Məhkəmə qərarları › İş №e-2(059)-464/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-464/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-464/2022 05.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" QSC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 9440,92 manat əsas, 1489,64 manat faiz, 2581,16 manat cərimə olmaqla, cəmi 13511,72 manat borcun və ödənilmiş 130,54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Allahverdiyev Bəhrəm Saat oğlu "xxxx" QSC ilə 06 aprel 2021-ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, 10000 manat məbləğində kredit götürmüşdür. Bəhrəm Allahverdiyev dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17 avqust 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamış, habelə götürdüyü kredit borcundan 559,08 manat ödəniş etmiş və onun iddiaçıya 9440,92 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Allahverdiyev Bəhrəm Saat oğlu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün onun 08 iyun 2022-ci il tarixə 295 gün üçün hesablanmış faiz borcu 1489,64 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 08 iyun 2022-ci il tarixə 295 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2581,16 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli arayışa əsasən "xxxx" QSC-yə borclu Allahverdiyev Bəhrəm Saat oğlunun öldüyü məlum olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin notariusu X4 verdiyi qanun üzrə şəhadətnamənin surətindən də göründüyü kimi Cavabdeh və X2 26 fevral 2022-ci il tarixli, 2V-287 və 2V-288 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Allahverdiyev Bəhrəm Saat oğlunun vərəsələridir. Daha sonra, X2 26 fevral 2022-ci il tarixli, “Miras payın bağışlanması” müqaviləsinə əsasən 26 fevral 2022-ci il tarixli, 2V-287 və 2V-288 reyestr nömrələri ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras payını Cavabdeh bağışlamışdır. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan, eləcə də onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Allahverdiyev Bəhrəm Saat oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" QSC-nin "Xaçmaz" filialı ilə mərhum Allahverdiyev Bəhrəm Saat oğlu arasında 06 aprel 2021-ci tarixdə bağlanmış kredit müqaviləsinin surətinə əsasən sonuncuya 36 ay ərzində qaytarmaq şərti ilə illik 20% faizlə istehlak məqsədilə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun 08 iyun 2022-ci il tarixə Banka 9440,92 manat əsas, 1489,64 manat faiz, 2581,16 manat cərimə olmaqla, cəmi 13511,72 manat borcu vardır. İşdə olan Siyəzən şəhər soveti tərəfindən 06 noyabr 1987 il tarixdə verilmiş İV-ЖГ seriyalı, 385340 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin, eləcə də “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışın surətlərindən görünür ki, Cavabdeh 06 noyabr 1987 il tarixdən mərhum Allahverdiyev Bəhrəm Saat oğlu ilə rəsmi nikah münasibətlərində olmuş, habelə onların bu nikahından 30 yanvar 1988-ci il tarixdə Cavid, 07 iyul 1989-cu il tarixdə isə Zümrüd adında iki övladı doğulmuşdur. İşdə olan “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışın, eləcə də 07 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı 204079 nömrəli ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, Allahverdiyev Bəhrəm Saat oğlu 19 avqust 2021-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə 04 sentyabr 2021-ci il tarixli, 1510 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh və X3 19 avqust 2021-ci il tarixdə vəfat etmiş Allahverdiyev Bəhrəm Saat oğlunun qanun üzrə vərəsələridir və onlar mərhum Bəhrəm Allahverdiyevə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından verilməli olan 4691,70 manat, eləcə də SOCAR İB-in “X11” Trestindən isə verilməli olan 1021,26 manat vəsaitdən (miras əmlakdan) ½ hissədə pay almalıdır. İşdə olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixdə reyestrdə 3M-136 nömrə ilə qeyd edilmiş miras payının bağışlanması müqaviləsinin surətindən görünür ki, X3 “Asan Xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu Azər Hacıyev tərəfindən verilmiş 26 fevral 2022ci il tarixdə reyestrdə 2V-287 və 2V-288 nömrələrlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ona düşən miras payını Cavabdeh bağışlamışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar "xxxx" QSC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 9/7324 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Allahverdiyev Bəhrəm Saat oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06 aprel 2021-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Bəhrəm Allahverdiyevin banka 08 iyun 2022-ci il tarixə əsas borcunun 9414,34 manat, 19 avqust 2021-ci il tarixə faiz borcunun isə 167,37 manat olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 23 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" QSC məhkəməyə müraciət edərkən 130,54 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Adı qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan əlavə, Bank Xidmətlərinin Göstərilməsi haqqında X6 7.20-ci bəndinə görə müştəri krediti və kredit faizini vaxtında Banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinin İ və İİ hissələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Bu mənada qeyd olunur ki, Allahverdiyev Bəhrəm Saat oğlu 19 avqust 2021-ci il tarixdə öldüyündən həmin tarixdən etibarən sonuncuya münasibətdə müqavilə ilə müəyyənləşdirilən öhdəliyin lazımınca icra edilməməsindən, o cümlədən icranın gecikdirilməsindən söhbət gedə bilməz. Çünki, müqavilə üzrə öhdəliklərin icra edilməsində gecikmələr, habelə lazımınca icra edilməmələr mərhum borclu Bəhrəm Allahverdiyevin hərəkətləri ilə birbaşa səbəbli əlaqədə olmamış, habelə iddia ərizəsində ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaitin 17 avqust 2021-ci il tarixdən borclu tərəfindən qaytarılmadığı qeyd olunsa da, bu gecikmə onun iradəsindən kənar olan təbii halla, yəni iki gün sonrakı ölümü ilə bağlı olmuşdur ki, bu zaman da mərhumun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin lazımınca icra edilməməsi ilə əlaqədar məsuliyyətinin yaranması istisna edilir. Bundan əlavə, Allahverdiyev Bəhrəm Saat oğlu 19 avqust 2021-ci il tarixdə öldüyü andan miras açıldığından, habelə onun qəbulu məsələsi müəyyən vaxt tələb etdiyindən bu vaxtın özü də gələcək vərəsələr üçün mərhumun müqavilədən irəli gələn öhdəliyinin lazımınca icra edilməməsinə görə məsuliyyətlərinin yaranmasını istisna edir. Beləliklə, mərhum borclu öldüyünə görə onun, eləcə də vərəsəsi olan cavabdehin öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımadığı aşkardır və iddiaçı bankın qeyd olunan əsaslardan çıxış edib cavabdehdən cərimə tutulmasını tələb etməsi mülki qanunvericiliyin tələblərinə zidd olmaqla, yanaşı tələbin bu hissədə təmin edilməsi mümkünlüyünü aradan qaldırır. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, mərhum Allahverdiyev Bəhrəm Saat oğlunun "xxxx" QSC ilə bağlamış olduğu 06 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9414,34 manat əsas, 167,37 manat faiz olmaqla, cəmi 9581,71 manat borcu qalmış və onun qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişdir. Bununla belə, Cavabdeh tərəfindən qəbul edilən miras əmlakı (miras aktivi) 5712,96 manat təşkil etmişdir ki, bu zaman ödənilməli borc yalnız həmin məbləğ həcmində məhdudlaşmalı və o, bu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul xərclərin, faizin və əsas məbləğin ödənilməsinə yönəldilməlidir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə miras aktivini təşkil edən 5712,96 manat puldan 5448,76 manat əsas, 167,37 manat faiz olmaqla, cəmi 5616,13 (beş min altı yüz on altı manat 13 qəpik) manat borc, həmçinin ödənilmiş 130,54 manat dövlət rüsumunun 42%-i, yəni 54,83 (əlli dörd manat 83 qəpik) manatı tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 58 %-i, yəni 58 (əlli səkkiz) manatı iddiaçı "xxxx" QSC-dən, 42%-i, yəni 42 (qırx iki) (miras aktivini təşkil edən 5712,96 manatın üzərindən) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə miras aktivini təşkil edən 5712,96 manat puldan 5448,76 manat əsas, 167,37 manat faiz olmaqla, cəmi 5616,13 (beş min altı yüz on altı manat 13 qəpik) manat borc, həmçinin ödənilmiş 130,54 manat dövlət rüsumunun 42%-i, yəni 54,83 (əlli dörd manat 83 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 58 %-i, yəni 58 (əlli səkkiz) manatı iddiaçı "xxxx" QSC-dən, 42%-i, yəni 42 (qırx iki) (miras aktivini təşkil edən 5712,96 manatın üzərindən) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar