Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-206/2022 04.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı QBKT-nin xeyrinə 991 manat əsas, 119 manat faiz, 12 manat cərimə olmaqla, cəmi 1122 manat borcun və 31,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh2 etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı QBKT ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 40% dərəcəsi olmaqla, 12 ay müddətinə 1800 manat məbləğində kredit verilmiş, müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay üçün 186 manat, sonuncu ay isə 180 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Eyni zamanda digər Cavabdeh2 zamin qismində kredit müqaviləsini imzalamaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməsi üçün Cavabdeh1la birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmçinin, yuxarıda qeyd olunan kredit müqaviləsi 28 iyun 2016-cı il tarixli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, yəni əsas borc 991 manat müəyyən edilmişdir. Hazırda cavabdehlərin iddiaçı QBKT-yə borcu cəmi 1122 manat təşkil edir. Ona də görə iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, maddi vəziyyətində yaranan çətinliyə görə kredit borcunu ödəyə bilməmişdir. Gələcəkdə borcunu hissə-hissə qaytaracağına vəd verir. Odur ki, iddia tələbini tam olaraq qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, işin halları ilə bağlı iddia ərizəsində qeyd edilənlərlə qismən razıdır. Belə ki, əsas borclu Cavabdeh1 08 iyul 2015-ci il tarixdə 1800 manat məbləğində kredit götürmüş və həmin borcdan 5 ay müddətində hər ay 186 manat olmaqla, daha sonra isə təxmini 2-3 ay müddətində hər ay 50 manat olmaqla ödənişləri davam etdirmiş, lakin işdən çıxdığı üçün maddi vəziyyətində yaranan çətinliyə görə kredit borcunu tam ödəyə bilməmişdir. Bundan əlavə o, 08 iyul 2015-ci il tarixli kredit müqaviləsini imzalamaqla, öhdəliyin təminatı kimi Cavabdeh1 zamin dursa da, bu müqavilənin restruktruzasiyasına dair 28 iyun 2016-cı il tarixli sazişi imzalamamış, ondan xəbəri olmamışdır. Odur ki, iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də cavabdehlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 08 iyul 2015-ci il tarixli, **********0925 nömrəli kredit müqaviləsindən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 12 ay müddətinə, illik 40% ödəmək şərtilə, 1800 manat məbləğində kredit vermiş, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzrə hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə, öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əsasən zamin (Cavabdeh2) kredit alan (Cavabdeh1) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə ("FİNCA Azerbaijan" MMQBKT) tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 08 iyul 2015-ci il tarixli, **********0925 nömrəli kredit müqaviləsinin restruktruzasiyasına dair 28 iyun 2016-cı il tarixli sazişdən görünür ki, bu sazişlə ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 23 ayadək, yəni 25 may 2018-ci il tarixədək uzadılmış, habelə kredit müqaviləsi üzrə qalıq borcun məbləği 991 manat həcmində müəyyən edilməklə, qalıq məbləğinə 11,65 % dərəcəsi ilə faiz hesablanacağı qeyd edilmişdir. İşdə olan 08 iyul 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 1800 manat məbləğində pul verilmişdir. İşdə olan "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı tərəfindən tərtib edilmiş 07 fevral 2022-ci il tarixli maliyyə arayışının, eləcə də 28 iyun 2016-cı il tarixli sazişə əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, Cavabdeh1 MMQBKT-yə 991 manat əsas, 119 manat faiz (25 may 2018-ci il tarixə), 12 manat cərimə olmaqla, cəmi 1122 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 14 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı iddia ərizəsinə məhkəmədə baxılması üçün 31,30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, onunla bağlanan zaminlik müqaviləsinə görə bu müqavilə müstəqil xarakter daşımamaqla 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı rolunu daşımasına baxmayaraq, 28 iyun 2016-cı il tarixli saziş imzalanarkən onun razılığı alınmamışdır. Belə olan halda, Cavabdeh2 kredit müqaviləsi üzrə sonradan yaranan dəyişikliklər üzrə məsuliyyət daşıması istisna edilir. Belə ki, işin hallarından da göründüyü kimi həmin sazişə əsasən kredit müqaviləsində ödəniş planında dəyişikliklərin edilməsi zaminin məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İşin faktiki hallarını, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı QBKT ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 40% dərəcəsi olmaqla, 12 ay müddətinə 1800 manat məbləğində kredit verilmiş, bundan sonra, sözügedən tərəflərin imzaladıqları 28 iyun 2016-cı il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməklə, ödəniş müddəti 25 may 2018-ci il tarixədək uzadılmışdır. Beləliklə, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı həmin məbləğdə pulu Cavabdeh1 verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, cavabdehin QBKT-yə kredit müqaviləsi üzrə cəmi 1122 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 iddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatının xeyrinə 991 manat əsas, 119 manat faiz, 12 manat cərimə olmaqla, cəmi 1122 manat borc və ödənilmiş 31,30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatının xeyrinə 991 manat əsas, 119 manat faiz, 12 manat cərimə olmaqla, cəmi 1122 (bir min yüz iyirmi iki) manat borc və ödənilmiş 31,30 (otuz bir manat 30 qəpik) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-206/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-206/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver