabr 2021-ci il tarixli, 065-34390-1221 nömrəli məktubunun, Səbail rayon DYPŞ-nin əməkdaşının 31 may 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunun və 18 iyun 2019-cu il tarixdə tərtib olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətlərindən, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının “Hökumət ödəniş portalı”ndakı Daxili İşlər Nazirliyi üçün ayrılmış pəncərədən görünür ki, Cavabdeh 07 yanvar 2019-cu il tarixdə, saat 16:20-də Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində, Bibiheybət məscidi istiqamətində idarə etdiyi “Vaz 21014 minik” markalı, M254KS05 dövlət qeydiyyat nişanlı avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə, həmçinin yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə əsasən təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmiş, habelə o, ona təyin edilmiş cəriməni ödəmişdir. Eyni zamanda, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 məxsus 1 ədəd “Sink” örtüklü işıq dirəyi yarasız hala düşmüş və həmin idarəyə maddi ziyan dəymişdir. Bununla da, tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 07 yanvar 2019-cu il tarixdə, saat 16:20-də, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, Bibiheybət məscidi yolunda idarə etdiyi “Vaz 21014 minik” markalı, M254KS05 dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" X1 balansında olmaqla, 2004-cü ildə istismara buraxılmış sink örtüklü dirək və “Pelsan” markalı çıraq yararsız vəziyyətə düşmüş, habelə, iddiaçı müəssisəyə ümumilikdə 1023,40 manat məbləğində zərər dəymişdir. Bundan əlavə, Cavabdeh əməli inzibati xəta kimi qiymətləndirilməklə, o, 18 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Sözügedən bu qərar hazırda da qüvvədə olmaqla, ləğv edilməmiş, o cümlədən tərəflər tərəfindən bu və ya digər formada mübahisələndirilməmişdir. Hətta, Cavabdeh 07 yanvar 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən onun məlumatının olmadığını, hadisəni görmədiyini, sözügedən avtomaşının hadisə yerində idarə olunmadığını, avtomaşınında zədə izlərinin olmadığını bildirsə də, o, istinad etdiyi halları sübut edə biləcək mötəbər sənəd və sübut malik olmamış, əksinə barəsində 18 iyun 2019-cu il tarixdə qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməklə, 100 manat məbləğində inzibati cəriməni ödəmişdir. Bu hallar isə cavabdehin hazırkı vəziyyətdə özünü müdafiə xarakteri daşımaqla, gələcəkdə mülki məsuliyyətdən yayınmaq məqsədi güddüyünə dəlalət edir. Eyni zamanda, cavabdeh, məhz onun təqsirli hərəkətləri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı işıq dirəyinə dəymiş 1023,40 manat zərəri iddiaçı müəssisəyə ödəməkdən imtina etmişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından aydın olur ki, “Vaz 21014 minik” markalı, M254KS05 dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh idarəçiliyində olmaqla, hadisə vaxtı, yəni 07 yanvar 2019-cu il tarixdə məhz onun tərəfindən idarə edilmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" X1 xeyrinə maddi ziyanın əvəzi olaraq, 1023,40 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. Bu Qanunun 8.1.2-ci maddəsində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizinin ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 ödəməkdən azad edildiyi 30,23 manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X1 xeyrinə maddi ziyanın əvəzi olaraq, 1023,40 (bir min iyirmi üç manat 40 qəpik) manat məbləğində pul tutulsun. İddiaçı "xxxx" X1 ödəməkdən azad edildiyi 30,23 (otuz manat 23 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-148/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-148/2023
03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver