Məhkəmə qərarları › İş №e-2(059)-308/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-308/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-308/2023 24.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 285,43 manat əsas, 22,56 manat faiz olmaqla, cəmi 307,99 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum Allahverdiyev Bəhrəm Saat oğlu arasında 19 oktyabr 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank sonuncuya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit vermişdir. Bundan sonra, Bəhrəm Allahverdiyev 19 avqust 2021-ci il tarixdə ölmüş, nəticədə 26 fevral 2022-ci il tarixdə mərhum Allahverdiyev Bəhrəm Saat oğlundan qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə, Bəhrəm Allahverdiyevin vəfat etdiyi tarixə Banka 307,99 manat kredit borcu qalmışdır. Cavabdehlər, mərhum Allahverdiyev Bəhrəm Saat oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Odur ki, göstərilən halların nəzərə alınıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə tutulmuş borc məbləği eyni məsələ ilə bağlı olsa da, hazırkı vaxtadək həmin borc ödənilməmiş, icra olunmamışdır. Hesab edir ki, borcun hansı bankın xeyrinə tutulmalı olması icra mərhələsində həll olunan məsələdir. Eyni zamanda, "xxxx" QSC-dən fərqli olaraq, "xxxx" ASC-nin tələb etdiyi məbləğin az olması da nəzərə alınmalıdır. Odur ki, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, mərhum əri Bəhrəm Allahverdiyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləmiş, habelə sonuncu peşə xəstəliyi ilə əlaqədar vəfat etsə də, onun sığortası olmuş, lakin o, həmin məbləği imzalayaraq, qəbul etməmişdir. Bundan əlavə, onların ödəyə bilmədikləri borcları çoxdur. Hətta, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə tutulmalı olan borcu belə ödəmək iqtidarında deyildir. Belə ki, əvvəllər əmək haqqından tutulmalar aparılsa da, sonradan qolu qırıldığından işdən ayrılmaq məcburiyyətində qalmışdır. O, hazırda tələb edilən borcu da ödəyə bilməyəcəkdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə Allahverdiyev Bəhrəm Saat oğlu arasında 19 oktyabr 2020-ci il tarixdə bağlanmış BPM**********04 saylı tam kart çərçivə müqaviləsinə əsasən kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, Bəhrəm Allahverdiyevə 36 ay ərzində qaytarmaq şərti ilə illik 24% faizlə 500 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun 27 mart 2023-cü il tarixə Banka 285,43 manat əsas, 22,56 manat faiz olmaqla, cəmi 307,99 manat borcu vardır. İşdə olan 07 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı 204079 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Allahverdiyev Bəhrəm Saat oğlu 19 avqust 2021-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə 04 sentyabr 2021-ci il tarixli, 1510 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 19 avqust 2021-ci il tarixdə vəfat etmiş Allahverdiyev Bəhrəm Saat oğlunun qanun üzrə vərəsələridir və onlar mərhum Bəhrəm Allahverdiyevə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından verilməli olan 4691,70 manat, eləcə də SOCAR İB-in “X6” Trestindən isə verilməli olan 1021,26 manat vəsaitdən (miras əmlakdan) ½ hissədə pay almalıdır. İşdə olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 3M-136 nömrə ilə qeyd edilmiş miras payının bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Asan Xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu Azər Hacıyev tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ona düşən miras payını Cavabdeh2 bağışlamışdır. İşdə olan bildirişdən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(059)-464/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSCnin xeyrinə 2V-287 və 2V-288 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras aktivini təşkil edən 5712,96 manat puldan 5448,76 manat əsas, 167,37 manat faiz olmaqla, cəmi 5616,13 manat borcun, həmçinin ödənilmiş 130,54 manat dövlət rüsumunun 42%-i, yəni 54,83 manatının tutulması, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 58 %-i, yəni 58 manatın "xxxx" QSC-dən, 42%-i, yəni 42 (miras aktivini təşkil edən 5712,96 manatın üzərindən) manatın isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan 27 mart 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Adı qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında toplanmaqla, tədqiq edilmiş mötəbər sənəd və sübutlar, o cümlədən qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edildi ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 19 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 307,99 manat borcu qalmış, həmçinin 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhumun arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 birinci növbədə vərəsə kimi mərhumun öldüyü məqamadək malik olduğu miras əmlak, o cümlədən miras aktivini təşkil edən 5712,96 manat pul üzərində bərabər pay hüquqlu vərəsəlik hüququ əldə etmişlər. Bundan sonra, mərhumun qanun üzrə vərəsəsi, oğlu Cavabdeh1 ona düşən miras payını anası Cavabdeh2 bağışlamış, bununla da, sonuncunun mərhum Bəhrəm Allahverdiyevin yeganə vərəsəsi kimi miras aktivini təşkil edən 5712,96 manat pula münasibətdə vərəsəlik hüququ yaranmışdır. Lakin, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə miras aktivini təşkil edən 5712,96 manat pul mərhum Bəhrəm Allahverdiyevin "xxxx" QSCyə 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi yönəldilmiş, habelə bu məbləğin Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. İşin faktiki hallarından, eləcə də məhkəmə iclasında toplanmış mötəbər sübutlardan da göründüyü kimi Cavabdeh2 mərhum Bəhrəm Allahverdiyevin borcuna görə məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni 5712,96 manat təşkil etmiş, habelə qeyd olunan məbləğin daha əvvəl qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə mərhumun "xxxx" QSC-yə 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi məqsədilə adı çəkilən cavabdehdən həmin bankın xeyrinə tutulması qət edilmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı, eləcə də Cavabdeh2 miras əmlakın dəyərindən artıq məbləğin iddiaçı bankın xeyrinə tutulması məqsədəmüvafiq hesab edilməməklə, istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən çəkilmiş 30,40 (otuz manat 40 qəpik) manat məhkəmə xərci iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə çəkilmiş 30,40 (otuz manat 40 qəpik) manat məhkəmə xərci iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar