Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-165/2025 29.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında 28 iyul 2023-cü il tarixli Bolkart Ailə kredit müqaviləsinə əsasən bank cavabdehə 59 ay müddətinə, illik 25% dərəcəsi ilə 5000 manat kredit vermişdir. Hazırda, cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini əsas borc üzrə qəbul etsə də, faiz borcu hissədə tələbin təmin edilməsinə etiraz edir. İddia tələbi İddiaçı ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 4497,83 manat əsas, 576,93 manat faiz borcu olmaqla, cəmi 5074,76 manat borcun və ödənilmiş 71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 28 iyul 2023-cü il tarixli Bolkart Ailə kredit müqaviləsinə əsasən bank cavabdehə 59 ay müddətinə, illik 25% dərəcəsi ilə 5000 manat kredit vermişdir. Hazırda, cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Beləliklə, sözügedən müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə onun banka, cəmi 5074,76 manat borcu yaranmışdır. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, təqdim etdikləri mötəbər sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ötən baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh əsas borc məbləğini ödədiyi təqdirdə onun adına olan kredit borcu silinə və ya əsas borc məbləği 2000-2500 manat təşkil etdiyi təqdirdə isə, yeni ödəniş cədvəli müəyyən edilə bilər. Odur ki, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq və ötən baxış iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, iddiaçı bankdan illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit götürmüş, habelə hər ay 250 manat olmaqla, 3000 manata yaxın məbləğdə kredit borcundan ödəniş etmişdir. Həmçinin, iddiaçı bankın əməkdaşı ilə telefon vasitəsi ilə əlaqə saxladığı zaman ona 2000 manat məbləğində faiz borcunu ödədikdən sonra, yeni ödəniş cədvəlinin müəyyən edilə biləcəyi bildirilmişdir. Lakin, hazırda həmin məbləğlə banka yaxınlaşacaq maddi imkanda deyildir. Hesab edir ki, faiz borcu həddən artıq hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin:
739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Mülki Prosessual Məcəllə
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını tərəflərin ötən məhkəmə iclaslarında verdikləri izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 28 iyul 2023-cü il tarixli, AL/80306/92/10 nömrəli kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh 59 ay müddətinə, illik 25% ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC-nin 28 oktyabr 2024-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4497,83 manat əsas, 586,31 manat faiz, 107,55 manat cərimə borcu vardır. Həmçinin, yaranmış borcla əlaqədar iddiaçı bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 4497,83 manat əsas, 576,93 manat faiz borcu vardır. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(059)-165/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixdə verilmiş 9/2140 saylı rəydən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcu bildirişin göndərildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3848,68 manat və faiz borcu üzrə 382,20 manat, iddia ərizəsi məhkəməyə verilən 26 dekabr 2024-cü il tarixə əsas borc üzrə 3848,68 manat, faiz borcu üzrə 297,21 manat müəyyən edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(059)-165/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 18 dekabr 2025-ci il tarixdə verilmiş 9/4617 saylı əlavə rəydən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcu bildirişin göndərildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə 4499,80 manat və faiz borcu üzrə 446,86 manat, iddia ərizəsi məhkəməyə verilən 26 dekabr 2024-cü il tarixə əsas borc üzrə 4499,80 manat, faiz borcu üzrə 389,10 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin əsas borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, həm cavabdehə göndərilən xəbərdarlıq-bildiriş məktubunda, həm də iddia tələbində əsas borcun məbləği 4497,83 manat göstərilsə də, ekspert rəyi ilə bu məbləğ 4499,80 manat müəyyən edilmişdir. Məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq iddia tələbinin əsas borc hissədə 4497,83 manat məbləğində tutulmalı olduğu qənaətinə gəlir. Məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 28 oktyabr 2024-cü il tarixdə bildiriş göndərərək cavabdehdən sözügedən müqavilə üzrə əsas və gecikmə günü üçün hesablanmış faiz borcunu, eyni zamanda cərimə borcunun qaytarmasını tələb etməklə, həmin müqavilənin birtərəfli qaydada ləğv olunmasını bəyan etmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair bildirişi borcluya göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə üzrə faizi tələb etməsi yolverilməzdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, kredit borcu üzrə faiz borcu bildiriş göndərilən tarixə, yəni 28 oktyabr 2024-cü il tarixə 586,31 manat hesablansa da, iddia tələbində faiz borcu kimi 576,93 manat tələb edilmişdir. Həmçinin ekspert rəyində bu məbləğ bildirişin göndərildiyi tarixə 446,86 manat, məhkəməyə iddia ərizəsi verilən tarixə 389,10 manat müəyyən edilmişdir. İddiaçı tərəfin ekspert rəyini mübahisələndirməməsi, həmçinin öz iddia tələblərində bildirişin göndərildiyi tarixə hesablanmış faiz borcundan az məbləğ tələb etməsi onu deməyə əsas verir ki, bildiriş göndərildikdən sonra cavabdeh tərəfindən faiz borcundan ödəniş edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, faiz borcuna münasibətdə iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş 389,10 manat məbləğdə təmin edilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 11 dekabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ASC məhkəməyə müracət edərkən 71 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2025-ci il tarixli, 9/2140 saylı və 18 dekabr 2025-ci il tarixli, 9/4617 saylı ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, aparılmış məhkəməmühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri cəmi 200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı bank tərəfindən ödənilmiş 71 manat məbləğində dövlət rüsumunun 96%-i, yəni 68,16 manatı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün aparılmış ekspert tədqiqatının dəyərinin, 200 manatın 96 faizi, yəni 192 manatı cavabdehdən, 4 faizi, yəni 8 manatı isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 4497,83 manat əsas və 389,10 manat faiz olmaqla, cəmi 4886,93 manat borc və ödənilmiş 71 manat məhkəmə xərcinin 96 faizi, yəni 68,16 manatı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, aparılmış ekspert tədqiqatının dəyərinin, yəni 200 manatın 96 faizi, yəni 192 manatı cavabdehdən, 4 faizi, yəni 8 manatı isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 4497,83 manat əsas və 389,10 manat faiz olmaqla, cəmi 4886,93 (dörd min səkkiz yüz səksən altı manat doxsan üç qəpik) manat borc və 68,16 (altımış səkkiz manat on altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspert tədqiqatının dəyərinin, 200 manatın 96 faizi, yəni 192 (bir yüz doxsan iki) manatı Cavabdeh, 4 faizi, yəni 8 (səkkiz) manatı isə İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə