Məhkəmə qərarları › İş №e-2(059)-616/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-616/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-616/2025 25.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixində 48 ay müddətinə qaytarılması şərtilə kredit müqaviləsi bağlanmış, müqavilənin müddəti 09 iyul 2015-ci il tarixli sazişlə ödənişin son tarixi 09 iyul 2020-ci il, habelə 13 iyul 2017-ci il tarixli əlavə sazişlə isə ödəniş son tarixli 13 iyul 2022-ci il müəyyən edilmişdir. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi ilə Cavabdeh2 13 iyul 2017-ci il tarixli Əlavə Saziş müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəlikləri üzrə bank qarşısında zamin durmuşdur. Hazırda iddiaçı kredit və zaminlik müqavilələri üzrə cavabdehlərdən borcun tutulmasını tələb edir, Cavabdeh1 nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 iş üzrə iştirakına xitam verilməsini xahiş edir. İddia tələbi İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dolları borcun və 183,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinə 09 iyul 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 11665,13 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunur. Daha sonra, həmin Kredit müqaviləsinə 13 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış, habelə Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 12900,15 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-7465/2025 saylı, xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə borcu 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dolları təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil zaminin öhdəliyinə xitam verilməsi barədə 11 noyabr 2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu istehlak krediti müqaviləsindən əmələ gələn öhdəlik üzrə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dolları borcun və 183,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində də göstərildiyi kimi, iddiaçı LPO “Dəmirbank" ASC ilə Cavabdeh1 arasında xx.xx.2025-ci ıl tarixdə illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 12600 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə düşən öhdəliklərini bir müddət icra etsə də, 2015-ci ildə dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı ölkəmizdə baş vermiş 2 dəfə ardıcıl devalvasiya nəticəsində şəxsin maddi durumunda əhəmiyyətli dərəcədə sarsılma baş vermiş və ABŞ dolları ilə götürdüyü istehlak krediti üzrə ödəmə qabiliyyəti zəifləmiş, bunun da nəticəsində, iddiaçıdan ABŞ dolları ilə borc aldığı pul vəsaitini qaytara bilməmiş və bank qarşısında vaxtı keçmiş kredit üzrə öhdəliklərinin artmasına, faiz və cərimə borcunun hesablanmasına səbəb olmuşdur. Daha sonra tərəflər arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən, həmin kredit müqaviləsinə 13 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 12900,15 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanmış 13 iyul 2017-ci il tarixli Əlavə sazişə əsasən, borcalan əsas öhdəliyinin təminatı kimi kreditor ilə Cavabdeh2 arasında 13 iyul 2017-ci il tarixində 280010820/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5-ci bəndi zaminliyə xitam verilməsi qaydasını tənzimləyir. Həmçinin, müqavilənin 5.1.1-ci bəndinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, müqavilənin 5.1.2-ci bəndində əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, müqavilənin 5.1.3-cü bəndində əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, müqavilənin 5.1.4-cü bəndində əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin etmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, iddiaçı bank ilə Cavabdeh2 arasında 13 iyul 2017-ci il tarixdə bağlanmış 280010820/ZM nömrəli zaminlik müqaviləsinin müddəti bitdiyinə görə, həmçinin həmin müqavilənin 5.1.4-cü yarımbəndindən çıxış edərək zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun, yəni LPO İddiaçı ASC-nin zaminə qarşı iddia sürmədiyi nəzərə alaraq, həmin sazişin qüvvədən düşmüş hesab edilərək öhdəliyinə xitam verildiyini, bundan başqa işdə cavabdeh tərəf kimi göstərilən Cavabdeh2 baxılan iş üzrə iştirakına xitam verilməsi və əsl Cavabdeh1 ilə məhkəmə icraatının davam etdirilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, Cavabdeh1 14 yanvar 2015-ci il tarixdə iddiaçı bankdan istehlak krediti əldə etmiş, lakin sonuncunun maddi vəziyyəti ağırlaşdığı, həmçinin həmin vaxt iki dəfə devalvasiya olması səbəbindən aylıq ödənişlərini vaxtında icra edə bilməmişdir. Bundan sonra, iddiaçı bankla Cavabdeh1 arasında əlavə saziş müqavilələri bağlanmış, həmçinin sonuncu müqavilədən sonra cavabdeh kreditin aylıq ödənişlərini manatla icra etmişdir. Bununla yanaşı, X1 Əliyevin 2019-ci ilin imzaladığı fərmana əsasən kreditora qarşı güzəştlər nəzərdə tutulsa da, bu güzəştlər Cavabdeh1 münasibətdə tətbiq olunmamış, habelə sonuncu tərəfindən bununla bağlı nə iddiaçı banka, nə də ki, məhkəməyə müraciət olunmamışdır. Bundan əlavə, iddiaçı bankla Cavabdeh2 arasında digər Cavabdeh1 kredit öhdəliyi üçün zaminlik müqaviləsi bağlansa da, Cavabdeh2 kredit yolu ilə əldə edilmiş pulun istifadəsində iştirak etməmişdir. Ona görə də, Cavabdeh2 zaminliyinə xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin:

739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Mülki Prosessual Məcəllə

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını Cavabdeh1 nümayəndəsinin və vəkilinin vəsatəti ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 20% ödəmək şərti ilə 12600 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 09 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən tərəflər arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclunun 11665,13 ABŞ dolları kreditinin qalıq məbləği 09 iyul 2020-ci il tarixədək uzadılmışdır. İşdə olan 13 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əlavə sazişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən tərəflər arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclunun 12900,15 ABŞ dolları kreditinin qalıq məbləği illik 8% təşkil etməklə xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda, ********* saylı 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə (02 saylı xx.xx.2017-ci il tarixli əlavə saziş) əsasən bankdan kredit qalığın borcalan tərəfindən kreditor qarşısında öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 13 iyul 2017-ci il tarixdə ********* nömrəli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin və ya zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 14 yanvar 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh1 12600 ABŞ dolları ödəmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin 07 may 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 14 yanvar 2015-ci il tarixli müqavilə üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dollar borcu vardır. İşdə olan 07 may 2025-ci il tarixli, 12-5/2-M-41-7465/2025 saylı bildiriş məktubunun surətindən görünür ki, 05 may 2025-ci il tarixə 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18315,20 ABŞ dolları borcla əlaqədar ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixində 48 ay müddətinə qaytarılması şərtilə kredit müqaviləsi bağlanmış, müqavilənin müddəti 09 iyul 2015-ci il tarixli sazişlə ödənişin son tarixi 09 iyul 2020-ci il, habelə 13 iyul 2017-ci il tarixli əlavə sazişlə isə ödəniş son tarixli 13 iyul 2022-ci il müəyyən edilmişdir. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi ilə Cavabdeh2 13 iyul 2017-ci il tarixli Əlavə Saziş müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəlikləri üzrə bank qarşısında zamin durmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC isə cavabdehlərə qarşı “kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsi tələbi ilə əvvəlcə xx.xx.2025ci ildə onlara bildiriş xəbərdarlıq məktubu göndərmiş, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cavabdeh-zamin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 477.0.4 maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması zaminliyə xitam verilməsi hallarından biridir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017ci il tarixdə zaminlik müqaviləsinin 5.1.4-cü maddəsindən görünür ki, zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminliklə təmin edilmiş öhdəliyin icra vaxtı xx.xx.2022-ci ildə çatdığı halda kreditor zaminə qarşı hər hansı iddia irəli sürməmiş, yəni bank zaminə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüquqdan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bu hal bilavasitə qanundan irəli gəldiyi, həmçinin zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla və müqavilə ilə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməli, iddia tələbi bu hissədə rədd edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəmə təqdim edərək Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun yarandığını sübut etmişdir. Bununla belə məhkəmə cavabdehdən tutulmalı məbləğlər üzrə əsas və faiz borcunu əsaslı hesab etsə də, cərimə borcu hissədə tələb edilən 5039,02 ABŞ dolları məbləğin ağılabatan məbləğ olmadığı qənaətinə gələrək həmin məbləğin 500 ABŞ dolları müəyyən edilməsini ədalətli hesab edir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 10 iyul 2025-ci il tarixli qəbzin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət edərkən 183,41 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 183,41 manat məbləğində dövlət rüsumunun 75 faizi, yəni 137,56 manatı Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, qalan 45,85 manatı isə iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi"nə dair iddia tələbi cavabdeh-zamin Cavabdeh2 münasibətdə rədd edilməli, iddia tələbi cavabdeh-əsas borclu Cavabdeh1 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13776,18 ABŞ dolları məbləğində borc ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 183,41 manat məbləğində dövlət rüsumunun 75 faizi, yəni 137,56 manatı Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, qalan 45,85 manatı isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi"nə dair iddia tələbi cavabdeh-zamin Cavabdeh2 münasibətdə rədd edilsin. İddia tələbi cavabdeh-əsas borclu Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Cavabdeh1 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1303,02 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13776,18 (on üç min yeddi yüz yetmiş altı ABŞ dolları on səkkiz sent) ABŞ dolları məbləğində borc ödəniş gününə ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnə nisbətində tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 183,41 manat məbləğində dövlət rüsumunun 75 faizi, yəni 137,56 (bir yüz otuz yeddi manat əlli altı qəpik) manatı Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin, qalan 45,85 (qırx beş manat səksən beş qəpik) manatı isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar