Məhkəmə qərarları › İş №e-2(059)-212/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-212/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-212/2023 26.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı Bank arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli, İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən 12180,21 manat əsas, 2325,95 manat faiz, 3416,25 manat cərimə olmaqla, cəmi 17922,41 manat borcun və ödənilmiş 143,77 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə qaytarmaq şərtilə, illik 19% dərəcəsi ilə 14000 manat kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehə banka olan borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu hazırkı vaxtadək banka olan cəmi 17922,41 manat borcunu ödəməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə, eyni zamanda cavabdehin iddia ərizəsinə etirazına münasibətdə göstərdi ki, etiraz ərizəsi əsassızdır. Belə ki, cavabdehin xəstəliyinin olması hazırkı mərhələdə deyil, qətnamə qanuni qüvvəsini aldıqdan sonra, icra müddəti zamanı nəzərə alına bilər. Həmçinin, cavabdeh kredit müqaviləsi üzrə bu günədək əsas borcundan 1819,79 manat, faiz borcundan isə 1290,21 manat ödəniş etmişdir. Bununla yanaşı, o, cavabdehin xəstəliyini fors major hal kimi deyil, hər kəsin başına gələcək durum olaraq düşünür. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında göstərmişdir ki, o, iddiaçının iddia ərizəsində qeyd etdiyi fikirlərlə razı deyildir. Belə ki, o, İddiaçı ASC-nin Neftçilər filialından 23 sentyabr 2021-ci il tarixli, İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsinə əsasən illik 19% dərəcəsi ilə 36 ay müddətinə 14000 manat məbləğində kredit götürmüş, habelə qrafik cədvəli üzrə 23 oktyabr 2021-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək hər ay 513,18 manat olmaqla, cəmi 3592 manat ödəniş etdiyindən sözügedən qrafik cədvəli üzrə 14882 manat borcu qalmışdır. Həmçinin, 17 may 2022-ci il tarixdə işlədiyi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, 20 aprel 2021-ci il tarixdə “Medistyle” hospitalına etdiyi müraciətindən sonra ona “ekstrakarporal hemodializ” diaqnozu qoyulmuşdur. Beləliklə, o, həmin vaxtdan müntəzəm hemodializ müalicəsi almaqla yanaşı, 18 iyul 2022-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində doktor Rəşad Şolan tərəfindən böyrək transplantasiya əməliyyatı keçirmişdir. X1 Prezidenti Mehriban xanım Əliyevaya etdiyi müraciətdən sonra, xərclərin müəyyən hissəsi qarşılanmış, habelə anası donor olmuş, həmçinin müalicə, analiz və diaqnozlarına 7680 manat vəsait xərcləmişdir. Maddi durumu çox acınacaqlıdır və qalan ömrünü xəstə kimi, iş qabiliyyəti olmadan keçirmək məcburiyyətində qalmışdır. Ona görə də, hesab edir ki, fors major hallar bank rəhbərliyi tərəfindən nəzərə alınmalıdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23 sentyabr 2021-ci il tarixdə bağlanmış İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətinə qaytarmaq şərtilə, illik 19% dərəcəsi ilə 14000 manat kredit vermişdir. İşdə olan eyni tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 14000 manat məbləğində pul vermişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 12180,21 manat əsas, 2325,95 manat faiz və 3416,25 manat cərimə borcu vardır. İşdə olan 27 dekabr 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 143,77 manat dövlət rüsumu ödəmişdir. İşdə olan “MEDİSTYLE” hospitalı tərəfindən verilmiş arayışdan, eləcə də, Azərbaycan Respublikası Respublika Diaqnostika mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, Cavabdeh “MEDİSTYLE” hospitalına müraciəti zamanı sonuncuya “Sol vahid böyrək Xroniki qlomerulonefrit. N18.5 Xroniki böyrək xəstəliyi V mərhələ Nefrogen hipertoniya. Renal anemiya. Z49.1 Ekstrakorporal hemodializ” diaqnozu, Diaqnostika mərkəzi tərəfindən isə “Z94.0 Transplantasiya olunmuş böyrəyin olması” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 19 % olmaqla, cərimə faizi ödəyir. Məhkəmə, iddiaçının "kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 12180,21 manat olan əsas kredit borcu üzrə 3416,25 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 3416,25 manat məbləğində hesablanmış cərimə məbləğinin 122 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış, 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən cavabdehə 36 ay müddətinə qaytarmaq şərti ilə, illik 19% dərəcəsi ilə 14000 manat kredit verilmişdir. İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, Cavabdeh iddiaçıya 12180,21 manat əsas, 2325,95 manat faiz, 122 manat cərimə olmaqla, cəmi 14628,16 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, həmçinin cavabdehin səhhətində olan narahatçılıqlara görə aldığı müalicələrə və keçirdiyi əməliyyata xərclədiyi vəsaitləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında 23 sentyabr 2021-ci il tarixdə bağlanmış İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 12180,21 manat əsas, 2325,95 manat faiz, 122 manat cərimə olmaqla, cəmi 14628,16 manat borc və ödənilmiş 143,77 manat dövlət rüsumunun 82%-i, yəni 117,89 manatı tutularaq, iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında 23 sentyabr 2021-ci il tarixdə bağlanmış İK seriyalı, F7_1695/K-21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 12180,21 manat əsas, 2325,95 manat faiz, 122 manat cərimə olmaqla, cəmi 14628,16 manat borc və ödənilmiş 143,77 manat dövlət rüsumunun 82%-i, yəni 117,89 manatı tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar