Məhkəmə qərarları › İş №e-2(059)-430/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-430/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-430/2025 25.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu iddiaçı “X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Siyəzən Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(059)-425/2025 nömrəli qərardadı ilə iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 75,97 manat dövlət rüsumu iddia ərizəsində cavabdehin yaşayış yeri (müvəqqəti qeydə alındığı ünvan) qeyd edilmədiyinə, habelə cavabdeh müvəqqəti olaraq Şuşa rayonunun Turşsu qəsəbəsində qeydiyyatda olduğuna görə icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı «X1 Azərbaycan» QSC Siyəzən Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(059)-425/2025 nömrəli qərardadında göstərilən nöqsanlar aradan qaldırılmadan, yenidən Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının MPMnin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Çünki, iddia ərizəsində cavabdehin yaşayış yeri (müvəqqəti qeydə alındığı ünvan) qeyd edilməmiş, əvvəlki iddia ərizəsi verilərkən istifadə edilmiş dövlət rüsumunun qəbz nömrəsi yenidən bu ərizədə qeyd edilməklə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilməmiş, habelə Elektron məhkəmə informasiya sistemində müvafiq sorğulama aparılarkən cavabdehin hazırda müvəqqəti olaraq Şuşa rayonunun Turşsu qəsəbəsində qeydiyyatda olması aşkar edilmiş, bununla da cavabdehin iddia ərizəsində göstərilən Siyəzən şəhəri ilə hər hansı bağlılığının olması müəyyən edilməmişdir. Belə ki, Elektron məhkəmə informasiya sistemindən şəxsin fərdi məlumatları barədə çıxarışdan göründüyü kimi, Türkiyə Respublikasının vətəndaşı olan Cavabdeh (FİN:xxxxxxx) Azərbaycan Respublikasında müvəqqəti qeydiyyatda olduğu ünvan Şuşa rayonunun Turşsu qəsəbəsidir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər işdə iştirak edən şəxslərdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən isə tərəflər dedikdə, iddiaçı və cavabdeh nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, həmin norma imperativ xarakter daşımaqla, iddia ərizəsinin cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilmə qaydasını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsinə əsasən hazırkı iddia tələbi üzrə iddiaçının seçməsinə görə aidiyyətlə bağlı hallar da mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yenə bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfə bir daha izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, sənədlər nəzərdən keçirilərkən ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzin elektron sistem vasitəsilə başqa mülki iş üzrə (2(059)-425/2025 saylı) artıq istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı “X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar