Məhkəmə qərarları › İş №e-2(059)-487/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-487/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-487/2022 26.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 27 iyul 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, həmin kredit müqaviləsinə əsasən cavabdehlərdən iddiaçı Bankın xeyrinə 8884,29 manat əsas, 644,24 manat faiz borcu olmaqla, cəmi 9528,53 manat məbləğində borcun və ödənilmiş 115,69 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla, 10000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 27 iyul 2021 -ci il tarixli kredit müqaviləsi bağlanmış, bu müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə həmin tarixdə Cavabdeh1 əsas borcluya zamin durmuş və borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 28 iyun 2022-ci il tarixinə əsas borcu 8884,29 manat, faiz borcu 644,24 manat olmaqla, cəmi 9528,53 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da, cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Beləliklə, əsas cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 27 iyul 2021-ci il tarixli, ******* saylı fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC Cavabdeh2 ev təmiri məqsədi ilə 36 ay müddətinə, illik 17% ödəmək şərti ilə 10 000 manat məbləğində kredit vermişdir. Həmin kreditin təminatı məqsədi ilə Cavabdeh1 ilə "xxxx" ASC arasında 27 iyul 2021ci il tarixdə 1046440/23702 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklər tam yerinə yetirilənədək borclu Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşdə olan 27 iyul 2021 il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh2 9900 manat ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışında qeyd olunur ki, Cavabdeh2 27 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 28 iyun 2022-ci il tarixinə "xxxx" ASCyə 8884,29 manat əsas, 644,24 manat faiz olmaqla, cəmi 9528,53 manat borcu var. İş materiallarına əlavə edilmiş 03 mart 2022-ci il tarixli, 07/08-928 nömrəli pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar iddiaçı bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 06 iyul 2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərkən 115,69 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hesab edilir ki, Cavabdeh2 üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsini tələb etməkdə haqlıdır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 27 iyul 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 (borc alan) öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 iyul 2021-ci il tarixli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 17% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla Cavabdeh1 arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə də öhdəliyi icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, cavabdehlərin banka əsas borc üzrə 8884,29 manat, faiz borcu üzrə 644,24 manat olmaqla, cəmi 9528,53 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 iyul 2021-ci il tarixli, ******* saylı fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi ləğv edilərək, cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 8884,29 manat əsas, 644,24 manat faiz borcu olmaqla, cəmi 9528,53 manat borc və 115,69 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 iyul 2021-ci il tarixli, ******* saylı fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 8884,29 manat əsas, 644,24 manat faiz borcu olmaqla, cəmi 9528,53 (doqquz min beş yüz iyirmi səkkiz manat 53 qəpik) manat məbləğində borc və ödənilmiş 115,69 (bir yüz on beş manat 69 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar