Məhkəmə qərarları › İş №e-2(059)-38/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-38/2024

07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-38/2024 07.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması " tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 2259,83 manat kredit borcunun və ödənilmiş 42,60 dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şabran” filialı ilə Hüseynov Sənan Bahadır oğlu arasında bağlanmış 13 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Bundan sonra, borclu Sənan Hüseynov 03 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Siyəzən rayon notariat ofisinin 16 iyun 2023-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, mərhumdan miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında 21 iyul 2020-ci il tarixdə açılmışdır. Həmçinin, Hüseynov Sənan Bahadır oğlunun vəfat etdiyi tarixə iddiaçı banka 2259,83 manat əsas kredit borcu qalmışdır. Cavabdeh mərhum Hüseynov Sənan Bahadır oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə iddia tələbini qəbul etməməsi barədə etiraz ünvanlayaraq göstərmişdir ki, o, mərhum Hüseynov Sənan Bahadır oğlu ilə rəsmi nikaha daxil olmaqla, evlənmiş, habelə sonuncu 03 aprel 2020-ci il tarixdə “beyin ödəmi, Xr.respirator çatışmazlığından” ölmüşdür. Buna görə də, o, iddia tələbi ilə razı deyildir. Belə ki, iddia tələbində onun bank qarşısında olan öhdəliyini yerinə yetirməməsi qeyd edilsə də, o, sözügedən kredit borcundan xəbərsiz olmuş, habelə mərhum əri bu işlərində onunla heç vaxt məsləhət etməmişdir. Həmçinin, kredit borcu götürülən vaxt o, orada olmamış, zamin durmamışdır. Eyni zamanda, borcun ödənilməsi ilə bağlı ona hər hansı formada bildiriş gəlməmişdir. Bundan əlavə, o, minimum əmək haqqı alır və sağlamlığında olan problemlərdən əziyyət çəkir. Eyni zamanda, himayəsində 3 övladı vardır ki, qızı Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. Beləliklə, “Socarın işçilərinə maddi yardım verilməsi haqqında” əsasnamənin 4.1.4-cü bəndinə əsasən təhsil alan övladına təqaüd formasında maddi yardım göstərilməli idi, habelə bununla bağlı məhkəməyə müraciət etmiş və iddiası rədd edilmişdir. Beləliklə, o, heç bir vəsait almadığından, habelə iddia üzrə tələb olunan məbləği ödəmək iqtidarında olmadığından iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Hüseynov Sənan Bahadır oğlu arasında 13 iyun 2018-ci il tarixdə bağlanmış 1426-xx.xx.2018-002852 saylı kredit müqaviləsinə əsasən bank mərhum Hüseynov Sənan Bahadır oğluna 36 ay ərzində qaytarmaq şərti ilə illik 26% faizlə istehlak məqsədilə 5000 manat məbləğində kredit vermişdir. İşdə olan eyni tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən mərhum Hüseynov Sənan Bahadır oğluna 4950 manat ödənilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mərhum Hüseynov Sənan Bahadır oğlunun Banka 2259,83 manat ödənilməmiş əsas borcu vardır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 aprel 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 054429 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Sənan Bahadır oğlu 03 aprel 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 aprel 2020-ci il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də Siyəzən rayon dövlət notariat ofisinin 16 iyun 2023-cü il tarixli, 213 nömrəli və 05 dekabr 2023-cü il tarixli, 399 nömrəli məktublarından görünür ki, vəfat etmiş Hüseynov Sənan Bahadır oğlunun adından 21 iyul 2020-ci il tarixli, 8V-30 nömrəli vərəsəlik işi açılmış, habelə vərəsə Cavabdeh əri mərhum Sənan Hüseynovdan qalmış miras əmlakının ona çatan hissəsini ərizə yazaraq qəbul etmişdir. Miras əmlakı Siyəzən şəhəri T. İsmayılov küçəsindəki 38 saylı evin 8-ci mənzilindən ibarətdir. Həmçinin, Cavabdeh mərhumun vərəsəsi kimi tanınsa da, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan 10 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 18 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 42,60 manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 21 iyul 2020-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Hüseynov Sənan Bahadır oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Hüseynov Sənan Bahadır oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 13 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2259,83 manat əsas borcu qalmış, habelə mərhumun adından 21 iyul 2020-ci il tarixli vərəsəlik işi açılmaqla, Cavabdeh onun vərəsəsi kimi tanınsa da, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Yəni, mərhum Sənan Hüseynovun qanuni vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etməsə belə, onun mərhumdan miras qalmış əmlakı, o cümlədən Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 38 saylı evin 8-ci mənzilini qəbul etdiyi barədə notariat ofisinə ərizə verməsi artıq həmin mirası qəbul etməsinin göstəricisidir. Belə olan halda, Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrildiyini demək mümkündür. Bundan əlavə, Cavabdeh tərəfindən qəbul edilən miras əmlakının (miras aktivinin), yəni Siyəzən şəhəri T. İsmayılov küçəsindəki 38 saylı evin 8-ci mənzilinin ona çatan qisminin, hətta cüzi hissəsinin dəyəri iddia üzrə tələb edilən məbləğə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayətdir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2259,83 manat əsas kredit borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə çəkilmiş 43 manat məhkəmə xərcinin əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2259,83 (iki min iki yüz əlli doqquz manat 83 qəpik) manat əsas kredit borcu tutulsun. İddia tələbi üzrə çəkilmiş 43 (qırx üç) manat məhkəmə xərcinin əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar