Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-27/2023 11.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Zahit Karayolun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 54000 manat pulun və həmin pulun 01 oktyabr 2020-ci il tarixdən bu günə qədər olan qanuni faizlərinin hesablanaraq birlikdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı MMC tərəfdən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 54000 manat, həmçinin bu məbləğin hər üç qaimənin üzərində qeyd olunan təhvil tarixindən iddia ərizəsinin tarixi olan 15 dekabr 2022-ci il tarixinə qədərki hesablanmış faiz məbləği 6279 manat olmaqla, cəmi 60279 manat pulun və ödənilmiş 252 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC daxili ticarətlə yanaşı, xarici ölkələrdən idxal qida məhsulları da gətirərək Respublika daxili bazarda satışını həyata keçirir. Bu satışlar isə MMC-nin öz işçi qüvvəsi, satış təmsilçiləri, ekspeditorlar tərəfindən şirkətin inventarında olan avtomobillərlə həyata keçirilir. Lakin, şirkət adına satışları həyata keçirərkən ekspeditorlardan bəziləri işlərinə və əmlaklarına xələl gətirmişlər. 15 aprel 2020-ci il tarixli müraciəti əsasında Cavabdeh 16 aprel 2020-ci il tarixdə rəsmi olaraq, iddiaçı MMC-yə ekspeditor kimi işə qəbul edilmiş, habelə o, həmin ərəfədə şirkət rəhbərliyinə Bakı şəhərini, ümumiyyətlə rayonları çox yaxşı tanıdığını, rayonlar istiqamətində satışları Bakı şəhərindən nisbətən daha güclü yerinə yetirəcəyini bildirdiyindən rəhbərlik cavabdehin bu tələbini nəzərə alıb, ona həm Bakı şəhərində, həm də rayonlarda sərbəst satış həyata keçirməsinə icazə vermiş, həmçinin işə başlamazdan əvvəl müştərisindən, bazasından, satışından və bu satışlardan asılı olaraq bütün alacaqlarından, eləcə də müştərilərindən məsul olması barədə xəbərdarlıq edilmişdir. 17 aprel 2020-ci il tarixdən işə başlayan cavabdeh MMC-dəki fərqli avtomobilləri mal ilə yükləyərək, qısa vaxt ərzində Bakı şəhəri, eləcə də rayonlar üzrə isti və soyuq satış sistemi ilə böyük satışlar həyata keçirmiş, həmçinin ilk vaxtlar satışları düzgün aparmaqla, əldə etdiyi məbləğləri vaxtlı-vaxtında kassaya ödəmiş, müəyyən vaxt keçdikdən sonra Cavabdeh Bakı şəhəri və rayonlar üzrə ciddi və böyük bir müştəri bazasına sahib olmuşdur. Bundan əlavə, şirkətin müştəri alacaqları ilə əlaqəli şöbəsi digər ekspeditorlarda olduğu kimi cavabdehin müştəriləri və bu müştərilərdən alacaqları ilə əlaqədar sonuncularla telefon vasitəsilə əlaqə saxlamış, müvafiq üzləşdirmədən sonra cavabdeh həyata keçirdiyi satışlardan alınacaq məbləğləri tamamilə toplayaraq, 26 aprel 2020-ci il tarixli ərizəsinə əsasən öz xahişinə görə 27 aprel 2020-ci il tarixdə işdən azad edilmişdir. Daha sonra, Cavabdeh 10 may 2020-ci il tarixli müraciəti əsasında 12 may 2020-ci il tarixdə yenidən işə qəbul edilərək əvvəlki qaydada Bakı şəhəri, eləcə də rayonlar üzrə işləmiş, 20 iyul 2020-ci il tarixdə satışdan əldə etdiyi vəsaiti müştərilərdən alaraq, 21 iyul 2020-ci il tarixli ərizəsinə əsasən öz xahişinə görə 22 iyul 2020-ci il tarixdə işdən azad edilmişdir. Bundan sonra, satışlarının güclü olması və müştərilərdən əldə etdiyi vəsaiti vaxtında gətirməsi şirkət rəhbərliyi tərəfindən nəzərə alındığı üçün Cavabdeh yenidən 23 iyul 2020-ci il tarixli müraciəti əsasında 24 iyul 2020-ci il tarixdə MMC-də işə qəbul edilsə də, 17 avqust 2020-ci il tarixdə işdən azad edilmiş, 27 avqust 2020-ci il tarixdə isə sonuncu dəfə işlə təmin edilmişdir. Sonuncu dəfə işə qəbul edilmiş Cavabdeh ciddi rəqəmlərlə satışlar etsə də, bu dəfə müştərilərdən gələcək pullar bir qədər gecikməyə başlamış, bununla bağlı şirkət rəhbərliyinin suallarına isə narahatçılığa əsasın olmadığı, problemin pandemiya ilə əlaqədar olduğu və ən qısa zamanda həll olunacağı kimi cavab vermişdir. 25 sentyabr 2020-ci il tarixdə iddiaçı MMC tərəfindən müştərilərlə üzləşdirmə aparılarkən Cavabdeh onlara sentyabr ayı ərzində şirkətin kompaniya keçirdiyini və məhsullarının çox hissəsinin yarı qiymətə endirimdə olduğunu, ancaq satışın nağd qaydada keçiriləcəyini bildirdiyi məlum olmuş, habelə bu məlumatdan sonra cavabdeh rəhbərlik tərəfindən şirkətə dəvət edilsə də, o, gəlməkdən imtina etmişdir. Şirkət əməkdaşlarının səyi, həmçinin davamlı zənglər nəticəsində Cavabdeh 27 sentyabr 2020-ci il tarixdə şirkətə gəlib, oranın 54000 manat dəyərində olan məhsullarını endirim adı ilə dəyərindən aşağı, yəni yarı qiymətə nağd qaydada satdığını, pulları isə mənimsəyərək xərclədiyini etiraf etmiş, bu zaman şirkət rəhbərliyi pulu tələb etsə də, cavabdeh ona 3 gün vaxt verilməsini xahiş etdikdə, həmin vaxt polisə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş cavabdeh 30 sentyabr 2020-ci il tarixdə şirkətə gəlib, pulu verəcəyinə və işdən çıxma barədə ərizə də təqdim edəcəyinə dair vəd vermişdir. 30 sentyabr 2020-ci il tarixdə şirkətə gəlmiş Cavabdeh işdən çıxmasına dair ərizəsini təqdim etsə də, pul tapa bilmədiyini, ən qısa zamanda tapıb verəcəyini qeyd etmiş, yenidən ona vaxt verilməsini istədikdə, şirkət rəhbərliyi bu dəfə də ona bir ay vaxt vermiş, həmin müddət bitdikdən sonra vəsait ödənilməyəcəyi təqdirdə isə qanuni tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehə verilmiş bir ay vaxt tamam olduqdan sonra şirkət əməkdaşları dəfələrlə onunla telefon vasitəsilə əlaqə saxlasalar da, o, hər dəfə alacağının olduğunu, iki ay sonra qəti şəkildə ödəmə edəcəyini bildirmiş, ən sonunda isə pulu atası Vaqifin ödəyəcəyini bildirib, pulu verməkdən yayınmışdır. Bundan sonra, şirkətə dəyən zərərin ödənilməsi ilə əlaqədar cavabdehin atası Vaqif Babayevlə əlaqə saxlanılsa da, sonuncu əvvəlcə pulun ödənilməsində oğluna kömək edəcəyini bildirməsinə baxmayaraq, o, da xeyli vaxt ötürərək, ödəniş etməkdən yayınmış, habelə sonradan nə cavabdehə, nə də atasına zəng çatmamışdır. Daha sonra, öz imkanları hesabına cavabdehin Siyəzən şəhərində yerləşən evini tapsalar da, sonuncu orada olmamış, lakin atası Vaqif Babayevlə danışıqlardan sonra, atasının yeni nömrəsini əldə etmişlər. Cavabdeh atası Vaqif Babayev şirkətə gələrək, pulu verəcəklərini dəfələrlə bildirsə də, bunun nəticəsi olmamışdır. Hazırda cavabdehin atası Vaqif Babayev də zənglərə cavab verməməkdədir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı MMC-nin nümayəndəsi Zahit Karayol iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazında göstərmişdir ki, iddiaçı MMC-nin ondan məhkəmə qaydasında etdiyi tələb tamamilə qanunsuz və əsassız tələbdir, tələbin heç bir əsası yoxdur. Məhkəmədə mübahisələndirilən iddia ərizəsi mövcud Mülki prosessual qanunvericiliyin konkret tələblərinə tamamilə ziddir. İddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-151-ci maddələrində iddia ərizəsi üçün nəzərdə tutulan tələblərə birmənalı olaraq cavab vermir. Həmçinin, edilən tələbin özü tamamilə əsassızdır. Belə ki, o, Aqrolayn Qrup MMC ilə heç bir alqı-satqı və yaxud da onlara məxsus malı alıb kimlərəsə satmaq üçün hansısa əqdi imzalamamışdır. Aqrolayn Qrup MMC-nin harada yerləşməsindən, hansı fəaliyyətlə məşğul olmasından və s. heç bir məlumatı yoxdur. 2020-ci ildə ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar sərbəst hərəkət etməsi üçün tanışı Həmid onu muzd müqabilində hansısa icazə portalından müxtəlif tarixlərdə qısa müddətlik qeydiyyatdan keçirmişdir. Təəssüfləndirici haldır ki, İddiaçı MMC-nin hansı fəaliyyətlə məşğul olmasından, harada fəaliyyət göstərməsindən, nə iş görməsindən ümumiyyətlə xəbəri yoxdur. Həmçinin, o, həmin şirkətə nə işə daxil olmaq üçün, nə də işdən çıxmaq üçün müraciət etməmiş və yaxud da ərizə yazmamışdır. İcazə portalından tanışı onu şəxsiyyət vəsiqəsinin surəti vasitəsilə qeydiyyat keçirmişdir. İddiaçı iddia ərizəsində işə götürdüyü şəxs olaraq onun 4 günlük işləyib çıxmasını, təkrar işə qayıdıb 14 gün işləyib yenidən işdən çıxmasını və təkrar işə qayıdaraq 27 gün işləyib yenidən işdən çıxmasını bildirmişdir. Bu cür iş münasibətinin özü də əmək qanunvericiliyin tələblərinə tamamilə ziddir. İşçi və işəgötürən arasındakı əmək münasibətləri Azərbaycan Respublikasının Əmək qanunvericiliyi ilə tənzimlənir və işçi ilə işəgötürən arasında mütləq yazılı əmək müqaviləsi bağlanılmalıdır. Qısa günlük iş müqaviləsi isə ümumiyyətlə olmur. Aqrolayn Qrup MMC-nin məhkəməyə əlavə etdiyi elektron çıxarışdan da bəlli olur ki, onun karantin dövründəki icazə müddəti 4, 14 və 27 günlük olmuşdur. Bu halın özü onun dediklərinin təsdiqidir. İddiaçı əsassız olaraq tələb etdiyi əmlakın və yaxud da pulun hansı vasitə ilə ona verilməsini, onun iddiaçının dediyi malları nə zaman, harada və hansı təhvil təslim aktı, yaxud da hansı sənəd əsasında almasını təsdiq edən adi bir sənəd belə yoxdur və ola da bilməz. Çünki, o, Aqrolayn Qrup MMC-ni tanımır və karantin rejimi ilə əlaqəli sərbəst hərəkət etmək üçün portaldan icazə almaqdan ötrü sadəcə tanışının köməyindən istifadə etmişdir. Aqrolayn Qrup MMC-nin ona qarşı yanlış addımından və böhtan ataraq guya şirkətə borcunun olmasını mübahisələndirərək onun şərəf-ləyaqətini alçaltmasından ötrü, eləcə də işgüzar nüfuzuna xələl gətirdiyi üçün tərəfindən müvafiq məhkəməyə iddia tələbi ilə müraciət ediləcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan 16 aprel, 12 may, 24 iyul və 27 avqust 2020-ci il tarixli əmək müqavilələrindən, eləcə də 27 aprel 2020-ci il tarixli, 2020/141 nömrəli, 22 iyul 2020-ci il tarixli, 2020/203 nömrəli, 17 avqust 2020-ci il tarixli, 2020/235 nömrəli və 02 oktyabr 2020ci il tarixli, 2020/271 nömrəli əmək müqavilələrinə xitam verilməsinə dair əmrlərdən görünür ki, Cavabdeh müvafiq olaraq qeyd olunan müddətlər ərzində İddiaçı MMC-nin satış departamentində ekspeditor vəzifəsində işləmiş və hər dəfə eyni qaydada onunla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşdə olan 16 aprel, 12 may, 24 iyul və 27 avqust 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında ərizələrə əsasən Cavabdeh təyin olunduğu ekspeditor vəzifəsi ilə bağlı anbardan satış üçün götürdüyü mallara görə tam maddi məsuliyyətin onda olduğunu qəbul etmiş, həmçinin bu barədə ona mühasibatlıq tərəfindən şifahi məlumat verildiyini qeyd etmişdir. İşdə olan 01 sentyabr 2020-ci il tarixli, ******* nömrəli, 05 sentyabr 2020-ci il tarixli, ******* nömrəli və 11 sentyabr 2020-ci il tarixli, ******* nömrəli qaimə fakturalardan görünür ki, Cavabdeh İddiaçı MMC-dən 01 sentyabr 2020-ci il tarixdə 30971,30 manat, 05 sentyabr 2020-ci il tarixdə 13608 manat, 11 sentyabr 2020-ci il tarixdə 9420,70 manat olmaqla, ümumilikdə 54000 manat dəyərində toyuq məhsullarını təhvil almışdır. İşdə olan 30 sentyabr 2022-ci il tarixdə tərtib edilməklə, Cavabdeh tərəfindən də imzalanmış aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin ekspeditoru kimi öz müştəri bazasına satmaq üçün şirkətin Güzdək qəsəbəsindəki Mərkəzi anbarından 2020-ci ilin sentyabr ayında ümumi dəyəri 54000 manat məbləğində toyuq məhsullarını götürdüyünü, bu məhsulları müxtəlif ünvanlarda yerləşən müştərilərinə satıb, həmin ödənişləri nağd aldığını, şirkətə xəbərdarlıq etmədən oranın sistemində adına olan dövriyyədəki 54000 manat borcun pullarını müştərilərdən götürsə də, pulları şirkətə verməyərək, onu öz şəxsi ehtiyacları üçün mənimsədiyini, habelə işləri istədiyi kimi getmədiyinə görə məbləği şirkətə ödəyə bilmədiyini qeyd etmişdir. İşdə olan 06 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, iddia tələbinə məhkəmədə baxılması üçün iddiaçı tərəfindən 252 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-də ekspeditor kimi çalışdığı dövrdə, o cümlədən 27 avqust-02 oktyabr 2020-ci il tarixlər ərzində işəgötürən MMC tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürsə də, 01, 05 və 11 sentyabr 2020-ci il tarixlərdə işlədiyi MMC-dən qaimə fakturalar əsasında təhvil aldığı ümumilikdə 54000 manat dəyərində toyuq məhsullarının satışını həyata keçirməsinə baxmayaraq, əldə etdiyi vəsaiti iddiaçı MMC-nin kassasına mədaxil etməmiş, habelə bu hal 30 sentyabr 2020-ci il tarixdə cavabdehin etirafı əsasında özünün də iştirakı ilə tərtib edilməklə, onun tərəfindən imzalanmış aktla təsdiqini tapmışdır. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 02 oktyabr 2020-ci il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, sonuncu edilmiş xəbərdarlığa məhəl qoymamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh İddiaçı MMC-də ekspeditor işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə ümumilikdə 54000 manat məbləğində zərər vurmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə cavabdehin etirazına münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilməklə, verildiyindən onun məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə tərəfindən qəbul edilmişdir. Bundan əlavə, 16 aprel, 12 may, 24 iyul və 27 avqust 2020-ci il tarixli əmək müqavilələrindən, eyni tarixli tam maddi məsuliyyət haqqında ərizələrdən, həmçinin 01, 05 və 11 sentyabr 2020-ci il tarixli qaimə fakturalardan da göründüyü kimi Cavabdeh İddiaçı MMC-də ekspeditor vəzifəsində çalışmaqla, oradan satış üçün toyuq məhsulları təhvil almış, habelə sənədlər onun şəxsi imzaları ilə təsdiqlənmişdir. Qeyd olunan sənədlərdəki imzalar isə cavabdehin şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsindəki, eləcə də 30 sentyabr 2020-ci il tarixli aktdakı imzalar ilə vizual baxışda eyniyyət təşkil etdiyindən cavabdehin etirazında istinad etdiyi dəlillərin hər hansı bir əsasa malik olmamaqla, onun özünün maddi (mülki) məsuliyyətdən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarət olmasına dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MM-nin 5.3-cü mddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində tərəflər arasında öhdəliyin icrası 30 sentyabr 2020-ci il tarixdə baş tutmamışdır. Bununla da, iddiaçının qanunla qorunan hüquq, eləcə də maraqları pozulmuşdur ki, nəticədə iddiaçının dəymiş zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin İ, İİ, İİİ, İV və Vİİ hissələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, cavabdeh Vaqif Babayev iddiaçıya borclu olduğu 54000 manat pul məbləğini ödəməyi 30 sentyabr 2022-ci il tarixdən gecikdirdiyindən həmin məbləğin gecikdirilmiş vaxtı üçün illik 5 (beş) faiz 15 dekabr 2022-ci il tarixədək hesablanmalıdır. Belə ki, iddiaçı tərəf MMC-nin xeyrinə ödənilməli 54000 manat məbləğin üzərindən illik 5 (beş) faizin malların cavabdehə verildiyi qaimələrin tərtib edildiyi tarixlərdən, o cümlədən 01, 05 və 11 sentyabr 2020-ci il tarixlərdən hesablanmaqla tutulmasını xahiş etsə də, cavabdeh işçisi olduğu MMC-yə aid malların satışından əldə etdiyi vəsaiti şirkətin kassasına ödəmədən şəxsi ehtiyacları üçün sərf etməklə, mənimsəməsini 30 sentyabr 2020-ci il tarixdə yazılı şəkildə etiraf etmiş, habelə onun həmin vəsaiti özündə saxlayaraq, müəssisənin hesabına mədaxil etməməsi həmin tarixdə rəsmiləşdirilmişdir. Belə olan təqdirdə, vəsaitin mənimsənilməsinin məlum olduğu 30 sentyabr 2020-ci il tarix icranın gecikdirilməsi vaxtı kimi nəzərə alınmalı, habelə faiz məbləğinin həmin vaxtdan iddia tələbinin dəqiqləşdirilməsi tarixi olan 15 dekabr 2022-ci il tarixə kimi hesablanması məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 54000 manat, habelə 30 sentyabr 2020-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək olan müddət ərzində 54000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 5962,50 manat olmaqla, cəmi 59962,50 manat pul və iddia tələbi üzrə ödənilmiş 252 manat məbləğində dövlət rüsumunun 99%-i, yəni 249,48 manatı alınaraq ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 54000 (əlli dörd min) manat, habelə 30 sentyabr 2020-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək olan müddət ərzində 54000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 5962,50 (beş min doqquz yüz altmış iki manat 50 qəpik) manat olmaqla, cəmi 59962,50 (əlli doqquz min doqquz yüz altmış iki manat 50 qəpik) manat pul və iddia tələbi üzrə ödənilmiş 252 manat məbləğində dövlət rüsumunun 99%-i, yəni 249,48 (iki yüz qırx doqquz manat 48 qəpik) manatı alınaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-27/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-27/2023
11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver