Məhkəmə qərarları › İş №e-2(059)-219/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-219/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-219/2023 26.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı ləğv prosesində olan Bankın xeyrinə 6467,65 manat əsas, 194,33 manat müqavilə müddəti üçün hesablanmış faiz, 68,06 manat cərimə, 1,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 6731,84 manat məbləğində pulun və 87,32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, LM111900592 saylı restrukturizasiya müqaviləsi üzrə 30 iyul 2015-ci il tarixli, 1xx/xx/119829/15 saylı kredit müqaviləsinə əsasən sonuncu Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalında müəyyən edilmiş 6467,65 manat restrukturizasiya olunmuş qalıq borcu illik 1% olmaqla 36 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində sonuncunun ləğv prosesində olan QSC-yə ümumilikdə 6731,84 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarın surətindən görünür ki, QSC "Bank Standart" KB müflis elan edilməklə onun ləğvedicisi qismində "Əmanətlərin Sığortalanması Fondu" təyin edilmişdir. İşdə olan 13 noyabr 2019-cu il tarixli, LM111900592 saylı restrukturizasiya müqaviləsinin surətindən görünür ki, ləğv prosesində olan QSC "Bank Standard" KB Cavabdeh sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 6467,65 manat qalıq məbləğini ödəməsi məqsədi ilə həmin məbləğdə güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, illik faiz dərəcəsi 1% olmaqla, 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ləğv prosesində olan QSC "Bank Standard" KB tərəfindən 22 noyabr 2022ci il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh ləğv prosesində olan QSC "Bank Standard" KB-yə 15 noyabr 2019-cu il tarixə 6467,65 manat əsas, 194,33 manat müqavilə müddəti üçün hesablanmış faiz, 68,06 manat cərimə, 1,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 6731,84 məbləğində borcu vardır. İşdə olan bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar ləğv prosesində olan QSC "Bank Standard" KB tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan ********** nömrəli qəbzdən müəyyən olunur ki, ləğv prosesində olan QSC "Bank Standard" KB məhkəməyə müracət edərkən 87,32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Restrukturizasiya müqaviləsinin 5.3-cü bəndinə görə borclu borcun ödənilməsini gecikdirdyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, restrukturizasiya müddətinə 0,1 faizdən çox olmamaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə 30 iyul 2015-ci il tarixli, 1xx/xx/119829/15 saylı kredit müqaviləsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalında müəyyənləşdirilən 6467,65 manat restruktrizasiya olunmuş qalıq borcu illik 1% olmaqla 36 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka 15 noyabr 2019-cu il tarixə 6467,65 manat əsas, 194,33 manat müqavilə müddəti üçün hesablanmış faiz, 68,06 manat cərimə, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 1,80 manat faiz olmaqla, cəmi 6731,84 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin xeyrinə 6467,65 manat əsas, 194,33 manat faiz, 68,06 manat cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1,80 manat faiz borcu olmaqla, cəmi 6731,84 manat borc və ödənilmiş 87,32 manat məhkəmə xərcinin əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin xeyrinə 6467,65 manat əsas, 194,33 manat faiz, 68,06 manat cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1,80 manat faiz borcu olmaqla, cəmi 6731,84 (altı min yeddi yüz otuz bir 84 qəpik) manat borc və ödənilmiş 87,32 (səksən yeddi manat 32 qəpik) manat məhkəmə xərcinin əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar