Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-312/2024 27.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 7266,95 manat əsas, 535,39 manat kreditdən istifadəyə görə hesablanmış adi faiz, 39,88 manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 7842,22 manat borcun, 14 mart 2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın, eləcə də ödənilmiş 98,43 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 01 may 2023-cü il tarixli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 ay müddətinə, illik 14% ödənilməsi şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Beləliklə, cavabdeh müqavilənin 1 №-li əlavəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ondan borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq xəbərdarlığın göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Nəticədə, onun banka kredit müqaviləsi üzrə cəmi 7842,22 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, iddia üzrə tələb olunan həcmdə əsas, faiz və penya borcunun, yəni hazırkı maliyyə arayışına əsasən 7266,95 manat əsas, bu günədək əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 741,69 manat faiz borcunun və illik 15% dərəcəsi ilə hesablanmış 260,92 manat penyanın tutulmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında 01 may 2023-cü il tarixdə bağlanmış DKM/024N05A02186423 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay ərzində qaytarmaq şərti ilə illik 14%-lə istehlak məqsədilə 8000 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 03 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin həmin tarixə sözügedən müqavilə üzrə "xxxx" ASC-yə 159,82 manat faiz, 0,32 manat dəbbə borcu yaranmışdır. Həmçinin, yaranmış borcla əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 14 mart 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 98,43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 01 may 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 03 noyabr 2023-cü il tarixdə borcluya bildiriş göndərərək cavabdehdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya bildiriş göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bununla da, bildirişin göndərildiyi 03 noyabr 2023-cü il tarixə hesablanmış faiz borcunun 159,82 manat, penya borcunun isə 0,32 manat təşkil etməsi müəyyən edilir ki, bu borcların da qeyd olunan həcmlərdə tutulması ədalətli və mütanasibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kredit müqaviləsinin 5.2-ci bəndinə görə borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 14% dərəcəsi ilə 8000 manat kredit vermiş, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Beləliklə, 01 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka cəmi 7427,09 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7266,95 manat əsas, 159,82 manat faiz, 0,32 manat penya olmaqla, cəmi 7427,09 manat borc və ödənilmiş 98,43 manat məhkəmə xərcinin 95%-i, yəni 93,51 manatı tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7266,95 manat əsas, 159,82 manat faiz, 0,32 manat penya olmaqla, cəmi 7427,09 (yeddi min dörd yüz iyirmi yeddi manat 09 qəpik) manat borc və ödənilmiş 98,43 manat məhkəmə xərcinin 95%-i, yəni 93,51 (doxsan üç manat 51 qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-312/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-312/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver