Məhkəmə qərarları › İş №e-2(059)-475/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-475/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-475/2025 21.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı MMQBT-nın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Cavabdeh3 İddiaçı MMQBT ilə xx.xx.2024-cü il tarixdə bağladığı **********0941 saylı kredit müqaviləsinə əsasən, əsasən bank cavabdehə ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 30 ay müddətinə, illik 25% ödəmək şərtilə 7000 manat məbləğində kredit vermiş, kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin hazırda cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsini vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi İddiaçı MMQBT cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə 5130 manat əsas, 1196,30 manat faiz, 384,45 manat cərimə borcu olmaqla, cəmi 6710,75 manat borcun və ödənilmiş 87,11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı MMQBT ilə xx.xx.2024-cü il tarixdə bağladığı **********0941 saylı kredit müqaviləsinə əsasən, əsasən bank cavabdehə ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 30 ay müddətinə, illik 25% ödəmək şərtilə 7000 manat məbləğində kredit vermiş, habelə ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 318 manat, sonuncu ay isə 295 manat ödəməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni kredit kartına köçürülməklə təqdim edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Lakin hazırda cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 16 iyul 2025-ci il tarixdə iddiaçı bank Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə 4562,75 manat əsas, 548 manat faiz borcu olmaqla, cəmi 5110,75 manat borcun və ödənilmiş 87,11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək bankdan həqiqətən də pul götürdüyünü, iddia ərizəsində qeyd olunan məbləğlərlə razı olduğunu, lakin iddia ərizəsi məhkəməyə verildikdən sonra gecikmə üzrə ödənişlərini etdiyini bildirib, borcu yenidən cədvəl üzrə ödəməyə razı olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək kredit müqaviləsi üzrə Cavabdeh3 zamin durduğunu, lakin onun tərəfindən ödəniş edilmədiyini bildirmiş, hazırda qrafik üzrə gecikdirilmiş bütün məbləğləri ödədiklərini göstərmişdir. Ötən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək Cavabdeh1 iddia tələbini qəbul edərək kredit müqaviləsi üzrə Cavabdeh3 zamin durduğunu, lakin onun tərəfindən ödəniş edilmədiyini bildirmiş, hazırda qrafik üzrə gecikdirilmiş bütün məbləğləri ödədiklərini göstərmiş, qalan məbləğin hissə-hissə ödənilməsində onlara köməklik göstərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

Mülki Prosessual Məcəllə

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını cavabdehlərin izahatları ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan 16 yanvar 2024-cü il tarixli, **********0941 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı Cavabdeh3 30 ay müddətinə, illik 25% dərəcəsi olmaqla, 7000 manat məbləğində kredit vermişdir. İşdə olan “FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müvafiq olaraq 16 yanvar 2024-cü il tarixli **********0941- 857723 saylı və **********0***-******* saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər 16 yanvar 2024-cü il tarixli, **********0941 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə onunla birgə kredit verən qarşısında məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İşdə olan 16 yanvar 2024-cü il tarixli fincard kreditvermə qəbzinin surətindən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı Cavabdeh3 231 manat komisyon haqqı tutduqdan sonra 6769 manat pul ödəmişdir. İşdə olan "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı tərəfindən tərtib edilmiş 16 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 4562,75 manat əsas, 548 manat faiz borcu olmaqla, cəmi 5110,75 manat borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəmə təqdim edərək cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə borcunun yarandığını sübut etmiş, məhkəmə icraatının gedişində cavabdehlər tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla iddia tələbinin həcmi azaldılaraq yeni maliyyə arayışı təqdim edilmiş, məhkəmə iclasında iştirak edən cavabdehlər 16 iyul 2025-ci il tarixli maliyyə arayışında göstərilən məbləğlərlə razılaşmışlar. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 01 may 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMQBT məhkəməyə müraciət edərkən 87,11 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddia tələbinin həcminin azaldılmasına dair ərizədə göstərilən qaydada təmin edildiyi üçün iddiaçı bank tərəfindən ödənilmiş və iddia tələbində göstərilən 87,11 manat məhkəmə xərcinin iddia tələbinin azaldılmış həcminə mütənasib olaraq 76 % hissəsi, yəni 66,20 manatı cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı MMQBT-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4562,75 manat əsas, 548 manat faiz borcu olmaqla, cəmi 5110,75 manat borc və ödənilmiş 87,11 manat dövlət rüsumunun 76 %-i, yəni 66,20 manatı tutularaq İddiaçı MMQBT-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4562,75 manat əsas, 548 manat faiz borcu olmaqla, cəmi 5110,75 (beş min yüz on manat yetmiş beş qəpik) manat borc və ödənilmiş 87,11 manat dövlət rüsumunun 76 %-i, yəni 66,20 (altmış altı manat iyirmi qəpik) manatı tutularaq İddiaçı MMQBT-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar