Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-565/2022 30.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə üzrə 799,67 manat əsas, 120,25 manat faiz, 916,7 manat cərimə olmaqla, cəmi 1836,62 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən 62,56 manat əsas, 1,06 manat faiz, 13,28 manat cərimə olmaqla, cəmi 76,9 manat məbləğində borcun, həmçinin iddia tələbi üzrə ödənilmiş 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 fevral 2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 27 aprel 2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə razılıq ərizəsi imzalanmış, habelə borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Bundan əlavə, tərəflər arasında ÜŞT-yə əlavə olan 24 fevral 2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və cavabdehə 01 fevral 2022-ci il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla, 1000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin, cavabdeh həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 391 gün, eyni zamanda kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən gecikdirilmiş günlərin sayı 389 gün təşkil edir. Bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bununla da, cavabdehin iddiaçı banka fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə üzrə cəmi 1836,62 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən cəmi 76,9 manat borcu vardır. X2 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə, gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda, X1 Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa, ÜŞT-nin ödəniş kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaqdır. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi 25 avqust 2022-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında 24 fevral 2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 27 aprel 2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-26471İB/2021 saylı razılıq ərizəsi imzalanmış, habelə borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmiş, eyni zamanda tərəflər arasında bu şərtlərə əlavə olan 24 fevral 2021-ci il tarixli fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə imzalanmaqla, cavabdehə 01 fevral 2022-ci il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla, 1000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin, cavabdeh həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 391 gün, eyni zamanda 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən gecikdirilmiş günlərin sayı 389 gün təşkil edir. Beləliklə, cavabdehin iddiaçı banka fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə üzrə cəmi 1836,62 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən cəmi 76,9 manat borcu vardır. Bundan əlavə, iddiaçı bank məhkəməyə müraciət edərkən 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh Bank xidmətlərinin göstərilməsinə dair X1 27 aprel 2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-26471İB/2021 saylı razılıq ərizəsini, eləcə də X2 əlavə olan fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizələri öz riski ilə imzaladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X1 27 aprel 2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının 3.13-cü bəndinə əsasən birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. Bundan əlavə, Bank xidmətlərinin göstərilməsinə dair X1 27 aprel 2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının 2.11-ci bəndinə əsasən kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Məhkəmə, iddiaçının "fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə, eləcə də 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatı üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə üzrə cəmi 799,67 manat olan əsas borcuna münasibətdə 916,70 manat, kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatı üzrə cəmi 62,56 manat olan əsas borcuna münasibətdə 13,28 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 916,70 manat məbləğində hesablanmış cərimə məbləğinin 80 manat, 13,28 manat cərimə məbləğinin 6 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə üzrə 799,67 manat əsas, 120,25 manat faiz, 80 manat cərimə olmaqla, cəmi 999,92 manat, 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən 62,56 manat əsas, 1,06 manat faiz, 6 manat cərimə olmaqla, cəmi 69,62 manat məbləğində borc və ödənilmiş 40 manat dövlət rüsumunun 56%-i, yəni 22,40 manatı tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə üzrə 799,67 manat əsas, 120,25 manat faiz, 80 manat cərimə olmaqla, cəmi 999,92 (doqquz yüz doxsan doqquz manat 92 qəpik) manat, 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən 62,56 manat əsas, 1,06 manat faiz, 6 manat cərimə olmaqla, cəmi 69,62 (altmış doqquz manat 62 qəpik) manat məbləğində borc və ödənilmiş 40 manat dövlət rüsumunun 56%-i, yəni 22,40 (iyirmi iki manat 40 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-565/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-565/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver