Məhkəmə qərarları › İş №e-2(059)-200/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-200/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-200/2021 05.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı MMC-nin xeyrinə 1509,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1539,81 manat xxxxun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış malların alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehə müəyyən çeşiddə mallar satmışdır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən göründüyü kimi, iddiaçı malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, ümumi dəyəri 11155,50 manat olan satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaiməfakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Lakin, iddiaçı tərəfindən cavadehə müvafiq ödəniş sənədləri təqdim olunsa da, sonuncu iddiaçıya bir sıra fakturalar üzrə yalnız 9645,69 manat məbləğində xxxx ödəmişdir. Nəticədə, cavabdehin iddiaçıya müqavilə üzrə 1509,81 manat məbləğində borcu yaranmışdır. Cavabdehə 28 yanvar 2021-ci il tarixli pretenziyanın göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, habelə təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, habelə iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edib, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etməklə izahatında göstərdi ki, onunla iddiaçı MMC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli malların alqı-satqı müqaviləsinə əsasən ona iddiaçı MMC tərəfindən qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə şəxsi istifadəsi üçün polimer məmulatı satılmışdır. Müqavilə üzrə yaranmış borcuna görə iddiaçıya 06 fevral 2017-ci il tarixdə sonuncu dəfə ödəniş etməklə, mallar üçün borcunu ödəmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, aradan 3 ildən çox müddət keçməsinə baxmayaraq, ona xəbərdarlıq edilməmiş və qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Eyni zamanda həmin Məcəllənin 373.3-cü maddəsində göstərilmişdir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. İddiaçı müqavilədən irəli gələn iddia müddətini ötürdükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, "xxxx" MMC-nin ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 02/SS-022F saylı malların alqı-satqısı müqaviləsinə əsasən satıcı malı (polimer məmulatı) müqavilənin bir hissəsi olan qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi, alıcı isə malı (polimer məmulatı) qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürmüş, müqavilənin icrasının sonuncu günü kimi 31 dekabr 2014-cü il tarix müəyyənləşdirilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 28 yanvar 2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, o, müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş müxabirləşmə jurnalından çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən MMC-nin xeyrinə 25 iyul 2014-cü il tarixdə 8902,68 manat, 06 fevral 2017-ci il tarixdə isə 743,01 manat, cəmi 9645,69 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı MMC iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, xxxx ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh malların alqı-satqısı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC -nin ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2014-cü il tarixli malların alqı-satqısı müqaviləsinə malı (polimer məmulatı) müqavilənin bir hissəsi olan qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi, alıcı isə malı (polimer məmulatı) qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürmüş, habelə bu müqaviləyə əsasən cavabdehin iddiaçı MMC-yə şəxsi istifadəsi üçün götürdüyü mallara görə 1509,81 manat borcu yaranmışdır. Edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu müqavilə üzrə Cavabdeh tərəfindən həyata keçirilən son ödəniş 06 fevral 2017-ci il tarixdə icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Cavabdeh münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, iddiaçı MMC ilə cavabdeh arasında mülki müqavilə münasibətləri 25 iyul 2014-cü il tarixdə yaranmış, müqavilənin icrasının sonuncu günü kimi 31 dekabr 2014cü il tarix müəyyənləşdirilmiş, bu müddət başa çatdıqdan sonra cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi səbəbindən iddiaçı MMC-nin qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Lakin, sonradan cavabdehin borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni iddiaçı MMC-yə olan qalıq borcun ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətini axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, sonuncu dəfə 06 fevral 2017-ci il tarixdə cavabdeh tərəfindən həyata keçirilən ödənişlər təkrarən dayandırılmış və sonuncu ödənişdən sonra iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlandığı halda, iddiaçı həmin tarixdən 4 il 25 gün müddət keçdikdən sonra, yəni 03 mart 2021-ci il tarixdə Cavabdeh qarşı xxxx tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçı ilə Cavabdeh arasında olan mülki mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ""xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC -yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar