Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-215/2024 13.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2308,65 manat əsas, 5,39 manat kreditdən istifadəyə görə hesablanmış faiz olmaqla, cəmi 2314,04 manat borcun, qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın, eləcə də ödənilmiş 43,15 manat dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, məhkəmə baxışı gedişində yeni əsaslar yarandığından iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 1984,28 manat əsas, 6,97 manat kreditdən istifadəyə görə hesablanmış faiz, 77,53 manat 10 may 2024-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan penya olmaqla, cəmi 2068,78 manat borcun, 10 may 2024-cü il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın, eləcə də ödənilmiş 43,15 manat dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 27 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı Bank tərəfindən X5 oğluna 36 ay müddətinə, illik 14% ödənilməsi şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Beləliklə, borc alan müqavilənin 1 №-li əlavəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, borc alan Səddər Zülfüqarov 05 aprel 2023-cü il tarixində vəfat etmiş və vəfatından sonra sonuncunun bank qarşısındakı üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Bundan sonra, Səddər Zülfüqarovun mümkün vərəsələrinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmi müraciətlər və sorğular edilmiş, nəticədə Siyəzən rayon dövlət notariat ofisi tərəfindən X5 oğlunun adına hər hansı bir vərəsəlik işinin açılmaması qeyd edilsə də, Siyəzən rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən mərhumun Siyəzən rayon Qozağacı kəndində olan fərdi yaşayış evində hal-hazırda daimi yaşayan ailə üzvlərinin olması barədə məlumat verilmişdir. Həmin məlumata əsasən mərhum borc alanın evində onun faktiki vərəsələri sayılan arvadı 1972-ci il təvəllüdlü Cavabdeh2 və oğlu 1991-ci il təvəllüdlü Cavabdeh1 daimi yaşayırlar. Göründüyü kimi mərhum borc alan Səddər Zülfüqarova məxsus fərdi yaşayış evində sonuncunun arvadının və oğlunun öz ailə üzvləri ilə daimi yaşaması və bununla da həmin əmlaka sahiblik etməsi faktı vəfat etmiş borc alan Səddər Zülfüqarovdan qalmış mirasın qəbul olunmasının şəksiz nümayiş etdirilməsidir. Beləliklə, cavabdehlərin (vərəsələrin) üzərlərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozulması ilə əlaqədar iddiaçının kredit müqaviləsinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Bundan başqa, borcla bağlı cavabdehlərə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, onlar tərəfindən bank qarşısında kredit müqaviləsi üzrə mövcud öhdəliklərinin tam şəkildə icrası ilə bağlı hər hansı bir addım atılmamışdır. Bundan əlavə, mərhum Səddər Zülfüqarovun vəfatından sonra Bank tərəfindən güzəşt olunaraq, kredit müqaviləsi üzrə 11 may 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixə qədər adi faizlərin və penyanın hesablanması 6 ay müddətinə dayandırılmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum X5 oğlunun vərəsələrinin ödəniş etməsindən də bəlli olur ki, cavabdehlər müəyyən ödənişlər etməklə, sözügedən kredit müqaviləsi üzrə yaranmış borcu qəbul edirlər. Buna baxmayaraq, qarşı tərəflə iddiaçı bankın razılaşması mümkün deyildir. Belə ki, cavabdehlər yaranmış borcdan qismən ödənişlər edirlər, lakin iddiaçı bank borcun tam şəkildə ödənilməsini tələb edir. Bundan əlavə, mərhum Səddər Zülfüqarovun vəfatından sonra Bank tərəfindən güzəşt olunaraq, kredit müqaviləsi üzrə 11 may 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixə qədər adi faizlərin və penyanın hesablanması 6 ay müddətinə dayandırılmışdır. Eyni zamanda, borcla bağlı tərəflərə xəbərdarlıq məktubu göndərilmiş və həmin tarixə 125,53 manat faiz, 22,44 manat cərimə borcunun qalması qeyd edilmişdir. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərardadı ilə mərhum Səddər Zülfüqarov adına qeydiyyata alınmış Siyəzən şəhərinin, A. Zahirov küçəsindəki 12 nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddianı əsas borca münasibətdə qismən qəbul etsə də, faiz və cərimə borclarını qəbul etmir. Çünki, atası, mərhum Səddər Zülfüqarovun öldüyü günə faiz və cərimə borcu olmamış, həmçinin sonuncunun adından notarial qaydada heç bir vərəsəlik işi də açılmamışdır. Bununla belə, onun yaranmış borcu hazırda ödəməyə imkanı olmasa da, gələcək zamanda mərhum atası Səddər Zülfüqarovun öldüyü günə olan qalan borcunu bütöv şəkildə ödəyəcəkdir. Hətta, həmin pul mərhumun sığortalı olduğu şirkət tərəfindən ödənilməli olsa da, sığorta şirkəti bundan imtina edir. Eyni zamanda, iddiaçı tərəf xəbərdarlıq məktubu göndərərək, mərhum atası Səddər Zülfüqarovun vərəsəsi olduğu üçün kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini ondan tələb etmişdir. Beləliklə, mərhum atası X4 rayon Qozağacı kəndində yerləşən fərdi yaşayış evində hazırda o, anası və digər ailə üzvləri yaşayır. Bundan başqa, hazırda yaşayış olan və üzərinə həbs qoyulmuş, eləcə də mərhum atası tərəfindən miras qalan, həmçinin anası və özü tərəfindən faktiki olaraq miras kimi qəbul edilmiş Siyəzən şəhərinin, A. Zahirov küçəsindəki 12 nömrəli fərdi yaşayış evinin minimum 50000 manat dəyəri olar. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə mərhum X5 oğlu arasında 27 yanvar 2023-cü il tarixdə bağlanmış DKM/024N05A01987723 saylı kredit müqaviləsinə əsasən bank mərhum Səddar Zülfüqarova 36 ay ərzində qaytarmaq şərti ilə illik 14%-lə istehlak məqsədilə 4000 manat məbləğində kredit vermişdir. İşdə olan Bakı şəhər Xəzər rayon qeydiyyat şöbəsinin Zirə bölməsi tərəfindən 28 aprel 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 341820 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu 05 aprel 2023-cü il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 aprel 2023-cü il tarixdə 35 nömrə ilə qeyd edilmişdir. İşdə olan Siyəzən rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 yanvar 2024-cü il tarixli, 5-73-17/2-03/2024 nömrəli məktubunun surətindən görünür ki, mərhum X5 oğlunun Siyəzən rayonu Qozağacı kəndində olan fərdi yaşayış evində hal-hazırda ailə üzvləri, yəni arvadı Cavabdeh2, oğlu Cavabdeh1 Səttər oğlu, gəlini X1, nəvələri X3 və X2 yaşayır. İşdə olan Siyəzən rayonu dövlət notariat ofisinin 26 yanvar 2024-cü il tarixli, 27 nömrəli məktubunun surətindən görünür ki, 05 aprel 2023-cü il tarixdə vəfat etmiş X5 oğlunun adından heç bir vərəsəlik işi açılmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 oktyabr 2023-cü il tarixli, 3-21-3-30/2-37574/2023 nömrəli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 140,3 kvadratmetr olan fərdi yaşayış evi 17 oktyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə X5 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 12 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin tarixə, sözügedən müqavilə üzrə 125,53 manat faiz, 22,44 manat cərimə borcu yaranmışdır. İşdə olan maliyyə arayışının surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 may 2024-cü il tarixə sözügedən müqavilə üzrə 1984,28 manat əsas, 6,97 manat faiz, 77,53 manat cərimə olmaqla, cəmi 2068,78 manat borcu vardır. Həmçinin, kredit müqaviləsi üzrə 11 may 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək adi faizlərin və cərimənin hesablanması 6 ay müddətinə dayandırılmışdır. İşdə olan 14 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 43,15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 27 yanvar 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum X5 oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, mərhum borclu Səddər Zülfüqarov 05 aprel 2023-cü il tarixdə ölmüş olsa belə, tərəflər arasında mövcud olan müqavilə münasibətləri başa çatmamış və iddiaçı bank əsas borca görə 11 noyabr 2023-cü il tarixdən faizlər hesablamaqda haqlı olmuşdur. Eyni zamanda, iddiaçı 12 yanvar 2024-cü il tarixdə bildiriş göndərərək qarşı tərəfdən sözügedən müqavilə üzrə əsas və gecikmə günü üçün hesablanmış faiz borcunun qaytarılmasını tələb etmişdir. Belə olan halda, kreditorun bildiriş göndərərək qarşı tərəfdən bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair qarşı tərəfə bildiriş göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehlərdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Həmçinin, bildirişin göndərildiyi 12 yanvar 2024-cü il tarixə hesablanmış faiz borcunun 125,53 manat, cərimə borcunun isə 22,44 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kredit müqaviləsinin 5.2-ci bəndinə görə borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəyir. Bununla da, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, mərhum X5 oğlu öldüyü günədək sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini icra edərək, ödənişlərini vaxtında və lazımı qaydada icra etmiş, öldüyü tarixə gecikmiş faiz və cərimə borcu olmamış, lakin ödənilməmiş 3437,44 manat əsas borcu qalmışdır. Mərhumun ölümündən sonra bank tərəfindən güzəşt olunaraq, kredit müqaviləsi üzrə 11 may 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək adi faizlərin və cərimənin hesablanması 6 ay müddətinə dayandırılmışdır. Daha sonra, cavabdeh tərəfin 06 fevral 2024-cü il tarixdən etibarən ümumilikdə ödədiyi 1787 manat məbləğ əsas, eləcə də faiz və cərimə borcunun tutulmasına yönəldilmişdir. Halbuki, bu məbləğ yalnız müqavilə ləğv edilənədək yaranmış 125,53 manatı faiz və 22,44 manatı cərimə borcunun ödənilməsinə yönəldilməli və yerdə qalan məbləğ mərhum Səddər Zülfüqarovun öldüyü tarixə olan 3437,44 manat əsas borcdan çıxılmaqla yenidən hesablanmalıdır. Belə olan halda, sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1798,41 manat əsas borc cavabdehlərdən tutularaq iddiaçı bankın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Bundan əlavə müəyyən edildi ki, mərhum X5 oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 27 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1798,41 manat əsas borcu yaranmış, habelə mərhumun adından heç bir vərəsəlik işi açılmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsələrin vərəsəlik şəhadətnaməsinin olmaması onları mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Yəni, mərhum Səddər Zülfüqarov qanuni vərəsələri Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etməsələr belə, onların mərhumdan miras qalmış əmlaklarından, o cümlədən Siyəzən rayonu Qozağacı kəndində olan fərdi yaşayış evindən faktiki istifadə, digər ünvanı, yəni Siyəzən şəhərinin, A. Zahirov küçəsindəki 12 nömrəli fərdi yaşayış evini isə faktiki idarə etmələri artıq həmin miras kütəsinin qəbul olunmasının göstəricisidir. Belə olan halda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumun bank qarşısında malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrildiyini demək mümkündür. Bundan əlavə, cavabdehlər tərəfindən qəbul edilən miras əmlakının (miras aktivinin), yəni Siyəzən şəhərinin, A. Zahirov küçəsindəki 12 nömrəli fərdi yaşayış evinin hətta cüzi hissəsinin dəyəri iddia üzrə tələb edilən məbləğə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayətdir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1798,41 manat əsas borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi ödənilmiş 43,15 manat dövlət rüsumunun 87%-i, yəni 37,54 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1798,41 (bir min yeddi yüz doxsan səkkiz manat 41 qəpik) manat əsas borc tutulsun. İddia tələbi ödənilmiş 43,15 manat dövlət rüsumunun 87%-i, yəni 37,54 (otuz yeddi manat 54 qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-215/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-215/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver