Məhkəmə qərarları › İş №e-2(059)-265/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-265/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-265/2022 28.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı Bank arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, İK seriyalı, 1023/F-20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən 1728,38 manat əsas, 841,41 manat faiz olmaqla, cəmi 2569,79 manat borcun və ödənilmiş 45,70 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədi üçün 36 ay müddətinə illik 24% faiz dərəcəsi olmaqla 1815 manat kredit vermişdir. Cavabdeh həmin kredit məbləğini müqavilədə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürsə də, müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə banka olan borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Nəticədə, onun kredit müqaviləsi üzrə cəmi 2569,79 manat borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi 28 mart 2022-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı Bankla cavabdeh arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli, kredit müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədi üçün 36 ay müddətinə illik 24% faiz dərəcəsi olmaqla 1815 manat kredit vermişdir. Cavabdeh həmin kredit məbləğini müqavilədə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürsə də, müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə banka olan borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Nəticədə, onun kredit müqaviləsi üzrə 1728,38 manat əsas, 841,41 manat faiz olmaqla, cəmi 2569,79 manat borcu yaranmış, həmçinin, İddiaçı ASC məhkəməyə müraciət edərkən 45,70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında 08 oktyabr 2020-ci il tarixdə bağlanmış İK seriyalı, 1023/F-20 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 1728,38 manat əsas, 841,41 manat faiz olmaqla, cəmi 2569,79 manat borc və ödənilmiş 45,70 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında 08 oktyabr 2020-ci il tarixdə bağlanmış İK seriyalı, 1023/F-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1728,38 manat əsas, 841,41 manat faiz olmaqla, cəmi 2569,79 manat borc və ödənilmiş 45,70 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar