Məhkəmə qərarları › İş №e-2(059)-335/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-335/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-335/2025 27.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Сavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 30 yanvar 2021-ci il tarixdə Şabran rayonun Ağbaş kəndi yaxınlığında Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2101” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun sağ hissəsindən sol hissəsinə manevr etdirən zaman onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və qeyd olunan avtomaşına 823 manat məbləğində ziyan dəymişdir. Hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.2-ci və 332.4-cü maddələrinə əsasən təqsirli bilinərək, barəsində müvafiq protokol tərtib edilmiş, "xxxx" ASC tərəfindən “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə onun sahibinə 823 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında pul tələb edir, cavabdeh isə qeyd olunan məbləği qəbul etmir. İddia tələbi İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 663 manat sığorta ödənişi, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 693 manat pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASCilə bağlanmış 22 sentyabr 2020-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən “VAZ 2101” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 30 yanvar 2021-ci il tarixində sözügedən avtomobili idarə edərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən 823 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şabran RPŞ DYPB tərəfindən cəmiyyətə təqdim olunmuş 10 fevral 2025-ci il tarixli məktubda, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri AP seriyalı, 180456 nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyi qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası DİN BDYP tərəfindən cəmiyyətə təqdim edilmiş 27 fevral 2025-ci il tarixli məktubda Cavabdeh sürücülük hüququnun olmaması qeyd edilmişdir. Şabran RPŞ DYPB tərəfindən cəmiyyətə təqdim arayışda isə Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilindiyi qeyd edilmiş, habelə nəticədə cavabdehin zərərin aradan qaldırmasına dair mülki məsuliyyəti yaranmışdır. Eyni zamanda, 823 manat sığorta ödənişi məbləğindən cavabdeh 160 manatını ödəsə də, qalıq qalan məbləği ödəməsi üçün iddiaçı tərəfindən cavabdehin ünvanına 20 noyabr 2023-cü il tarixli, AS-23/1464 nömrəli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi bu günədək ödənilməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Həmin iddia ərizəsi sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-i ona qarşı 663 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 693 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş, habelə həmin ərizədə onun yol nəqliyyat hadisəsi törətdiyi və “Mersedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğu qeyd olunmuşdur. Eyni zamanda, Şabran RPŞ DYPB tərəfindən təqdim edilmiş 10 fevral 2025ci il tarixli məktubda Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri AP seriyalı, 180456 nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyi və sürücülük hüququnun olmadığı qeyd edilmişdir. Bildirir ki, iddia ərizəsində qeyd olunanlar ilə qəti razı deyildir. Belə ki, o, 2020-ci ilin dekabr ayında “Siyəzən Palace” şadlıq sarayından təxminən 300 metr aralıda, Şabran rayonu istiqamətində özünə məxsus “VAZ 2101” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə dayanmış, bu zaman özü də, avtomobilin içərisində olmuşdur. Həmin vaxt, “Mersedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək surətlə gələrək, əyləşdiyi avtomobilə çırpılmış və qəza nəticəsinə avtomobilinə xeyli ziyan dəymişdir. Habelə, Şabran rayon DYPİ-nin Sərraf adlı əməkdaşı və "xxxx" ASC-nin əməkdaşları hadisə yerinə gələrək, baxış keçirmişlər və bu zaman qarşı tərəfin təqsirkar olması qeyd edilmişdir. Beləliklə, dəvət olunduğu Şabran RPŞ-də DYPİ-nin Sərraf adlı əməkdaşı 150 manat pul ödəməsini təklif etmiş və nəticə də, “işin bağlanacağını” bildirmişdir. O, təklif ilə razılaşaraq, həmin məbləğdə pulu DYPİ-nin əməkdaşına vermiş və ona “işin bağlandığını” bildirmişlər. Qeyd edir ki, iddia ərizəsinin avtomobili sürücülük hüququ olmadan idarə etməsi hissəsi ilə razılaşsa da, bu pozuntuya görə 40 və ya 100 cərimə nəzərdə tutulmuş və o, 150 manat məbləğində pulu bu səbəbdən polis əməkdaşına vermişdir. Lakin, hadisədən 4 il 3 ay keçəndən sonra, iddia ərizəsində qərəzli olaraq təqsirli olması qeyd edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, sürücülük hüququ olmadan avtomobili idarə etsə də, hadisə baş verən avtomobilini yolun kənarında saxlamış, habelə digər avtomobil onun idarə etdiyi avtomobili vurmuşdur. Beləliklə, baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilməsə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ona inzibati tənbeh olaraq 400 manat inzibati cərimə təyin olunmuşdur. Eyni zamanda, barəsində olan inzibati tənbeh vermə haqqında qərardan şikayət verməmiş, həmçinin polis əməkdaşları tərəfindən izahatı alınarkən ona boş vərəqə imza etdirilmiş, habelə həmin vaxt özünü yaxşı hiss etməməsi səbəbindən izahatı düzgün yazılmamışdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 23.1.6. Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını cavabdehin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Sumqayıt RQİ və TBŞ tərəfindən 19 avqust 2000-ci il tarixdə verilmiş AA seriyalı, 275080 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, 13 iyul 2020-ci il tarixli, 528410 nömrəli etibarnamənin, eləcə də icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə X3 məxsus olmaqla, Cavabdeh 13 iyul 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək etibarnaməli idarəçiliyində olmuş 1972-ci il buraxılışlı, “VAZ 2101” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, albalı rəngli minik avtomobil 22 sentyabr 2020-ci il tarixdə "xxxx" Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. İşdə olan mötəbər sübutlardan, o cümlədən 30 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 30 yanvar 2021-ci il tarixdə Şabran rayonun Ağbaş kəndi yaxınlığında Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2101” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun sağ hissəsindən sol hissəsinə manevr etdirən zaman onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bununla əlaqədar, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.2-ci və 332.4-cü maddələrinə əsasən təqsirli bilinərək, barəsində müvafiq protokol tərtib edilmişdir. İşdə olan "xxxx" ASC-nin sığorta hadisələrinin tənzimlənməsi departamaneti tərəfindən 05 fevral 2021-ci il tarixdə tərtib edilmiş hesablama aktının surətindən görünür ki, “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi 823 manat məbləğində ziyan dəymişdir. İşdə olan 04 fevral 2021-ci il tarixli, 21-00878/**-AA-***/21 seriyalı sığorta aktının, eləcə də, 05 mart 2021-ci il tarixli **********/200664081 nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, sığorta aktına əsasən “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC X2 823 manat sığorta ödənişi etmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “VAZ 2101” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində Şabran rayonunun Ağbaş kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermiş, o cümlədən “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən “Mercedes Benz 190” markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 823 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmçinin cavabdeh tərəfindən sığorta ödənişinin 160 manatı cəmiyyətə qaytarılsa da, 663 manat hissəsi ödənilməmiş qalmışdır. İddiaçı "xxxx" ASC “VAZ 2101” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Beləliklə, təhlükə mənbəyi sayılan avtomobillə törədilmiş sığorta hadisəsinə görə Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə cavabdehin iddia tələbini qəbul etməyərək yol-nəqliyyat hadisəsinin törədilməsində hər hansı təqsirinin olmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında cavabdehin təqsirini təsdiq edən inzibati xəta haqqında protokol mövcuddur ki, həmin protokola əsasən hazırki yol-nəqliyyat hadisəsinin törədilməsi ilə bağlı Cavabdeh İXM-nin müvafiq maddələri ilə təqsirləndirilmiş, hadisə ilə bağlı onun izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında əməlini etiraf etməklə bərabər inzibati xəta haqqında protokolu mübahisələndirməmişdir. Bundan başqa yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 823 manat müəyyən edilmiş, qeyd edilmiş zərərdən cavabdeh tərəfindən 160 manat ödəniş edilmişdir. Bu fakt iddiaçı tərəfindən qeyd edilmiş, Cavabdeh məhkəmə iclasında verdiyi bu izahatında 160 manat məbləğində ödənişin Sərraf adlı polis əməkdaşı tərəfindən onun adından verildiyini bildirmişdir. Lakin buna dair da məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə 160 manat ödəniş edildiyini bildirməklə faktiki olaraq tələb edilən pul məbləğini etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, heç bir sübut təqdim etmədən cavabdehin məhkəmə iclasında iddia tələbini qəbul etməməsinə dair verdiyi izahat özünü müdafiə xarakteri daşıyaraq pul qismində mülki məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 12 mart 2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 663 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 693 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 663 (altı yüz altmış üç) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar