Məhkəmə qərarları › İş №e-2(059)-42/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-42/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-42/2025 10.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon dövlət notariat ofisinin notariusu Nümayəndə5 iştirakları ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borclarının mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borclarının mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı bankın xeyrinə 07 aprel 2021-ci il tarixli, BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 12055,81 manat əsas, 2993,86 manat olmaqla, cəmi 15049,67 manat borcun, 13 aprel 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsi üzrə isə 498,91 manat əsas, 145,09 manat faiz olmaqla, cəmi 644 manat borcun, ümumilikdə 15693,67 manat pulun və ödənilmiş 137,48 manat məhkəmə xərcinin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı bankın xeyrinə 07 aprel 2021-ci il tarixli, BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 12055,81 manat əsas, 2993,86 manat faiz olmaqla, cəmi 15049,67 manat borcun, 13 aprel 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsi üzrə isə 498,91 manat əsas, 145,09 manat faiz olmaqla, cəmi 644 manat borcun, ümumilikdə 15693,67 manat pulun və ödənilmiş 137,48 manat məhkəmə xərcinin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şabran filialı ilə X4 oğlu arasında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 48 ay müddətinə, illik 20 faiz olmaqla, 12400 manat məbləğində nağd kredit və 13 aprel 2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən isə 36 ay müddətinə, illik 24 faiz olmaqla 500 manat məbləğində kredit limiti verilmişdir. Bundan sonra, Mikayıl Əmirquliyev 04 sentyabr 2022-ci il tarixdə ölmüş, nəticədə mərhumun vəfatından sonra ondan qalmış mirasa görə vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Beləliklə, mərhum X4 oğlunun adına Bankın “Şabran” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən, sonuncunun 07 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 12055,81 manat əsas, 2993,86 manat faiz olmaqla, cəmi 15049,67 manat borcu, 13 aprel 2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə isə 498,91 manat əsas, 145,09 manat faiz borcu olmaqla, cəmi 644 manat borcu qalmışdır. Cavabdeh isə mərhum X4 oğlundan qalmış mirası qəbul etməsinə, habelə bu barədə edilən xəbərdarlıqlara baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Mikayıl Əmirquliyevin vəfatından sonra mərhumun arvadı Cavabdeh adına vərəsəlik işi açılmasını bilsələr də, miras qalmış əmlak barədə ilk əvvəl məlumatları olmamışdır. Bundan başqa, 07 və 13 aprel 2021-ci il tarixlərdə mərhum Mikayıl Əmirquliyev ilə iddiaçı bank arasında kredit müqavilələri bağlanmış, daha sonra, Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 0,05 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 75 kv.m olan 91 saylı ev Maral Binyaminova tərəfindən 28 aprel 2021-ci il tarixdə nisyə alqısatqı müqaviləsinə əsasən Mikayıl Əmirquliyevə 30000 manata satılmış, habelə sonuncu satıcıya ilkin olaraq 10000 manat ödəniş etmişdir. Bu da ona dəlalət edir ki, Mikayıl Əmirquliyev sözügedən evi almaq üçün bankdan kredit götürərək, Maral Binyaminovaya ilkin məbləğ kimi vermişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini, yəni mərhum Mikayıl Əmirquliyevin öldüyü tarixə, 07 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 12055,81 manat əsas, 2993,86 manat faiz olmaqla, cəmi 15049,67 manat borcunun, 13 aprel 2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə isə 498,91 manat əsas, 136,96 manat faiz, cəmi 635,87 manat borc olmaqla, ümumilikdə 15685,54 manat pulun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 75 kv.m olan 91 saylı ev mərhum X1 adına olmaqla, sonuncu ilə mərhum atası Mikayıl Əmirquliyevin sağlığında, yəni 28 aprel 2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, həmin müqavilə üzrə atası Mikayıl Əmirquliyev ilkin olaraq 10000, sonradan 3000 manat ödəniş etsə də, sonuncu vəfat etdikdən sonra maddi vəziyyətləri yaxşı olmadığı üçün ödənişləri həyata keçirə bilməmişlər. Sözügedən müqavilənin şərtlərinə əsasən tam ödəniş olunduqdan sonra ev atasının adına rəsmiləşdirilməli idi. Bundan başqa, Maral Binyaminova 04 yanvar 2022-ci il tarixdə, sonuncunun əri Zahir Binyaminov isə 2025-ci ilin yanvar ayında vəfat etmişdir. Həmçinin, hazırda o, arvadı Səma, övladı Mikayıl və anası Cavabdeh ilə birlikdə bazar qiyməti 35000-40000 manat aralığında olan Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən 91 saylı evdə yaşayırlar. Bundan başqa, əvvəllər bacısı X2 da, onlarla birlikdə sözügedən evdə yaşamış, lakin, hazırda həmin evdə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır. Beləliklə, mərhum atası Mikayıl Əmirquliyevin ölümündən sonra onlara heç bir daşınmaz, eləcə də, daşınar əmlak qalmamışdır. Eyni zamanda, atası vəfat etdikdən sonra, miras əmlakının siyahıya alınması ilə bağlı notariat ofisinə, habelə hər hansı orqana müraciət etməməklə, yanaşı buna zərurət görməmişlər. Hətta, atası sağlığında “Siyəzənneft” NQÇİ-də elektromontyor işləməsinə baxmayaraq, onun həmin İdarədə miras qalmış pul vəsaiti olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon dövlət notariat ofisinin notariusu Nümayəndə5 izahatında göstərdi ki, X4 oğlu 04 sentyabr 2022-ci il tarixdə vəfat etmiş, sonuncunun arvadı Cavabdeh vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı 17 aprel 2023-cü il tarixdə Siyəzən rayon dövlət notariat ofisinə müraciət etmiş, habelə həmin tarixdə vərəsəlik işi açılmışdır. Bundan sonra, 18 aprel 2023-cü il tarixdə tərəfindən Socar Azneft İB-nin “Siyəzənneft” NQÇİ-yə mərhum Mikayıl Əmirquliyevin miras qalmış pul məbləğinə dair hüquq müəyyənedici sənədin təqdim olunması üçün sorğu verilmişdir. Daha sonra, Socar Azneft İB-nin “Siyəzənneft” NQÇİ-nin 13 fevral 2025-ci il tarixli məlumatların təqdim edilməsi ilə bağlı cavab məktubunda mərhum Mikayıl Əmirquliyevin miras qalmış pul vəsaitinin olmaması qeyd edilmişdir. Bundan başqa, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 75 kv.m olan 91 saylı ev 02 iyul 2015-ci il tarixdə Cavabdeh tərəfindən X3 5000 manat məbləğində satılmışdır. Bundan sonra, 28 aprel 2021-ci il tarixdə sözügedən ev nisyə alqı-satqı müqaviləsinə əsasən Maral Binyaminova tərəfindən Mikayıl Əmirquliyevə 30000 manata satılmış, habelə sonuncu satıcıya ilkin olaraq 10000 manat ödəniş etmiş, qalıq 20000 manatı isə 07 may 2021-ci il tarixdən başlayaraq, 28 aprel 2025-ci il tarixədək ödəyəcəyini öz üzərinə götürmüş, habelə vəfat edənədək 10000 manatdan əlavə 3000 manat da, ödəniş etmişdir. Bundan başqa, Maral Binyaminova 04 yanvar 2022-ci il tarixdə, sonuncunun əri Zahir Binyaminov isə 2025-ci ilin yanvar ayında vəfat etmişdir. Belə ki, sözügedən ev hal-hazırda Cavabdeh faktiki sahibliyində və istifadəsində olmaqla, yanaşı sonuncu tərəfindən kommunal xərclər ilə bağlı ödənişlər aparılır. Həmçinin, Mikayıl Əmirquliyev vəfat etdikdən sonra Siyəzən rayon dövlət notariat ofisinə mərhumun miras əmlakının siyahıya alınması ilə bağlı müraciət olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə X4 oğlu arasında 07 aprel 2021-ci il tarixdə bağlanmış BPM**********23 saylı kredit müqaviləsinə, eləcə də maliyyə arayışına əsasən bank mərhum Mikayıl Əmirquliyevə 48 ay ərzində qaytarmaq şərti ilə illik 20%-lə şəxsi istehlak məqsədilə 12400 manat məbləğində kredit vermişdir. Həmçinin, mərhum X5 vəfat etdiyi tarixə 12055,81 manat əsas, 2993,86 manat olmaqla, cəmi 15049,67 manat borcu vardır. İşdə olan "xxxx" ASC-nin "Şabran" filialı ilə X4 oğlu arasında 13 aprel 2021-ci il tarixdə bağlanmış BPM**********41 saylı tam kart çərçivə müqaviləsinə, eləcə də maliyyə arayışına əsasən bank mərhum Mikayıl Əmirquliyevə 36 ay ərzində qaytarmaq şərti ilə illik 24% faizlə 500 manat məbləğində kredit limiti ayırmışdır. Həmçinin, mərhum X5 vəfat etdiyi tarixə bu kredit limiti üzrə 498,91 manat əsas, 136,96 manat faiz olmaqla, cəmi 635,87 manat borcu vardır. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusu Nümayəndə5 tərəfindən 28 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-169 nömrə ilə qeyd edilmiş müqavilənin surətindən görünür ki, satıcı X6 mülkiyyətindəki Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75 kv.m olan 91 saylı evi X4 oğluna 30000 manata satmışdır. Həmçinin, icra sənədinin icrası ilə əlaqədar tərəflər razılığa gələrək, alıcı X4 oğlu ilkin olaraq 10 000 manat məbləği satıcı X3 notariusun bankda açdığı depozit hesabı vasitəsilə ödəməyi, qalan 20000 manatı isə 07 may 2021-ci il tarixdən 28 aprel 2025-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 269035 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 oğlu 04 sentyabr 2022-ci tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 sentyabr 2022-ci il tarixdə 142 nömrə ilə qeyd edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin 22 may 2024-cü il tarixli, 151 nömrəli məktubundan görünür ki, vəfat etmiş X4 oğlunun adından 17 aprel 2023-cü il tarixli, 8V-51 nömrəli vərəsəlik işi açılmış, habelə vərəsəsi arvadı Cavabdeh tanınsa da, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan 09 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 22 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 137,08 (bir yüz otuz yeddi manat 08 qəpik) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, müqavilə tərəfləri üzrə mübahisəli hüquq münasibətləri 07 və 13 aprel 2021-ci il tarixlərdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum X4 oğlu kredit müqavilələrini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243 maddənin İİ və İİİ hissələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Bundan əlavə müəyyən edildi ki, mərhum X4 oğlunun "xxxx" ASC ilə bağlamış olduğu sözügedən kredit müqavilələri üzrə ümumilikdə 15685,54 manat borcu yaranmış, habelə mərhumun adından vərəsəlik işi açılmasına və Cavabdeh vərəsə kimi tanınmasına baxmayaraq, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Yəni, mərhum Mikayıl Əmirquliyevin qanuni vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etməsə belə, onun mərhumdan miras qalmış Siyəzən şəhəri, Heydər Əliyev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75 kv.m olan 91 saylı evi faktiki istifadə və idarə etməsi işin mübahisələndirilməyən halı olmaqla, artıq həmin miras kütləsinin cavabdeh tərəfindən qəbul olunmasının göstəricisidir. Belə ki, Siyəzən rayon dövlət notariat ofisində 28 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-169 nömrə ilə qeyd edilmiş müqaviləyə əsasən, X6 mülkiyyətindəki Siyəzən şəhəri, Heydər Əliyev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75 kv.m olan 91 saylı evi X4 oğluna 30000 manata satmış, həmçinin, həmin puldan 10 000 manatı ilkin olaraq, 3000 manat hissə-hissə olmaqla, cəmi 13000 manat ödənilmiş, habelə sözügedən müqavilənin notariat qaydasında təsdiq edildiyi 28 aprel 2021-ci il tarixdən vəfat etdiyi 04 sentyabr 2022-ci il tarixədək mərhum Mikayıl Əmirquliyev, eləcə də, hal-hazıradək onun vərəsəsi olan hazırkı iş üzrə cavabdeh bu əmlaka sahiblik etməklə, ondan istifadə etmişdir. Belə olan halda, Cavabdeh mərhumun bank qarşısında malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrildiyini demək mümkündür. Bundan əlavə, cavabdeh tərəfindən qəbul edilən sözügedən miras əmlakı (miras aktivi) mərhum Mikayıl Əmirquliyevlə Cavabdeh nikah dövründə əvəzli qaydada əldə edilmiş birgə mülkiyyəti olmaqla, bu əmlakdan mərhumun payına düşən ½ hissənin dəyəri iddia üzrə tələb edilən məbləğləri əhatə etməklə, bu borcların ödənilməsi üçün kifayətdir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bu Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bundan əlavə, mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Lakin, məhkəmə araşdırması zamanı miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi daşıyan cavabdeh tərəf təklif olunmasına baxmayaraq, mirası notarius tərəfindən siyahıya aldırmamasını, bunu zəruri hesab etməməsini bildirməklə, miras qoyanın digər borclarının olmasını və həmin borcların mirasdan çox olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 07 aprel 2021-ci il tarixli, BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 12055,81 manat əsas, 2993,86 manat faiz olmaqla, cəmi 15049,67 manat borc, 13 aprel 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsi üzrə isə 498,91 manat əsas, 136,96 manat faiz olmaqla, cəmi 635,87 manat borc olmaqla, ümumilikdə 15685,54 manat pul, habelə iddia tələbi üzrə çəkilmiş 137,48 manat məhkəmə xərcinin əvəzi tutularaq, ödənilməlidirb. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 07 aprel 2021-ci il tarixli, BPM**********23 nömrəli kredit müqaviləsi üzrə 12055,81 (on iki min əlli beş manat 81 qəpik) manat əsas, 2993,86 (iki min doqquz yüz doxsan üç manat 86 qəpik) manat faiz olmaqla, cəmi 15049,67 (on beş min qırx doqquz manat 67 qəpik) manat borc, 13 aprel 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart müqaviləsi üzrə isə 498,91 (dörd yüz doxsan səkkiz manat 91 qəpik) manat əsas, 136,96 (bir yüz otuz altı manat 96 qəpik) manat faiz olmaqla, cəmi 635,87 (altı yüz otuz beş manat 87 qəpik) manat borc olmaqla, ümumilikdə 15685,54 (on beş min altı yüz səksən beş manat 54 qəpik) manat pul tutulsun. İddia tələbi üzrə çəkilmiş 137,48 (bir yüz otuz yeddi manat 48 qəpik) manat məhkəmə xərcinin əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar