Məhkəmə qərarları › İş №e-2(059)-647/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-647/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-647/2023 26.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı kredit təşkilatının xeyrinə 1371 manat əsas, 116,29 manat faiz, 402,98 manat cərimə olmaqla, cəmi 1890,27 manat borcun və 38,91 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Kredit Təşkilatı ilə cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh2 istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 4500 manat məbləğində kredit vermiş, habelə ödəniş cədvəlinə əsasən sonuncunun hər ay 248 manat ödəməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni kredit kartına köçürülməklə təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqavilələri ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin təminatçısı olmuşlar. Beləliklə, borcalan əsas borc məbləğini faizləri ilə qaytarmağı öhdəsinə götürsə də, Cavabdeh2 müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə, onun banka kredit müqaviləsi üzrə cəmi 1890,27 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddia ərizəsini və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəklərinin izah edilməsinə dair bildirişlər cavabdehlərin qeydiyyatda olduğu ünvanlara göndərilməsinə, habelə Cavabdeh2 həmin bildirişi 29 sentyabr 2023-cü il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə, qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə sonuncunun etirazı daxil olmamışdır. Bundan əlavə, digər cavabdehlərə göndərilmiş bildiriş vərəqələrini təqdim etmək mümkün olmadığından həmin bildiriş vərəqələri aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən 04 oktyabr 2023-cü il tarixdə təsdiq edilməklə geri qaytarılmışdır. Bununla belə, 20 oktyabr 2023-cü il tarixdə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadələrində olan mobil nömrələrə dəfələrlə zəng edilməsinə baxmayaraq, əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı Kredit Təşkilatı ilə cavabdeh arasında bağlanmış 07 oktyabr 2021ci il tarixli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh2 istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 4500 manat məbləğində kredit vermiş, habelə ödəniş cədvəlinə əsasən sonuncunun hər ay 248 manat ödəməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni kredit kartına köçürülməklə təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqavilələri ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin təminatçısı olmuşlar. Beləliklə, borcalan əsas borc məbləğini faizləri ilə qaytarmağı öhdəsinə götürsə də, Cavabdeh2 müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə onun banka kredit müqaviləsi üzrə 1371 manat əsas, 116,29 manat faiz, 402,98 manat cərimə olmaqla, cəmi 1890,27 manat borcu yaranmış, həmçinin, İddiaçı X1 Bank Kredit Təşkilatı məhkəməyə müraciət edərkən 38,91 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 07 oktyabr 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-cı maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, cavabdeh Nəcəfov Emin Akif oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminliyin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 əsas borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə iddiaçı bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 5.1-ci bəndinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı vaxtında yerinə yetirməyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, Kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Məhkəmə, iddiaçının "kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının 1371 manat olan əsas kredit borcu üzrə 402,98 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 402,98 manat məbləğində hesablanmış cərimə məbləğinin 137 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə müştərək qaydada 1371 manat əsas, 116,29 manat faiz, 137 manat cərimə olmaqla, cəmi 1624,29 manat borc və 38,91 manat dövlət rüsumunun 86%-i, yəni 33,46 manatı tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə müştərək qaydada 1371 manat əsas, 116,29 manat faiz, 137 manat cərimə olmaqla, cəmi 1624,29 (bir min altı yüz iyirmi dörd manat 29 qəpik) manat borc və 38,91 manat dövlət rüsumunun 86%-i, yəni 33,46 (otuz üç manat 46 qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar