Məhkəmə qərarları › İş №e-2(059)-382/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-382/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-382/2021 20.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul tələbinə" dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul tələbinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 1927 manat əsas, 160 manat cərimə olmaqla, cəmi 2087 manat borcun və 20 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(059)-382/2021 saylı məhkəmə əmri ilə Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 2087 manat borc və 20 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə həmin məhkəmənin 18 iyun 2021-ci il tarixli, 2(059)-382/2021 saylı məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçilmişdir. Bundan sonra, iddiaçı tərəf iddia tələbin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 23 mart 2020-ci il tarixli, XCMK00094 saylı nisyə alqısatqı müqaviləsi üzrə 1627 manat əsas, 1317,87 manat cərimə olmaqla, cəmi 2944,87 manat borcun və 20 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 23 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə iddiaçı cavabdehə ümumi qiyməti 2317 manat dəyərində olan məişət avadanlıqları, o cümlədən 1 ədəd 1 yerli Gold Linda künc dəstini, 1 ədəd baza çarpayını (paxlava, düyməli, krem 90x200), Ecoline döşəyi (90x200) ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdehlə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra borclu qrafik üzrə ödəməli olduğu pul məbləğini lazımınca ödəməmiş, bununla da, üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə nisyə alqı-satqı müqaviləsinin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehə borcun vaxtında qaytarılması haqqında bildiriş göndərilmiş, buna baxmayaraq bu günə qədər gecikdirilmiş borcunun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, nisyə alqı-satqı müqaviləsi üzrə borcundan qismən ödənişlər etsə də, sonradan maddi imkanı ilə əlaqədar üzərinə düşən öhdəliyi lazımınca icra edə bilməmişdir. Habelə, iddia tələbində qeyd olunan əsas borcu qəbul etsə də, cərimə borcunun azaldılması, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 23 mart 2020-ci il tarixdə bağlanmış, XCMK00094 saylı nisyə alqı-satqı müqaviləsinin və bu müqaviləyə edilmiş, 1 nömrəli əlavənin, eləcə də təhvil-təslim aktının surətlərindən görünür ki, satıcı (iddiaçı) bu müqaviləyə əsasən 2317 manat dəyərində olan məişət avadanlıqlarını, o cümlədən 1 ədəd 1 yerli Gold Linda künc dəstini, 1 ədəd baza çarpayını (paxlava, düyməli, krem 90x200), Ecoline döşəyi (90x200) borcun 24 ay müddətinə hər ay 97 manat, sonuncu ay isə 86 manat ödənilməsi şərti ilə alıcıya (cavabdehə) nisyə satmışdır. İşdə olan 20 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh alqısatqı müqaviləsi üzrə "xxxx" MMC-yə olan borcu əsas məbləğ üzrə 1627 manat, cərimə üzrə 1317,87 manat, cəmi 2944,87 manat təşkil edir. İşdə olan 20 may 2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 23 mart 2020-ci il tarixli müqavilə ilə alıcı kimi üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən Cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Nisyə alqı-satqı müqaviləsinin 6.1.1-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, iddiaçının "nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməsi" tələbini qismən əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 1627 manat olan əsas kredit borcu üzrə 1317,87 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 1317,87 manat məbləğində cərimə məbləğinin 50 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1627 manat əsas borc, 50 manat cərimə olmaqla, cəmi 1677 (bir min altı yüz yetmiş yeddi) manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun 57 %i, yəni 11,40 (on bir manat 40 qəpik) manatı tutulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, sübutların tədqiqi zamanı cavabdehin etirazının əsası kimi istinad edilən hallar sübutlarla qismən təsdiqini tapmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1627 manat əsas borc, 50 manat cərimə olmaqla, cəmi 1677 (bir min altı yüz yetmiş yeddi) manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun 57 %-i, yəni 11,40 (on bir manat 40 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar