Məhkəmə qərarları › İş №e-2(059)-511/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-511/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-511/2025 25.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdehə ümumilikdə 5317 manat məbləğində borc pul vermiş, cavabdeh isə bugünə qədər borcunu qaytarmamışdır. Cavabdeh isə iddia tələbini qəbul edib iddiaçıya həqiqətən də pul borclu olduğunu qəbul etmişdir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 5317 manat məbləğində borc pul, ödənilmiş 74,37 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat xidmət haqqı olmaqla, cəmi 5511,37 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 2023-ci ildə qonşusunun vasitəçiyi ilə Cavabdeh rəhbərliyi altında birlikdə çörək sexində işləmişlər. İddiaçı işlədiyi dövrdə günü 15 AZN olmaqla əmək haqqı almışdır. Daha sonra Cavabdeh İddiaçı etibarından istifadə edərək onunla birlikdə ABB Bankdan İddiaçı adına 3200 AZN kredit götürmüşdür. İddiaçı götürdüyü krediti müdiri olan Cavabdeh borc olaraq vermiş və ayda 183 AZN olmaqla aylıq ödənişi ABB Banka köçürmüşdür. Cavabdeh yaranan borc və faiz məbləğindən (ümümulikdə 3660 AZN olmaqla) yalnız 513 AZN-ni, yəni 3 (üç) ayının ödənişini kəsirlə (natamam) ödəmişdir. Bir müddət sonra Cavabdeh guya polis orqanlarında yaranmış problemləri ilə əlaqədar yenidən İddiaçı əlavə olaraq 1070 AZN məbləğində pulu borc olaraq istəmişdir. İddiaçı ona etibar etdiyi üçün həmin məbləği (yəni 1070 AZN) cavabdehə vermişdir. Daha sonra Cavabdeh İddiaçı guya anasının vəfatını bildirərək ondan iki dəfə olmaqla 1050 AZN və 50 AZN pulu borc qismində almışdır. Əlavə olaraq isə 2023-cü ilin mart ayında 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Cavabdeh həyat yoldaşına Kontakt Home mağazalar şəbəkəsindən “Samsung” markalı telefonunu kreditlə alaraq hədiyyə etmək istədiyini İddiaçı bildirmiş, lakin digər kreditləri olduğu üçün İddiaçı qeyd olunan kreditin onun adına rəsmiləşdirməsini xahiş etmiş, aylıq ödənişini isə özü tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Həmin mobil telefonunun aylıq ödənişi 48 AZN təşkil etmişdir. İddiaçı dəfələrlə ona xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh qeyd olunan kredit borcunu ödəməmiş, iddiaçı isə məcburiyyət qarşısında qalaraq yaranmış kredit borcunu özü bağlamışdır. Qeyd olunan hadisələrdən sonra İddiaçı Cavabdeh yaranmış borcun qaytarılması məqsədilə dəfələrlə onunla əlaqə saxlamağa cəhd etsə də bu nəticə verməmişdir. Daha sonra İddiaçı Cavabdeh anasının vəfat etmədiyi ona məlum olmuş onunla görüşmüş, oğlu tərəfindən aldadıldığını bildirmiş və yaranan borcun qaytarılmasında ona köməklik etməyini istəmişdir. Cavabdehin anası Sədayət Orucova İddiaçı yaranmış borcun qaytarılacağını bildirərək ondan müəyyən vaxt istəmişdir. Lakin bütün bunlara baxmayaraq İddiaçı səyləri heç bir nəticə verməmişdir. Bundan sonra İddiaçı yaranmış borcun geri qaytarılması məqsədilə dəfələrlə polis orqanlarına, həmçinin Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci polis bölməsinə Cavabdeh şikayət etmiş, verilmiş şikayətlər heç bir nəticə verməmiş, İddiaçı məhkəmə qaydasında işə baxılması üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. Bir müddət sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən kreditlər iddiaçının pensiyasına yönəldilməklə odənilmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, ötən məhkəmə iclasından sonra cavabdeh tərəfindən ona olan borcdan 100 manat ödəniş edilmişdir. Odur ki, qeyd olunan halın nəzərə alınmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək və məhkəməyə ərizə təqdim edərək həqiqətən də iddiaçıdan 5317 manat məbləğində müxtəlif məqsədlər üçün borc aldığını, məşğul olduğu sahibkarlıq sahəsində ziyana düşdüyü və şəxsi ailə həyatında problemlər olduğu üçün borcunu vaxtında qaytara bilmədiyini, məhkəmə hazırlıq iclasından sonra iddiaçıya 100 manat ödəniş etdiyini göstərmiş, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını tərəflərin məhkəmə hazırlıq və baxış iclaslarında verdikləri izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 2023-cü il ərzində müxtəlif məqsədlər üçün 5317 manat məbləğində pul verdiyini (məhkəmə iclasında cavabdehin etirafı) sübut edə bilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı 2023-cü il ərzində Cavabdeh 5317 manat məbləğində borca pul verdiyini bildirsə də, məhkəmə Mülki Məcəllənin 01 oktyabr 2023-cü ildən qüvvədə olan 739-cu maddəsinin tələblərindən çıxış edərək qeyd edir ki, iddiaçının 2023-cü il ərzində cavabdehə 5317 manat borc verməsi, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, qanunla başqa hal müəyyən edildiyi halda, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa bu müqavilə yazılı formada bağlanmalı olsa da, tərəflər mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, aralarında pulun verilməsi ilə bağlı şifahi razılaşmışlar ki, bu da nəticədə onlar arasında şifahi olaraq bağlanılmış əqdin (müqavilənin) etibarsızlığına səbəb olmuşdur. Bununla belə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də, iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olunmuşdur ki, tərəflər bir-birini tanımış, daha sonra ehtiyacı olduğuna görə Cavabdeh İddiaçı 2023-cü il ərzində 5317 manat məbləğində pul almış, habelə sonuncu qeyd olunan məbləğin qaytarılmasını vəd etmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı hüquqi əsas olmadan 5317 manat məbləğində pulu qəbul etməklə, habelə sonuncudan bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, məhrum olanın, yəni iddiaçının hesabına əmlak əldə etdiyi vəsaiti qaytarmamışdır ki, bu da sonda cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Bundan əlavə, cavabdeh aldığı pulu etiraf edərək ondan cəmi 100 manat ödəniş etdiyini bildirmiş, bu hal iddiaçı tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 5317 manat puldan 5217 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğu və onun hesabına əsassız varlandığına görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia ödənilmiş 100 manat nəzərə alınmaqla qismən təmin edilməli, cavabdehdən 5217 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 23 may 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 74,37 manat dövlət rüsumu ödəmiş, həmçinin 120 manat vəkilə haqq ödəyərək cəmi 194,37 manat məhkəmə xərci çəkmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 74,37 manat məbləğində dövlət rüsumunun 98%-i, 72,88 manatı, həmçinin 120 manat vəkilə ödənilən haqq cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumunun qalıq hissəsi iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 5217 manat məbləğində pul, ödənilmiş 74,37 manat dövlət rüsumunun 98%-i, yəni 72,88 manatı, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat xidmət haqqı olmaqla, cəmi 5409,88 manat pul tutuluraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 5217 (beş min iki yüz on yeddi) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 74,37 manat dövlət rüsumunun 98%-i, yəni 72,88 (yetmiş iki manat səksən səkkiz qəpik) manat hissəsi və hüquqi yardım üçün vəkilə ödənilmiş 120 (bir yüz iyirmi) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalıq 1,49 (bir manat qırx doqquz qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar