Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-244/2025 01.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsədən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı "xxxx" ASC-nin Siyəzən filialı ilə Səfərov Nizami İclas oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli CL-EE000363616 saylı kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 60 ay müddətinə, illik 19,9 faiz olmaqla, 10300 manat məbləğində nağd kredit verilmiş, xx.xx.2020-ci il tarixdə Tamkart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat kredit limiti ayrılmışdır. X3 İclas oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı mərhum Səfərov Nizami İclas oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcu tələb edir, cavabdeh isə iddianı qəbul etmir. İddia tələbi İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı bankın xeyrinə BPM**********4 saylı xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 459,57 manat və xx.xx.2022-ci il tarixli CL-EE000363616 saylı kredit müqaviləsinə əsasən 9120,27 manat olmaqla, cəmi 9579,84 manat məbləğində kredit borcunun və ödənilmiş 115,8 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Siyəzən filialı ilə Səfərov Nizami İclas oğlu arasında bağlanmış BPM**********4 saylı xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit limiti və xx.xx.2022-ci il tarixli CL-EE000363616 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 19,9 faiz olmaqla 10300 manat məbləğində nağd kredit verilmişdir. X3 İclas oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Siyəzən rayon dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli 2054 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Səfərov Nizami İclas oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Quba filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Səfərov Nizami İclas oğlunun BPM**********4 saylı xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 459,57 manat və xx.xx.2022-ci il tarixli CL-EE000363616 saylı kredit müqaviləsinə əsasən 9120,27 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Səfərov Nizami İclas oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək cavabdehə yalnız əsas borc məbləğinin hesablandığını bildirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini, mərhum əri öldükdən sonra vərəsə kimi tanınsa da, ona hər hansı daşınar və daşınmaz əşya qalmadığını bildirib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin:
739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Mülki Prosessual Məcəllə
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin "Siyəzən" filialı ilə Səfərov Nizami İclas oğlu arasında xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********84 saylı kredit müqaviləsindən, eləcə də, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, bank tərəfindən mərhum Nizami Səfərova “Tamkart” çərçivə müqaviləsi əsasında 36 ay ərzində qaytarmaq şərti ilə illik 24% faizlə 500 manat məbləğində kredit limiti ayrılmış, mərhum Nizami Səfərovun vəfat etdiyi tarixə Banka tamkart çərçivə müqaviləsi üzrə 459,57 manat ödənilməmiş borcu qalmışdır. İşdə olan "xxxx" ASC-nin "Siyəzən" filialı ilə Səfərov Nizami İclas oğlu arasında xx.xx.2022-ci il tarixdə bağlanmış CL-EE000363616 saylı kredit müqaviləsindən, eləcə də, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, bank tərəfindən mərhum Nizami Səfərova 60 ay ərzində qaytarmaq şərti ilə illik 19,9% faizlə 10300 manat məbləğində kredit verilmiş, mərhum Nizami Səfərovun vəfat etdiyi tarixə Banka kredit müqaviləsi üzrə 9120,27 manat ödənilməmiş borcu qalmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 fevral 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 322130 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərov Nizami İclas oğlu xx.xx.2023-cü ildə Siyəzən şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 fevral 2023-cü il tarixdə 50 nömrə ilə qeyd edilmişdir. İşdə olan “Elektron notariat” X1 “Çıxarış”dan görünür ki, Siyəzən rayonu dövlət notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-1191 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri Səfərov Nizami İclas oğlunun qanun üzrə vərəsəsi olaraq "xxxx" QSC İnfrastruktur Departamenti Elektrik Təchizatı Xidməti 2 nömrəli H.Z.X2 Sahəsinin xx.xx.2023-cü il tarixli 28 saylı arayışına əsasən 2742,17 manat pul məbləğindən (miras əmlakdan) tam pay almaq hüququnun olduğu müəyyən edilmişdir. Cavabdehin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, Səfərov Nizami İclas oğlunun adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Cavabdehin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 02 saylı Sumqayıt Ərazi İdarəsindən verilmiş 24 iyun 2025-ci il tarixli arayışdan görünür ki, mərhum Səfərov Nizami İclas oğlunun Siyəzən rayonu, Siyəzən şəhəri ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində ümümbirgə mülkiyyət hüququ xx.xx.2006-cı il tarixli JN-2513A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, mərhum Səfərov Nizami İclas oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliyinə görə məsuliyyət daşıyır. Məhkəmə iclasında toplanılmaqla, tədqiq edilmiş mötəbər sənəd və sübutlarla müəyyən edilmişdir ki, mərhum Səfərov Nizami İclas oğlunun "xxxx" ASC ilə bağlamış olduğu BPM**********4 saylı xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 459,57 manat və xx.xx.2022-ci il tarixli CL- EE000363616 saylı kredit müqaviləsinə əsasən 9120,27 manat olmaqla, cəmi 9579,84 manat məbləğində kredit borcu qalmış, həmçinin xx.xx.2023-cü il tarixdə reyestrdə 2V- 1191 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhumun arvadı Cavabdeh mərhum Nizami Səfərovun yeganə vərəsəsi kimi sonuncunun öldüyü məqamadək malik olduğu miras əmlakına, o cümlədən miras aktivini təşkil edən müvafiq olaraq 2742,17 manat pula münasibətdə vərəsəlik hüququ yaranmışdır. Həmçinin məhkəmənin sorğusu əsasında mərhum Nizami Səfərovun ümümbirgə mülkiyyət hüququ üzrə Siyəzən rayonu, Siyəzən şəhəri ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə pay hüququ olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin 9579,84 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh mərhum Nizami Səfərovun borcuna görə məsuliyyət daşımalı, həmçinin bu pul əsas borcun ödənilməsinə yönəldilməlidir. Cavabdeh ərindən ona hər hansı daşınar və daşınmaz əmlakın qalmadığını bildirsə də, məhkəmənin sorğusu əsasında mərhumun torpaq sahəsinə pay hüququ olduğu, onun tərəfindən 2742,17 manat məbləğində aktiv qəbul edildiyi müəyyən olunmuşdur. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 115,80 manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı bank tərəfindən ödənilmiş 116,20 manat məhkəmə xərci tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********4 saylı xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 459,57 manat və xx.xx.2022-ci il tarixli CL- EE000363616 saylı kredit müqaviləsinə əsasən 9120,27 manat olmaqla, cəmi 9579,84 manat məbləğində kredit borcu və 116,20 manat məhkəmə xərcinin əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh BPM**********4 saylı xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 459,57 manat və xx.xx.2022-ci il tarixli CL-EE000363616 saylı kredit müqaviləsinə əsasən 9120,27 manat olmaqla, cəmi 9579,84 (doqquz min beş yüz yetmiş doqquz manat səksən dörd qəpik) manat məbləğində kredit borcu və 116,20 (bir yüz on altı manat iyirmi qəpik) manat məhkəmə xərcinin əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə