Məhkəmə qərarları › İş №e-2(059)-306/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-306/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-306/2023 19.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 4166,80 manat kredit borcunun və ödənilmiş 61,67 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum Həsənov Sahib Feyruz oğlu arasında 23 iyul 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank sonuncuya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 4400 manat məbləğində kredit vermişdir. Bundan sonra, Sahib Həsənov 04 oktyabr 2020-ci il tarixdə ölmüş, nəticədə 15 aprel 2021-ci il tarixdə mərhum Həsənov Sahib Feyruz oğlundan qalmış mirasa görə Cavabdeh, X2 və Həsənov Feyruz Sahib oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə, Həsənov Sahib Feyruz oğlunun vəfat etdiyi tarixə Banka 4166,80 manat əsas kredit borcu qalmışdır. Eyni zamanda, 20 iyul 2008-ci il təvəllüdlü Xanım Həsənova və Feyruz Həsənov tam fəaliyyət qabiliyyətli olmadığından onların hüquqları və qanunla qorunan mənafelərini məhkəmədə valideynləri (anası iş üzrə Cavabdeh) müdafiə edir. Bununla da, miras əmlakdan onlara çatan paylara münasibətdə də, cavabdeh kimi anaları Cavabdeh çıxış etməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında Bank tərəfindən dəfələrlə xəbərdar olunmuş, lakin bu günə kimi kredit borcunun ödənilməsi üçün tədbirlər görməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum Həsənov Sahib Feyruz oğlundan qalmış mirasa görə Cavabdeh, X2 və Həsənov Feyruz Sahib oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də, hazırkı tələb yalnız Cavabdeh qarşı yönəldilmişdir. Bundan əlavə, cavabdeh şəhadətnamə üzrə 2188 manat həcmində miras kütləsini qəbul etməsinə baxmayaraq, borc həmin məbləğdə deyil, sözügedən kredit müqaviləsi üzrə qalıq qalmış 4166,80 manat məbləğində tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, himayəsində 20 iyul 2008-ci il təvəllüdlü olmaqla, iki yetkinlik yaşına çatmayan uşağı vardır. Bundan əlavə, mərhum əri Həsənov Sahib Feyruz oğlu sağ olduğu vaxtlarda iddiaçı bankdan dəfələrlə kredit götürmüş, habelə ödənişlərində heç vaxt problemi olmamış, hər zaman vaxtında ödənişlər etmişdir. X8 öldükdən sonra, miras kütləsi kimi 2188 manat məbləğində pul vəsaitini alsa da, həmin pulu sonuncunun yas mərasiminə və baş daşı xərclərinə sərf etmişdir. Bundan əlavə, iddia üzrə tələb olunan məbləği ödəmək iqtidarında deyildir. Odur ki, mərhum Sahib Həsənovdan qalan 2188 manat miras kütləsinin 1/3 hissəsi, yəni 722,67 manatı ona çatdığı üçün ondan borcun həmin həcmdə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum Həsənov Sahib Feyruz oğlu arasında 23 iyul 2020-ci il tarixdə bağlanmış BPM**********25 saylı tam kart çərçivə müqaviləsinə, habelə bu müqaviləyə əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Sahib Həsənova 48 ay ərzində qaytarmaq şərti ilə illik 18% faizlə 4400 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, mərhum Həsənov Sahib Feyruz oğlunun 27 mart 2023-cü il tarixə Banka 4166,80 manat əsas borcu vardır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119327 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Sahib Feyruz oğlu 04 oktyabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə 19 oktyabr 2020-ci il tarixli, 182 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Siyəzən rayon notariat ofisi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixdə reyestrdə 2V-53 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, eləcə də övladları 20 iyul 2008-ci il təvəllüdlü X5 və Həsənov Feyruz Sahib oğlu 04 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Həsənov Sahib Feyruz oğlunun qanun üzrə vərəsələridir və onlar X4 tərəfindən verilməli olan 2188 manat vəsaitdən (miras əmlakdan) 1/3 hissədə irs almalıdırlar. İşdə olan 13 fevral 2023-cü i l tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 27 mart 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 61,67 manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Adı qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Həsənov Sahib Feyruz oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Həsənov Sahib Feyruz oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 23 iyul 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 4166,80 manat borcu qalmış və onun qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişdir. Bununla belə, Cavabdeh tərəfindən qəbul edilən miras əmlakı (miras aktivi) 2188 manat təşkil etmişdir ki, bu zaman ödənilməli borc yalnız həmin məbləğ həcmində məhdudlaşmalı və o, bu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul əsas məbləğin ödənilməsinə yönəldilməlidir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə miras aktivini təşkil edən 2188 manat puldan 2155,10 manat kredit borcu, həmçinin çəkilmiş 62,07 manat məhkəmə xərcinin 53%-i, yəni 32,90 manatı tutulmalıdır. Eyni zamanda, məhkəmə, mərhum borclu Sahib Həsənovun digər vərəsələri, onun yetkinlik yaşına çatmayan övladları, 20 iyul 2008-ci il təvəllüdlü X2 və Həsənov Feyruz Sahib oğluna münasibətdə qeyd edir ki, onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli olan hesab edildiklərindən, o cümlədən bu kateqoriyadan olan şəxslər Azərbaycan Respublikasının MPM-in 49.3-cü və 72.1-ci maddələrinə əsasən cavabdeh sayıla bilməyərək valideynlərinin himayəsində olduqlarından sonuncular mərhum borclu Sahib Həsənovun vərəsələri olsalar belə, hazırkı iş üzrə cavabdeh qismində cəlb edilə bilməzlər və belə fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri müdafiə edirlər. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə miras aktivini təşkil edən 2188 manat puldan 2155,10 (iki min yüz əlli beş manat 10 qəpik) manat kredit borcu, həmçinin çəkilmiş 62,07 manat məhkəmə xərcinin 53%-i, yəni 32,90 (otuz iki manat 90 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar