Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-320/2023 20.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan bank olmayan kredit təşkilatının xeyrinə 3139,75 manat əsas, 59,62 manat faiz, 1484,31 manat dəbbə pulu olmaqla, cəmi 4683,68 manat borcun və 66,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı "xxxx" ASC-nin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışa əsasən Cavabdeh iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölüb: ölüm 06 iyul 2022-ci il tarixində baş verib, iddia ərizəsi isə bundan 09 ay 14 gün sonra – 20 aprel 2023-cü il tarixində məhkəməyə verilib. Ölmüş şəxs iddia ərizəsində cavabdeh kimi göstərilib. İnsan öldükdən sonra fiziki şəxs hesab olunmur. Qanunvericiliyə görə cavabdeh fiziki şəxs olmalıdır (MPM, maddə 50.3). Ölmüş şəxs cavabdeh hesab olunmadığından ona qarşı verilmiş iddia ərizəsinin icraata qəbul edilməklə, baxılması mümkün deyildir. Bundan əlavə, Cavabdeh iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz. Mülki-Prosessual Məcəllənin 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Bununla da, hesab edirəm ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda iddiaçı tərəfə izah olunmalıdır ki, borclunun miras kütləsini qəbul etmiş hüquqi varisləri müəyyən edildiyi təqdirdə, sonunculara qarşı hazırkı tələblə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 13 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 66,90 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, qəraraaldım: iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə, eləcə də ödənilmiş 66,90 (altmış altı manat 90 qəpik) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı tərəfə borclunun miras kütləsini qəbul etmiş hüquqi varisləri müəyyən edildiyi təqdirdə, sonunculara qarşı hazırkı tələblə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-320/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-320/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver