Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-308/2025 09.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan bankın xeyrinə 13229,69 manat əsas, 1295,41 manat faiz, 542,05 manat gecikdirilmiş vaxt üçün hesablanan illik faiz borcu olmaqla, cəmi 15067,15 manat borcun və 135,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Mercedes Benz” markalı, “Sprınter yük” modelli (Tip:Vaqon, İstehsal tarixi-2007, Ban nömrəsi:WDB9066331S246688) **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, iddiaçının nümayəndəsi 08 aprel 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iclasın onların iştirakı olmadan keçirilməklə, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi 10 may 2022ci il tarixdə imzalanmış və həmin tarixdə qüvvəyə minmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Qanunu ilə ipoteka predmetinə tutma yönəldilməsinin yeni qaydası və tutmanın notariusun icra qeydi əsasında aparılması müəyyən edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin İ, İİ və Vİ hissələrinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə, ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndində göstərilmişdir ki, icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli” təqdim olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Bu Qanunun 36-cı maddəsinin İ hissəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci və 38-ci maddələrinin İ hissələrinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı Bank ipotekaya tutma yönəldilməklə, kredit müqaviləsi üzrə borc məbləğinin tutulması ilə əlaqədar borclunun olduğu yer üzrə notariusa icra qeydinin verilməsi barədə müraciət etməmiş, habelə bunun mümkünsüz olmasını təsdiq edən mötəbər sənəd və ya sübutu iş materiallarına əlavə etməmişdir. Beləliklə, iddiaçı Bank “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda göstərilən normalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün borclunun olduğu yer üzrə notariusa müraciət etməli olduğu halda, məhkəməyə müraciət etmişdir ki, bu tələbə də mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Bununla da, məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə isə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə isə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş 135,20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda iddiaçı tərəfə izah olunmalıdır ki, qeyd olunan tələblə bağlı borclunun olduğu yer üzrə notariusa müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin və ödənilmiş 135,20 (bir yüz otuz beş manat 20 qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfə qeyd olunan tələblə bağlı borclunun olduğu yer üzrə notariusa müraciət etmək hüququ izah edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-308/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-308/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver