Məhkəmə qərarları › İş №e-2(059)-358/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-358/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-358/2023 16.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan iddiaçının xeyrinə müştərək qaydada 655,53 manat əsas, 132,19 manat faiz olmaqla, cəmi 787,72 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş, habelə borclu Cavabdeh2 Müslim oğlunun 1055,53 manat əsas, 132,19 manat faiz olmaqla, cəmi 1187,72 manat problemli kredit borcu da 17 aprel 2018-ci il tarixli təhvil-təslimə dair akta əsasən BOKT İddiaçı QSC-nin Xaçmaz filialının idarəetməsinə təhvil verilmişdir. "xxxx" ASC-nin Şabran filialı ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, həmçinin kreditin təminatı olaraq, digər Cavabdeh1 ilə eyni tarixli, 1442/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əsas cavabdeh qrafikə uyğun olaraq əsas borcu, həmçinin həmin borc əsasən hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürsə də, o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bu günədək borcu ödəməkdən qərəzli şəkildə yayınmış, nəticədə iddiaçı BOKT-a cəmi 757,72 manat borcu yaranmışdırdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə habelə cavabdehlərin həmin bildirişi 10 may 2023-cü il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə, qəbul etmələrinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehlərin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş, habelə borclu Cavabdeh2 Müslim oğlunun 1055,53 manat əsas, 132,19 manat faiz olmaqla, cəmi 1187,72 manat problemli kredit borcu da 17 aprel 2018-ci il tarixli təhvil-təslimə dair akta əsasən BOKT İddiaçı QSC-nin Xaçmaz filialının idarəetməsinə təhvil verilmişdir. "xxxx" ASC-nin Şabran filialı ilə Cavabdeh2 arasında bağlanmış 06 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 24% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, həmçinin kreditin təminatı olaraq, digər Cavabdeh1 ilə eyni tarixli, 1442/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əsas cavabdeh qrafikə uyğun olaraq əsas borcu, həmçinin həmin borc əsasən hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürsə də, o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş və bu günədək borcu ödəməkdən qərəzli şəkildə yayınmış, nəticədə iddiaçı BOKT-a 655,53 manat əsas, 132,19 manat faiz olmaqla, cəmi 787,72 manat borcu yaranmış, həmçinin, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və zaminlik müqaviləsinin müddəalarından görünür ki, zaminlik müqaviləsi 06 avqust 2013-cü il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliklərin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh1 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 655,53 manat əsas, 132,19 manat faiz olmaqla, cəmi 787,72 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 655,53 manat əsas, 132,19 manat faiz olmaqla, cəmi 787,72 (yeddi yüz səksən yeddi manat 72 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar