Məhkəmə qərarları › İş №e-2(059)-349/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-349/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-349/2023 17.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3la iddiaçı Bank arasında bağlanmış 23 may 2019-cu il tarixli, 008CASA191430013 nömrəli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 6218,15 manat əsas, 22,12 manat faiz, 49,37 manat cərimə olmaqla, cəmi 6289,64 manat borcun və ödənilmiş 82,90 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla Cavabdeh3 arasında bağlanmış 23 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 5 il müddətinə illik 1% dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla, 12652,49 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini kimi eyni tarixdə iddiaçı bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən sonuncuya, eləcə də digər cavabdehlərə dəfələrlə şifahi və rəsmi qaydada müraciət edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh3 kredit müqaviləsi üzrə cəmi 6289,64 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, o, işlədiyi müddətdə kredit borcunu vaxtlı-vaxtında ödəsə də, təqaüdə çıxdığı üçün maddi cəhətdən çətinliklərlə qarşılaşmış, bununla əlaqədar təxminən 3-4 ay müddətində kredit ödənişlərini icra edə bilməmişdir. Lakin, hazırda hər ay 200 manat olmaqla, bu ödənişləri icra etmək iqtidarındadır. Hətta, qeyd etdiyi məsələ ilə bağlı iddiaçı banka rəsmi qaydada məlumat belə vermiş, ancaq onunla razılaşma olmamışdır. Bundan əlavə, hazırda iddia tələbini sonuncu maliyyə arayışında göstərilmiş həcmdə, o cümlədən 5720,89 manat əsas, 1,96 manat faiz, 4,66 manat cərimə olmaqla, cəmi 5727,51 manat məbləğində qəbul edir, habelə tələbin qeyd olunan miqdarda, qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh3 borcundan ödənişlər etməyə başlamışdır. Bundan əlavə, o, təqaüddə olmaqla, hər ay 303 manat pensiya alır. Bu məbləğlə o, öz ailəsi ilə yanaşı, qızının uşaqlarının da maddi cəhətdən saxlanılmasını təmin edir. İddiaçı banka borcun mövcud olduğunu qəbul edir. Hazırda kredit öhdəliyinin icrası üçün zamin olsa da, ümumi borcun yalnız əsas borcludan, yəni digər Cavabdeh3 tutulması, o cümlədən iddianın bununla əlaqədar qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh3 arasında olan 23 may 2019-cu il tarixli, 008CASA191430013 nömrəli güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh3 5 il müddətinə illik 1% dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla, 12652,49 manat məbləğində kredit vermişdir. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında 23 may 2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmış və bu müqavilələrə görə zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 14 aprel 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı ASC-nin 17 iyul 2023-cü il tarixli kredit borcunun faizlərinin və penyanın hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh3 23 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5720,89 manat əsas, 1,96 manat faiz, 4,66 manat cərimə olmaqla, cəmi 5727,51 manat borcu vardır. İşdə olan 03 may 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 82,90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh3 üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 öz riski ilə kredit müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, 23 may 2019-cu il tarixli zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqavilələrinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 əsas borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinin İ cümləsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Güzəştli kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanan dəbbə pulu, gecikdirilən əsas borc qalığı məbləğinə borcun gecikmədə olduğu günlər üçün hesablanır. Müştəri borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 23 may 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən bank Cavabdeh3 5 il müddətinə illik 1% dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla, 12652,49 manat məbləğində kredit vermiş, bu müqavilədən irəli gələn öhdəliyin təminatı olaraq, həmin tarixdə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və sonuncular borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Beləliklə, iddiaçı həmin məbləğdə pulu Cavabdeh3 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər borclu kimi üzərilərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Bununla da, Cavabdeh3 Banka 5720,89 manat əsas, 1,96 manat faiz, 4,66 manat cərimə olmaqla, cəmi 5727,51 manat borcu qalmışdır. Belə ki, iddiaçı bank 23 may 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 6218,15 manat əsas, 22,12 manat faiz, 49,37 manat cərimə olmaqla, cəmi 6289,64 manat borcun tutulmasını tələb etsə də, məhkəməyə təqdim edilmiş 17 iyul 2023-cü il tarixli kredit borcunun faizlərinin və penyanın hesablanması haqqında arayışa əsasən bu borcun əsas məbləğ üzrə 5720,89 manat, faiz üzrə 1,96 manat, cərimə üzrə 4,66 manat olmaqla, cəmi 5727,51 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 may 2019-cu il tarixli, 008CASA191430013 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən iddiaçı bankın xeyrinə müştərək qaydada 5720,89 manat əsas, 1,96 manat faiz, 4,66 manat cərimə olmaqla, cəmi 5727,51 manat borc və ödənilmiş 82,90 manat dövlət rüsumunun 91%-i, yəni 75,44 manatı tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 may 2019-cu il tarixli, 008CASA191430013 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 5720,89 manat əsas, 1,96 manat faiz, 4,66 manat cərimə olmaqla, cəmi 5727,51 (beş min yeddi yüz iyirmi yeddi manat 51 qəpik) manat borc və ödənilmiş 82,90 manat dövlət rüsumunun 91%-i, yəni 75,44 (yetmiş beş manat 44 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar