Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-37/2024 07.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 790,94 manat əsas, 84,02 manat faiz olmaqla, cəmi 874,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şabran” filialı ilə Ramazanov Nüsrəddin Sədrəddin oğlu arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 800 manat məbləğində kredit verilmişdir. Bundan sonra, borclu Nüsrəddin Ramazanov 03 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Siyəzən rayon notariat ofisinin 16 iyun 2023-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, mərhum Ramazanov Nüsrəddin Sədrəddin oğlundan miras qalmış əmlaka dair vərəsəlik işi mərhumun vəfatından sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tərəfindən miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizələr əsasında 25 noyabr 2021-ci il tarixdə açılmışdır. Beləliklə, Ramazanov Nüsrəddin Sədrəddin oğlunun vəfat etdiyi tarixə banka cəmi 874,96 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhumdan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum Ramazanov Nüsrəddin Sədrəddin oğlunun iddiaçı bankdan götürdüyü kredit kartından vəfat etdiyi 03 iyun 2021-ci il tarixdən sonra da istifadə edilməklə, müxtəlif ödənişlər edilmişdir. Bununla belə, sistem mərhumun öldüyü tarixdən sonrakı müddət üçün olan əsas borcu üzrə faizləri hesablamır. Belə ki, ölüm haqqında şəhadətnamə sistemə daxil edildikdən sonra, əsas və mərhumun öldüyü tarixə olan faiz borcu avtomatik olaraq hesablanır. Həmçinin, faiz borcu mərhumun mövcud krediti əldə etdiyi 24%-lə, sonuncunun öldüyü tarixdən sonrakı müddət üçün hesablanarsa bu vaxt yaranmış faiz borcu əsas borcdan yüksək olar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, qardaşı Nüsrəddin Ramazanov 03 iyun 2021-ci il tarixdə öldükdən sonra o, qardaşları Cavabdeh3 və Cavabdeh4 ilə birgə mərhumdan qalmış miras əmlakları qəbul etsələr də, digər qardaşı Cavabdeh2 mirasdan imtina etmişdir. X1mış “VAZ-21074” markalı avtomaşın hazırda sonuncunun həyətində olmaqla, istifadə edilmir. Həmin avtomaşın köhnə olduğu üçün dəyəri təxminən 2000-3000 manat təşkil edir. Odur ki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 digər Cavabdeh1 izahatına uyğun, eyni məzmunlu izahat verməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmirlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Ramazanov Nüsrəddin Sədrəddin oğlu arasında 07 noyabr 2019-cu il tarixdə bağlanmış BPM**********32 saylı kredit müqaviləsinə, eləcə də maliyyə arayışına əsasən bank mərhum Nüsrəddin Ramazanova 36 ay ərzində qaytarmaq şərti ilə illik 24%-lə istehlak məqsədilə 800 manat məbləğində kredit vermişdir. Həmçinin, mərhum Ramazanov Nüsrəddin Sədrəddin oğlunun Banka vəfat etdiyi tarixə 790,94 manat əsas, 84,02 manat faiz olmaqla, cəmi 874,96 manat borcu vardır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 225024 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ramazanov Nüsrəddin Sədrəddin oğlu 03 iyun 2021-ci il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 noyabr 2021-ci il tarixdə 140 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də Siyəzən rayon dövlət notariat ofisinin 16 iyun 2023-cü il tarixli 212 nömrəli, 05 dekabr 2023-cü il tarixli, 398 nömrəli məktublarının surətlərindən görünür ki, vəfat etmiş Ramazanov Nüsrəddin Sədrəddin oğlunun adından 25 noyabr 2021-ci il tarixli, 8V-172 nömrəli vərəsəlik işi açılmış, habelə vərəsələr Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qardaşları Nüsrəddin Ramazanovdan miras qalmış daşınar və daşınmaz əmlaklarının onlara çatan hissələrini ərizə yazaraq qəbul etmişlər. Miras əmlakı “VAZ-21074” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşından və Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evdən ibarətdir. Eyni zamanda, adları çəkilən şəxslər mərhumun vərəsəsi kimi tanınsalar da, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməmişdir. İşdə olan 10 avqust 2023-cü il tarixli bildirişlərdən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 18 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 07 noyabr 2019-cu il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Ramazanov Nüsrəddin Sədrəddin oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə vərəsələr - ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Ramazanov Nüsrəddin Sədrəddin oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 07 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 874,96 manat borcu qalmış, habelə mərhumun adından 25 noyabr 2021-ci il tarixli vərəsəlik işi açılmaqla, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onun vərəsələri kimi tanınsa da, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməmişdir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Yəni, mərhum X4 Ramazanov istisna olmaqla, digər qanuni vərəsələri Qudrət, Nurəhməd və Cavabdeh4lar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etməsələr belə, onların mərhumdan miras qalmış əmlakları, o cümlədən Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evini və “VAZ-21074” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını onlara çatası pay həcmində qəbul etdikləri barədə notariat ofisinə ərizə vermələri artıq həmin mirası qəbul etmələrinin göstəricisidir. Belə olan halda, yalnız cavabdehlər Qudrət, Nurəhməd və Cavabdeh4ların mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçılarına çevrildiklərini demək mümkündür. Çünki, cavabdehlərdən Cavabdeh2 X3 miras qalmış daşınar və daşınmaz əmlaklardan ona çatası payın qəbul edilməsi üçün notariat ofisinə ərizə ilə müraciət etməmiş, bununla da, qanun üzrə vərəsə kimi mirası qəbul etməmiş, o cümlədən mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilməmişdir. Bu mənada, iddia tələbinin digər cavabdehlərə münasibətdə təmin edilməsi məqsədəmüvafiq hesab edilsə də, Cavabdeh2 münasibətdə təmin edilməsi istisna edilir. Bundan əlavə, cavabdehlər Qudrət, Nurəhməd və Cavabdeh4lar tərəfindən qəbul edilən miras əmlaklarının (miras aktivlərinin), yəni Siyəzən rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evinin və “VAZ-21074” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının onlara çatan qisminin, hətta cüzi hissəsinin dəyəri iddia üzrə tələb edilən məbləğə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayətdir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 790,94 manat əsas, 84,02 manat faiz olmaqla, cəmi 874,96 (səkkiz yüz yetmiş dörd manat 96 qəpik) manat borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə çəkilmiş cəmi 30,40 manat məhkəmə xərcinin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 790,94 manat əsas, 84,02 manat faiz olmaqla, cəmi 874,96 (səkkiz yüz yetmiş dörd manat 96 qəpik) manat borc tutulsun. İddia tələbi üzrə çəkilmiş cəmi 30,40 (otuz manat 40 qəpik) manat məhkəmə xərcinin əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-37/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-37/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver