Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-390/2022 27.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 3062,26 manat gecikdirilmiş əsas, 761,04 manat gecikdirilmiş faiz, 1299,29 manat əsas, 12,20 manat isə faiz borcu olmaqla, cəmi 5134,79 manat borcun və 71,35 manat məbləğində dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 5500 manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 ilə 21 may 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 17 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh1 adına 650 gecikmə günü qeydə alınmış, və bu barədə cababdehlərə şifahi və yazılı formada xəbərdarlıq olunmaqla borcun icrası tələb edilmişdir. Nəticədə, cavabdehlərin "xxxx" ASC-yə müqavilələr üzrə cəmi 5134,79 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, 27 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka kredit borcu vardır. Lakin, maddi durumu ağır olduğundan, yəni ailədə özünün və atasının işsiz olması səbəbindən ödənişləri edə bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddia tələbi üzrə əsas borcu qəbul etsə də, gecikdirilmiş faiz borcunu qəbul etmir. Belə ki, ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyindən ödənişləri edə bilməmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 27 noyabr 2019-cu il tarixli, İK 2711/05 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi üçün illik 17% dərəcəsi ilə 36 ay müddətinə 5500 manat məbləğində kredit vermişdir. İşdə olan 21 may 2020-ci il tarixli, ZM2105/11 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 borcalanın 27 noyabr 2019-cu il tarixli, İK 2711/05 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan 27 noyabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC Cavabdeh1 5450 (beş min dörd yüz əlli) manat ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 17 may 2022-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh1 27 noyabr 2019-cu il tarixli, İK 2711/05 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 4361,55 manat əsas, 773,24 manat faiz olmaqla, cəmi 5134,79 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 06 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 23 may 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 71,35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən də görünür ki, 5500 manat məbləğində kredit 36 ay müddətinə faizlərlə birlikdə hər ay 196,09 manat, sonuncu ay isə 197,70 manat hesablanmaqla ödənilməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, 21 may 2020-ci il tarixli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin borcalanın Bank qarşısında 27 noyabr 2019cu il tarixli, İK 2711/05 kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 27 noyabr 2019cu il tarixli, kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh1 illik 17% dərəcəsi ilə 36 ay müddətinə 5500 manat məbləğində kredit vermiş və kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq, bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı bank Cavabdeh1 həmin məbləğdə pulu verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bağlanmış müqavilələr üzrə öhdəliklərini icra etməməklə, müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Bununla da, cavabdehlərin banka kredit və zaminlik müqavilələrinə əsasən 4361,55 manat əsas, 773,24 manat faiz olmaqla, cəmi 5134,79 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə birgə qaydada 27 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4361,55 manat əsas, 773,24 manat faiz olmaqla, cəmi 5134,79 manat borc və ödənilmiş 71,35 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə birgə qaydada 27 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4361,55 manat əsas, 773,24 manat faiz olmaqla, cəmi 5134,79 (beş min yüz otuz dörd manat 79 qəpik) manat borc və ödənilmiş 71,35 (yetmiş bir manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-390/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-390/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver