Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-586/2022 10.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimə borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimə borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı ləğv prosesində olan Bankın xeyrinə 1137,38 manat əsas, 277,55 manat müqavilə müddəti üçün hesablanmış faiz, 931,10 manat cərimə, 173,96 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz, ümumilikdə 2519,99 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan QSC tərəfindən Cavabdeh illik 28%-lə 17 ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində sonuncunun ləğv prosesində olan QSC-yə ümumilikdə 2519,99 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən, o cümlədən əsas borca münasibətdə qəbul etdiyini bildirsə də, tələbi faiz və cərimə borcuna aid hissədə qəbul etmədiyini qeyd edərək, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə, Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarın surətindən görünür ki, QSC "Bank Standart" KB-nin müflis elan edilməklə onun ləğvedicisi qismində "Əmanətlərin Sığortalanması Fondu" təyin edilmişdir. İşdə olan 03 fevral 2020-ci il tarixli, SF-2273 saylı Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, 24 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1137,38 manat müəyyən edilməklə, yanaşı müqavilə üzrə faiz məbləği də hesablanmışdır. İşdə olan ləğv prosesində olan QSC "Bank Standard" KB tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 24 iyun 2015-ci il tarixli, 1xx/xx/113353/15/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh ləğv prosesində olan QSC "Bank Standard" KB-yə 18 noyabr 2019-cu il tarixə 1137,38 manat əsas, müqavilə müddəti üzrə 277,55 manat faiz, gecikdirilmiş vaxt üzrə 173,96 manat məbləğində faiz, cərimə üzrə 931,10 manat olmaqla, cəmi 2519,99 manat məbləğində borcu vardır. İşdə olan bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar ləğv prosesində olan QSC "Bank Standard" KB tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan ********* nömrəli qəbzdən müəyyən olunur ki, ləğv prosesində olan QSC "Bank Standard" KB iddia ərizəsinə ilk dəfə məhkəmədə baxılması üçün müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Bundan əlavə, işdə olan 10 oktyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan QSC "Bank Standard" KB iddia ərizəsinə məhkəmədə baxılması üçün 45,20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 28%-lə, 17 ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan QSC "Bank Standard" KB həmin məbləğdə pulu Cavabdeh verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka 1137,38 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 02 dekabr 2016-cı il tarixinə 277,55 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 173,96 manat faiz, cəmi 1588,89 manat borcu yaranmışdır. Bununla belə, məhkəmə iddianın cərimənin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi üzrə mülki hüquq münasibətləri olsa belə, iddiaçı, tələbinin cəriməyə aid hissəsini sübuta yetirə bilməmiş, o cümlədən bunu təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir ki, bu da, onun tələbinin qeyd olunan hissədə əsasının mövcud olmamasına dəlalət edir. Yəni, cərimənin ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı bir yazılı öhdəlik münasibətlərinin olması vacibdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin mövcudluğu zəruridir. Bu məqsədlə ləğv prosesində olan QSC “Bank Standard” KB-yə tərəflər arasında bağlanmış 24 iyun 2015-ci il tarixli kredit müqaviləsinin əslinin təqdim edilməsi təklif edilsə də, qeyd olunan, eləcə də iş üçün əhəmiyyətli digər sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən Siyəzən Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadı ilə hazırkı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin, sonradan təqdim edilməklə, iş materiallarına əlavə edilmiş Azərbaycan Kredit Bürosu MMC-nin çıxarışı ilə isə kreditin qalıq məbləğinin, eləcə də müqavilə üzrə faizlərin hesablanmasının təsbit edilməsinə baxmayaraq, cərimənin tutulması halının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin xeyrinə 1137,38 manat əsas, 277,55 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 173,96 manat faiz borcu olmaqla, cəmi 1588,89 manat borc tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması iddia ərizəsində göstərilsə də, həmin məbləğ Siyəzən Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılarkən iddiaçıya geri qaytarılmış, habelə bu məbləğ iddiaçının hesabına köçürülmüşdür. Lakin, sonradan ödənilmiş 45,20 manat dövlət rüsumunun cavabdehdən tələb edilməsinə dair iddiaçı tərəfdən məhkəməyə hər hansı bir əlavə ərizə təqdim olunmadığından qeyd olunan məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin xeyrinə 1137,38 manat əsas, 277,55 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 173,96 manat faiz borcu olmaqla, cəmi 1588,89 (bir min beş yüz səksən səkkiz manat 89 qəpik) manat borc tutulsun. İddia tələbi üzrə ödənilmiş 45,20 (qırx beş manat 20 qəpik) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-586/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-586/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver