Məhkəmə qərarları › İş №e-2(059)-26/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-26/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-26/2024 26.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 1610 manat sığorta ödənişi, iddia tələbi üzrə ödənilmiş 36,50 manat dövlət rüsumu olmaqla, cəmi 1646,50 manat pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ilə bağlanmış 08 fevral 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən “VAZ 21061” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 09 iyun 2022-ci il tarixində sözügedən avtomobili idarə edərkən Siyəzən rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 21011” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Sığorta hadisəsi ilə əlaqədar iddiaçı ASC tərəfindən 1610 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Siyəzən RPŞ DYPB-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, həmçinin qeyd olunan qərarda sonuncunun sözügedən avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuş, nəticədə iddiaçının sözügedən sığorta ödənişini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehin ünvanına geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi bu günədək ödənilməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, məlum qəza baş verən vaxt avtomaşını sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etmişdir. Bundan əlavə, iddiaçı "xxxx" ASC onun sürücülük vəsiqəsi olmadan, habelə bu halı bilə-bilə idarəsində olan sözügedən avtomaşını sığorta etmişdir ki, belə olan təqdirdə zərər məbləği ondan tutula bilməz. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Sumqayıt RQİ və TBŞ tərəfindən 19 fevral 2018-ci il tarixdə verilmiş AD seriyalı, 103610 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1990-cı il buraxılışlı, “VAZ 21061” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli minik avtomobilinin sahibi X3r. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “VAZ 21061” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşın 08 fevral 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək "xxxx" ASC-də sığorta olunmuşdur. İşdə olan mötəbər sübutlardan, o cümlədən 10 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın, eləcə də 25 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətlərindən görünür ki, 09 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21061” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolun hərəkət hissəsində dayanmış “VAZ 21011” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bununla əlaqədar, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən təqsirli bilinərək, barəsində müvafiq protokol tərtib edilmişdir. İşdə olan "xxxx" ASC-nin sığorta hadisələrinin tənzimlənməsi departamaneti tərəfindən 13 iyun 2022-ci il tarixdə tərtib edilmiş hesablama aktının surətindən görünür ki, “VAZ 21011” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1610 manat məbləğində ziyan dəymişdir. İşdə olan 25 yanvar 2023-cü il tarixli, 22-03642/08/AA-2511/22 seriyalı sığorta aktının, eləcə də 26 yanvar 2023-cü il tarixli, 000421 nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, sığorta aktına əsasən “VAZ 21011” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə "xxxx" ASC X4 1610 manat sığorta ödənişi etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 9/8499-8/3354 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 iyun 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1976-cı il buraxlışlı, “VAZ 21011” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1510 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan 14 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 36,50 (otuz altı manat 50 qəpik) manat xərc (36,10 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Sözügedən Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Bu Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Adı qeyd edilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinin İ cümləsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara, o cümlədən müvafiq ekspert rəyinə əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı, yəni 09 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində X1 olan "VAZ 21061“ markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sürücülük hüququ olmadan idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində həmin vaxt idarə etdiyi "VAZ 21061“ markalı avtomobillə “VAZ 21011” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə sonuncu avtomobilə zərər dəymişdir. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən zərər məbləğinə müvafiq olaraq zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən ödənildiyinə görə “VAZ 21061” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan istismar edən Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Eyni zamanda, ekspert rəyindən də görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “VAZ 21011” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1510 manat zərər dəymişdir. Hazırda vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxx" ASC-yə cəmi 1510 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə əsasən haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1510 manat məbləğində sığorta ödənişi və çəkilmiş 36,50 manat məbləğində məhkəmə xərcinin 94%-i, yəni 34,31 manatı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 6%, yəni 6 (altı) manatı "xxxx" ASC-dən, 94%, yəni 94 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1510 (bir min beş yüz on) manat məbləğində sığorta ödənişi və çəkilmiş 36,50 manat məbləğində məhkəmə xərcinin 94%-i, yəni 34,31 (otuz dörd manat 31 qəpik) manatı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 6%, yəni 6 (altı) manatı "xxxx" ASC-dən, 94%, yəni 94 (doxsan dörd) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar