Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-328/2025 05.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı Bankın xeyrinə müştərək qaydada 16567,47 manat əsas, 1624,55 manat faiz, 283,05 manat cərimə olmaqla, cəmi 18475,07 manat borcun və ödənilmiş 145,43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 20 iyun 2023-cü il tarixdə bağlanmış ərizəyə əsasən, sonuncu bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, iddiaçı bank tərəfindən cavabdehə illik 23,5% оlmaqla, 48 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 eyni tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Belə ki, o, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bununla belə, Cavabdeh1 30 yanvar 2025-ci il tarixdən etibarən ödənilməsi planlaşdırılmış kredit və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Beləliklə, Cavabdeh1 götürdüyü kreditdən 5432,53 manat ödəniş etmiş və onun iddiaçıya 16567,47 manat əsas kredit borcu qalmışdır. X4 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və cari hesaba köçürdüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilməsi tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanmasını başlayır. Faizlərin hesablanması bu şərtlərin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Həmin şərtilərin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdehlərin 17 fevral 2025-ci il tarixə 150 gün üçün hesablanmış faiz borcu 1624,55 manat, cərimə məbləği isə 283,05 manat təşkil edir. Nəticədə, cavabdehlərin banka kredit razılaşması üzrə cəmi 18475,07 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, sözügedən kredit razılaşması üzrə Cavabdeh1 tərəfindən təmsil etdiyi Banka sonuncu ödəniş 30 yanvar 2025-ci il tarixdə, yəni qarşı tərəfə xəbərdarlıq məktubu göndərildikdən sonra edilmişdir. Habelə, 1000 manat təşkil edən həmin kredit ödənişi əsas borc məbləğindən silinmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 20 iyun 2023-cü il tarixli ərizənin, eləcə də hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh1 müvafiq ərizəni imzalamaqla İddiaçı QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 25 noyabr 2019-cu il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olaraq onun bütün şərtləri ilə razılaşmış, həmçinin, bank tərəfindən 20 iyun 2023-cü il tarixdə, həmin tarixdən 22 iyun 2027-ci il tarixədək illik 23,5% оlmaqla, 48 ay müddətinə ödəmək şərtilə 22000 manat nağd kredit məbləği onun şəxsi hesabına köçürülmüşdür. Eyni zamanda, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" QSC arasında bağlanmış 20 iyun 2023-cü il tarixli, 011G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərilərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan İddiaçı QSC-nin 21 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktublarının, eləcə də 17 fevral 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, sözügedən razılaşma üzrə Cavabdeh1 sonuncu tarixə İddiaçı QSC-yə 16567,47 manat əsas, 21 yanvar 2025-ci il tarixə isə 1348,21 manat faiz, 216,42 manat cərimə olmaqla, cəmi 18132,10 manat borcu vardır. Həmçinin, yaranmış borcla əlaqədar İddiaçı QSC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 19 fevral 2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı QSC məhkəməyə müraciət edərkən 146,59 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 20 iyun 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağa başlamışdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 21 yanvar 2025-ci il tarixdə borcluya bildiriş göndərərək cavabdehlərdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya bildiriş göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu səbəblə məhkəmə, faiz və cərimə borcuna münasibətdə bildirişin göndərildiyi tarixə, yəni 21 yanvar 2025-ci il tarixə hesablanmış 1348,21 manat faiz, 216,42 manat cərimə borcunun tutulmasını ədalətli və mütənasib hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəasına əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtlərinin 7.20-ci bəndinə əsasən müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, 20 iyun 2023-ci il tarixli razılaşmaya əsasən iddiaçı bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 23,5% ödəmək şərti ilə 22000 manat məbləğində kredit verilmiş, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, kredit razılaşma üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 eyni tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Beləliklə, cavabdehlərin banka 16567,47 manat əsas, 1348,21 manat faiz, 216,42 manat cərimə olmaqla, cəmi 18132,10 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 16567,47 manat əsas, 1348,21 manat faiz, 216,42 manat cərimə olmaqla, cəmi 18132,10 manat məbləğində borc və ödənilmiş 145,43 manat dövlət rüsumunun 98%-i, yəni 142,52 manatı tutularaq ödənilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən 146,59 manat məbləğində məhkəmə xərci çəkilməsinə baxmayaraq, cavabdehlərdən 145,43 manat dövlət rüsumu tutulması xahiş edildiyindən, eləcə də qətnamə verilən tələbdən kənara çıxılmamaq şərti ilə qəbul edildiyindən xərc kimi ödənilmiş qalıq 1,16 manat məbləğin cavabdehlərdən tutulması istisna edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 16567,47 manat əsas, 1348,21 manat faiz, 216,42 manat cərimə olmaqla, cəmi 18132,10 (on səkkiz min yüz otuz iki manat 10 qəpik) manat məbləğində borc və ödənilmiş 145,43 (bir yüz qırx beş manat 43 qəpik) manat dövlət rüsumunun 98%-i, yəni 142,52 (bir yüz qırx iki manat 52 qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-328/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-328/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver