Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-298/2025 30.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı iddia edir ki, cavabdehlə bağladığı lizinq müqaviləsinə əsasən öz öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərinə əməl etməmiş, nəticədə lizinq obyekti ondan götürülmüş və maşın təhvil alınan zaman ona ziyan dəydiyi müəyyən olunmuşdur. Odur ki, hazırda iddiaçı lizinq obyektinə dəymiş ziyanı tələb edir, cavabdeh isə məhkəmə iclaslarında iştirak etmir və iddiaya hər hansı münasibət bildirmir. İddia tələbi İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 5315,11 manat pulun və ödənilmiş 73,16 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə X5 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı “daxili lizinq müqaviləsi”nə əsasən 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356,65 manat, ümumilikdə isə 19819 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19819 manatın 14950 manatı əsas məbləğ təşkil edir. 05 sentyabr 2022-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-5164 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli e-2(059)-513/2024 saylı qətnaməsi ilə iddiaçı “Azərmaş'' MMC-nin iddası qismən təmin edilərək, “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 2000.45 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5315.11 manat ziyan dəymişdir. “Daxili lizinq” müqaviləsinin 1.1ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Mülki-Prosessual Məcəlləsi 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC və X5 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, MAS- 5164 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 14950 manat dəyərində əmlakı, yəni 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFNF130051, mühərrik nömrəsi 147H0607366 olan ağ rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 17,5% həcmində mükafat ödənilməsi şərti ilə 48 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 27 aprel 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-nin direktoru X2 ilə X5 arasında cəmiyyətin mülkiyyətində olan "Khazar LX” markalı, ban nömrəsi NVABA1HHFNFF130051 olan ağ rəngli avtomobilin təhvil təslimi aparılmışdır. İşdə olan İddiaçı MMC, X5 və Cavabdeh arasında bağlanılmış 05 sentyabr 2022-ci il tarixli, MAS-5164 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, Ceyhun Cəfərli 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüşdür. İşdə olan 05 sentyabr 2022-ci tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan, saz vəziyyətdə “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən Cavabdeh təhvil verilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(059)-513/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFNF130051, mühərrik nömrəsi 147H0607366 olan, ağ rəngli minik avtomobili Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması və həmçinin, 1033,09 manat əsas, 699,82 manat mükafat, 267,54 manat dəbbə pulu olmaqla, cəmi 2000,45 manat borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 ilə X4 tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi haqqında aktının surətindən görünür ki, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təhviltəslimi aparılarkən ön buferin, ön obirsofkaların, sağ və sol duman işıqlarının, sağ və sol faraların, kapotun, öz podpresin əzilməsi, sağ güzgünün iç şüşəsinin sınması, şit airbagının, sağ arxa qapının, sağ və sol qanadların əzik olması qeyd olunmuşdur. İşdə olan X9 MMC-nin qüsur aktının surətindən görünür ki, “Khazar LX” markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin cəmi 5315,11 manat müəyyən edilmişdir. İşdə olan 26 dekabr 2024-cü il tarixli, 2756 nömrəli pretenziya məktubunun surətindən görünür ki, 04 oktyabr 2024-cü il tarixdə lizinq obyekti olan İddiaçı MMC təhvil verilmiş “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5315,11 manat ziyan dəyməsi bildirilib qeyd olunan borcun ödənilməsi tələb edilmişdir. İşdə olan 27 aprel 2022-ci il tarixdə verilmiş BB seriyalı, 236057 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFNF130051 ban nömrəli, 147H0607366 mühərrik nömrəli ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan məhkəmənin xx.xx.2025-ci il tarixli e-2(059)-298/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası “X1” MMC tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli, 272 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, 2022-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsinə dəymiş ziyan 4936,42 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi, iddiaçı lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsini müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və dövriliklə müəyyənləşdirilmiş muzdu ödəməmişdir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “muzd ödəmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iddia tələbi avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, 27 aprel 2022-ci il tarixli, MAS-5164 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nin 4.4.1-ci bəndinə əsasən lizinq obyektinə texniki (servis) xidməti göstərilməsi, orta, cari və əsaslı təmirin aparılması lizinq alan tərəfindən həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. “X9” MMC-nin qüsur aktında “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci cəmi 5315,11 manat müəyyən edilsə də, “X1” MMC-nin 08 oktyabr 2025-ci il tarixli, 272 saylı ekspert rəyi ilə bu məbləğ 4936,42 manat müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, həmin məbləği mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, avtobilin təmir-bərpası üçün tələb edilən məbləğ ekspert rəyinə uyğun 4936,42 manat olmaqla qəbul edilməli, iddia qismən təmin edilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14 yanvar 2025-ci il tarixli qəbz haqqında məlumatdan görünür ki, İddiaçı MMC iddia tələbi üzrə ümumilikdə 73,16 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası “X1” MMC-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri ümumilikdə 300 manat təşkil edir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 4936,42 (dörd min doqquz yüz otuz altı manat qırx iki qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 73,16 manat dövlət rüsumunun 93%-i, yəni 68 manatı Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 93%-i, yəni 279 manat Cavabdeh, 7 %-i, yəni 21 manatı İddiaçı MMC-dən tutularaq “X1” MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh “Khazar LX” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 4936,42 (dörd min doqquz yüz otuz altı manat qırx iki qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 73,16 manat dövlət rüsumunun 93%-i, yəni 68 (altmış səkkiz) manatı Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 93%-i, yəni 279 (iki yüz yetmiş doqquz) manatı Cavabdeh, 7 %-i, yəni 21 (iyirmi bir) manatı İddiaçı MMCdən tutularaq “X1” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə