Məhkəmə qərarları › İş №e-2(059)-206/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-206/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-206/2023 01.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 4091,36 manat əsas, 984,70 manat faiz, 61,51 manat cərimə olmaqla, cəmi 5137,57 manat borcun və ödənilmiş 71,78 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə 10000 manatədək kredit limiti ayırmış, sonuncuya bank hesabı (cari, kredit) açaraq, ödəniş kartı təqdim etmiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan kart vasitəsi ilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır və kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, onun banka kredit müqaviləsi üzrə cəmi 5137,57 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 21 yanvar 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehin kart hesabına kart hesabının müddətinə, yəni 60 ay müddətinə illik 25% olmaqla 4400 manatadək kredit xətti ayrılmaqla həmin məbləğ müştəriyə təqdim olunmuş kart hesabına köçürülmüşdür. Bundan sonra, kart hesabı üzərində aparılan bütün əməliyyatlar müştəri tərəfindən həyata keçirilir. Belə ki, cavabdehin sözügedən kart hesabına köçürülmüş vəsaitdən nağd və ya nağdsız formada istifadəsinə görə borc yaranır və sonuncu yaranmış borcu müqavilə üzrə illik 25% olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdehin bank hesabından çıxarışa əsasən sonuncu kart hesabı üzərində müxtəlif əməliyyatlar aparmış, nəticədə cavabdeh 4091,36 manat əsas borcunu ödəmədiyi üçün 984,70 manat faiz, 61,51 manat cərimə borcu yaranmışdır. Bundan əlavə, cavabdeh kredit xətti müqaviləsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 31 mart 2021-ci il tarixli kütləvi ofertasını qəbul etmiş hesab olunur. Beləliklə, həmin ofertanın ödəniş kartı üzrə müddəalarına əsasən kart hesabı üzrə aparılmış əməliyyatlar müştəri tərəfindən aparılmış hesab olunmaqla, kartdan istifadə edilməklə aparılmış əməliyyatlara görə müştəri məsuliyyət daşıyır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 21 fevral 2022-ci il tarixdə "xxxx" KB ASC-nin Bərdə filialına yaxınlaşaraq, istifadə etdiyi 2500 manatadək kredit xətti ayrılmış kart hesabında olan 1000 manat borcunu hissə-hissə ödəməsi üçün aylıq ödəniş qrafiki tərtib edilməsini xahiş etmişdir. Lakin, iddiaçının əməkdaşı ödəniş qrafikinin tərtib edilməsinin mümkün olmamasını bildirməklə əvvəlki müqaviləni ləğv etmiş, habelə yeni müqavilə tərtib edərək, ona kart hesabı açmış, həmçinin 4400 manatadək kredit xətti olan kart təqdim etmişdir. Bundan sonra, iş yoldaşının vasitəsilə telefonuna yüklətdiyi "xxxx" KB ASC-nin mobil tətbiqində kart hesabının balansında 2700-2800 manat civarında pul olduğunu görüb, 27 yanvar 2022-ci il tarixdə yenidən iddiaçı bankın Bərdə filialına yaxınlaşaraq, hesabında 4400 manat məbləğində pulun olmadığını bildirdikdən sonra sözügedən məbləğ hesabına yüklənmişdir. Beləliklə, o, həmin kart hesabı vasitəsilə müxtəlif marketlərdən alış-veriş etmiş, əlavə vəsaitlər xərcləmişdir. 15 fevral 2022-ci il tarixdə ona çoxsaylı zənglər gəlmiş, habelə özünü "xxxx" KB ASC-nin əməkdaşı kimi təqdim edən şəxs təhlükəsizlik məqsədilə bir neçə əməliyyatların keçirilməsi zərurətinin olduğunu bildirmiş, ondan sözügedən kredit kartına məxsus müxtəlif kodları istəmişdir. O, həmin şəxsin "xxxx" KB ASC-nin əməkdaşı olmasına inanaraq, istədiyi kodları bildirmişdir. Bundan sonra, həmin şəxs onun telefonundan mobil tətbiqi sildiklərini, bir gündən sonra yenidən yükləyə biləcəyini bildirmişlər. Sonradan pulunun oğurlanacağını düşünərək, 16 fevral 2022-ci il tarixdə sözügedən tətbiqi yükləmiş, nəticədə kart hesabından vəsaitin oğurlandığını anlamışdır. Həmin gün ona yenidən çoxsaylı zənglər gəlmiş, özünü "xxxx" KB ASC-nin əməkdaşı kimi təqdim edən şəxslər onu təhqir edərək, şərəf ləyaqətini alçaltmışlar. Kart hesabında baş verən oğurluqla bağlı o, 16 fevral 2022-ci il tarixdə iddiaçı Banka yaxınlaşmış, kredit mütəxəssisi Rəşad Əhmədzadəyə şəxsiyyətini təsdiq edən sənədi və həmin kredit kartını təqdim edərək kart hesabında hər hansı problem olub-olmamasını soruşduqda, sonuncu ona heç bir problemin görsənmədiyini bildirmişdir. Beləliklə, o bu hadisə ilə bağlı vəkil köməkliyi ilə Bərdə RPŞ-yə müraciət etmiş, lakin oğurluq edən şəxsləri tapmaq mümkün olmamışdır. Ümumilikdə onun kart hesabından 3993 manat pul çıxarılmışdır. Ona görə də, o, müqavilə ilə öhdəlik götürdüyü kart hesabından xərclədiyi məbləği ödəməyə hazır olsa da, oğurlanan puldan istifadə etmədiyi üçün həmin məbləği ödəməyəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 21 yanvar 2022-ci il tarixli, 146sBRDb/22 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 60 ay müddətinə 10000 manatədək kredit limiti ayırmış, sonuncuya bank hesabı (cari, kredit) açaraq, ödəniş kartı təqdim etmişdir. İşdə olan 21 yanvar 2022-ci il tarixdə Cavabdeh istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş sms mətnin məzmunundan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 25% ödəmək şərti ilə 4400 manatadək kredit xətti açılmışdır. İşdə olan "xxxx" KB ASC-nin 23 fevral 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, həmin tarixə Cavabdeh sözügedən müqavilə üzrə "xxxx" KB ASC-yə 4091,36 manat əsas, 984,70 manat faiz, 61,51 manat cərimə olmaqla, cəmi 5137,57 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" KB ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 20 may 2022-ci il tarixli, 01.26.2-2022-7137 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən təqdim olunan məlumata əsasən Cavabdeh məxsus 524375******9318 saylı kart hesabından 15 fevral 2022-ci il tarixində 300 manat 416973******3510 nömrəli kart hesabına, 76995,33 RUB vəsait Contact pul köçürmə sistemi ilə və 16 fevral 2022-ci il tarixində eyni şəkildə 3000 manat 416973******3510 nömrəli kart hesabına, 76995,33 RUB vəsait Contact pul köçürmə sistemi ilə Unibank mobile tətbiqi vasitəsilə həyata keçirilmişdir. Eyni zamanda, sorğuya cavab məktubunda 15 fevral 2022-ci il tarixində Cavabdeh mobil tətbiq hesabına yeni giriş olunduğu və yeni giriş üçün göndərilən OTP şifrənin qarşı tərəfə bildirildiyi, bu səbəbdən belə problemlərə görə bankın müştəri qarşısında məsuliyyət daşımadığı və hər hansısa bir dələduzluq halının baş verdiyi düşünüldüyü təqdirdə, hüquq mühafizə orqanlarına müraciət etmək hüququnun olduğu sonuncuya bank tərəfindən bildirilmişdir. İşdə olan 20 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh şikayəti əsasında toplanmış HK-1/1054 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan 23 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" KB ASC məhkəməyə müraciət edərkən 71,78 (yetmiş bir manat 78 qəpik) manat xərc (71,38 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 31 mart 2021-ci il tarixli kütləvi ofertasını qəbul (aksept) etməklə, müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Yenə bu Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə 31 mart 2021-ci il tarixli, 02/21 saylı kütləvi ofertanın 2.4 və 2.6-cı bəndlərinə əsasən “Müştəri”nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən “Bank” tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİNkod Müştəri tərəfindən Bankda olan POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə göndərilə bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur. “Müştəri” tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır. Kart və PİN kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 2.10-cu bəndinə görə müştəri kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış, 21 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 25% dərəcəsi ilə 4400 manat kredit verilmiş, habelə sonuncuya bank hesabı (cari, kredit) açmış, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə, "xxxx" KB ASC-yə 4091,36 manat əsas, 984,70 manat faiz, 61,51 manat cərimə olmaqla, cəmi 5137,57 manat borcu yaranmışdır. Eyni zamanda, Cavabdeh öz riski ilə "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 31 mart 2021-ci il tarixli kütləvi ofertasını qəbul (aksept) etməklə, müqavilə bağladığından, artıq həmin andan qüvvəyə minərək, tərəflər üçün məcburi olan bu müqavilə üzrə kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə məsuliyyət daşımağa başlamışdır. Çünki, həmin andan kart üzrə aparılmış əməliyyatlar Cavabdeh tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunmuşdur. Yəni, Cavabdeh aid kartdan aparılmış əməliyyatların qeyri-qanuni olması düşünüldükdə belə, bununla əlaqədar iddiaçı bankın cavabdeh qarşısında hər hansı bir formada məsuliyyət daşıması halı mövcud olmamış, habelə sonuncunun məhkəmə iclasında istinad etdiyi hallar şəxsi mülahizələrindən ibarət olmaqla, gələcəkdə mülki məsuliyyətindən yayınmaq məqsədi güddüyünə dəlalət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4091,36 manat əsas, 984,70 manat faiz, 61,51 manat cərimə olmaqla, cəmi 5137,57 manat borc və ödənilmiş 71,78 manat məhkəmə xərcinin əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4091,36 manat əsas, 984,70 manat faiz, 61,51 manat cərimə olmaqla, cəmi 5137,57 (beş min yüz otuz yeddi manat 57 qəpik) manat borc və ödənilmiş 71,78 (yetmiş bir manat 78 qəpik) manat məhkəmə xərcinin əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar