Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-48/2023 06.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə yaranmış əsas borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə yaranmış əsas borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 687,16 ABŞ dolları əsas borcun və ödənilmiş 32 manat dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum Alxasov Zakir Bəyəhməd oğlu ilə "xxxx" ASC arasında bağlanmış 03 fevral 2015-ci il tarixli kredit sazişinə əsasən bank mərhuma sağlığında 15 ay müddətinə, illik 29% olmaqla 1500 ABŞ dolları məbləğində kredit vermişdir. Digər Cavabdeh4 həmin kredit sazişinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək, bu sazişdən irəli gələn öhdəliklərin icrası üçün zamin durmuşdur. Bundan sonra, 07 noyabr 2015-ci il tarixdə borclu Zakir Alxasov ölmüşdür. Eyni zamanda, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X1un qanun üzrə vərəsələri olmaqla, yanaşı mərhumdan vərəsələrinə Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,024 ha olan torpaq sahəsi miras qalmışdır. Bundan başqa, X1un banka 687,16 ABŞ dolları əsas borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mərhum atası Alxasov Zakir Bəyəhməd oğlu kredit müqaviləsi üzrə ikinci aya qədər olan borcu tam formada ödəmişdir. Belə ki, mərhum atası Zakir Alxasov digər Cavabdeh4 öncədən tanımasa da, adını bilmədiyi şəxs vasitəsilə tanımış, onu bir-iki dəfə görmüşdür. Mərhum atası Zakir Alxasov 1500 ABŞ dolları məbləğində krediti alsa da, həmin pul sonuncu ilə digər Cavabdeh4 ora gətirən şəxsin arasında bölünmüş, habelə atası özünə düşən hissə üzrə ödənişi etmişdir. Hətta, mərhum atası Zakir sağlığında ona kredit ödənişlərinin kim tərəfindən, necə ödəniləcəyi barədə də məlumat vermiş, həmçinin borcun mərhum atasının üzərinə düşən hissəsi, yəni 750 ABŞ dolları sonuncu tərəfindən tamamilə ödənilmişdir. Eyni zamanda Siyəzən şəhərində yerləşən 0,024 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik qaydasında hüquqları yaransa da, o, bu torpaq sahəsinin dəyəri olan 5000 manat pulu mərhum atasına ödəməklə, sonuncudan satın almışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, dəri istehsalı zavodunda qaynaqçı işləmiş mərhum Alxasov Zakir Bəyəhməd oğlunu ölməmişdən bir il əvvəl, həmin zavoddan mütəmadi dəri aldığı üçün sonuncunun müdiri Həşim adlı İran vətəndaşının sayəsində tanımış və münasibətləri yaranmışdır. Həmin dövrlərdə, Zakir Alxasovun avtomobil təmirinə görə pula ehtiyacı olduğundan sonuncunun və Həşim adlı İran vətəndaşının bankdan kredit götürmələrinə zərurət yaranmış, bu səbəbdən də Həşim adlı şəxs ondan Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün kreditin rəsmiləşdirilməsi zamanı onlara köməklik etməsini istəmişdir. Bundan sonra, 03 fevral 2015-ci il tarixdə o, Həşim adlı İran vətəndaşı və X1 banka getmiş, habelə sonuncu həmin gün oradan 1500 ABŞ dolları məbləğində kredit götürmüş, o, isə kartla əmək haqqı aldığına görə kredit sazişindən irəli gələn öhdəliklərin icrası üçün zamin durmuş, həmçinin oradan ayrılıb, avtomaşında əyləşərkən X1dan borcun vaxtlı-vaxtında ödənilməsini tələb etmişdir. Bu zaman Həşim adlı İran vətəndaşı narahat olmamasını ödənişləri edəcəklərini bildirmişdir. X1 həmin kredit məbləğini alsa da, sonradan pulun bir qismini Həşim adlı şəxsə verməsindən xəbəri olmamışdır. O, sözügedən saziş üzrə zamin olsa da, heç bir mənfəəti olmadığı üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, digər Cavabdeh1 məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilsə də, sonuncu qeydiyyatda olduğu ünvanda olmadığı üçün məhkəmə bildirişlərini ona təqdim etmək mümkün olmamış və bildirişlər aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməklə geri qaytarılmışdır. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən Cavabdeh3, bu Məcəllənin 147 və 185.5-ci maddələrinə əsasən isə digər Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 03 fevral 2015-ci il tarixli, ME/30575/49/10 nömrəli kredit sazişindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən mərhum Alxasov Zakir Bəyəhməd oğluna 15 ay müddətinə, illik 29% ödəmək şərti ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, Cavabdeh4 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu mərhum Alxasov Zakir Bəyəhməd oğlu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsini icra edən tərəfindən təsdiq edilmiş, 26 avqust 2016-cı il tarixdə reyestrdə 2V-56 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 07 noyabr 2015-ci il tarixdə ölmüş Alxasov Zakir Bəyəhməd oğlunun qanun üzrə vərəsələridir və onlar miras əmlakından pay almalıdır. Miras əmlakı isə ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi tərəfindən 23 avqust 2016 tarixdə Alxasov Zakir Bəyəhməd oğluna verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,024 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, mərhum Alxasov Zakir Bəyəhməd oğlunun Banka 687,16 ABŞ dolları əsas borcu vardır. İşdə olan 01 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Adı qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Alxasov Zakir Bəyəhməd oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Ancaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin, tərəflər arasında bağlanmış 03 fevral 2015-ci il tarixli kredit sazişinin ayrılmaz tərkib hissəsi olan İddiaçı ASC-nin müştərilərinə kreditləşdirmə və xidmət şərtlərinin 9.3-cü bəndinə əsasən kredit sazişləri, tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Öhdəliyin ölçüsü, icra müddəti və digər şərtləri kredit sazişlərində göstərilir. Bu mənada, işin faktiki hallarından və kredit sazişinin müddəalarından görünür ki, zaminlik müqaviləsi 03 fevral 2015-ci il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. Eyni zamanda, vərəsə cavabdehlər tərəfindən qəbul edilən miras əmlakın (miras aktivinin), yəni Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,024 ha olan torpaq sahəsi, hətta bu aktivin bir qisminin dəyəri iddia üzrə tələb edilən məbləğə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayət edir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından, eyni zamanda, vərəsə cavabdehlər tərəfindən qəbul edilən miras əmlakın (miras aktivinin), yəni Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,024 ha olan torpaq sahəsi, hətta bu aktivin bir qisminin dəyəri iddia üzrə tələb edilən məbləğə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayət etdiyindən iddia tələbinin Cavabdeh4 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Alxasov Zakir Bəyəhməd oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 03 fevral 2015-ci il tarixli kredit sazişi üzrə 687,16 ABŞ dolları əsas borcu qalmış və onun qanuni vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişlər. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 687,16 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə əsas borc və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 687,16 (altı yüz səksən yeddi ABŞ dolları 16 sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə əsas borc və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-48/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-48/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver